Şrift:
Əli Həsənov: Cəmiyyətdə baş verən və ümummili mahiyyət kəsb edən məsələlər gündəmə gəlirsə, iqtidarla müxalifətin görüşünə ehtiyac yaranır
15.05.2015 [11:31] - Xəbərlər, Siyasi partiyalar
“Bu gün Azərbaycan cəmiyyətini daha çox maraqlandıran, daha çox onun gündəmində dayanan məsələ Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsidir”. Bu barədə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün keçirilən iqtidar-müxalifət görüşündə deyib.

Ə.Həsənov qeyd edib ki, istər hakimiyyət olsun, istər digər siyasi partiyalar olsun, bütün tərəflər Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsidir: “Azərbaycan cəmiyyətində baş verən və ümummilli mahiyyət kəsb edən məsələlər gündəmə gəlirsə, əlbəttə, orada iqtidarla müxalifətin görüşünə ehtiyac yaranır. Bu məsələlər ətrafında fikir mübadiləsinin aparılması, siyasi partiyaların bununla bağlı fikirlərini dinləmək, hakimiyyətin siyasəti ilə onun uyğunlaşdırılması, uzlaşdırılması məsələlərinə baxılması üçün bundan sonra qəbul olunan qərarların optimal olmasına çalışacağıq”.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan hökumətinə siyasi partiyalardan bəzi təkliflər daxil olub: “Biz Administrasiyada bu təklifləri saf-çürük etdik. Təkliflərin hansının bu günkü görüşün gündəminə çıxarılması məsələsini müzakirə etdik. Faktiki olaraq deyim ki, hamının marağını kəsb edəcək və bugünki Azərbaycan cəmiyyəti üçün aktual olacaq ciddi bir təklif daxil olmayıb. Yeganə təklif “Azadlıq-2015” blokun adından daxil olub. Azərbaycanda qarşıdan gələn seçkilərlə əlaqədar seçki islahatları və siyasi partiyaların seçkilərdə iştirakı ilə bağlı bir ümumiləşmiş təklif daxil olub”.

Ə.Həsənov bildirib ki, bu gün Azərbaycan cəmiyyətini daha çox maraqlandıran Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi, bu Oyunlara daxildə və xaricdə münasibətdir: "Hesab edirik ki, cəmiyyətin siyasi institutları da bu məsələnin müzakirəsindən kənarda qalmamalıdır”.

Ə.Həsənov görüşdə siyasi partiyaları maraqlandıran cari məsələlərin də müzakirəyə çıxarılmasını təklif edib: “Siyasi partiyalar görüşün gedişində konkret məsələlərin müzakirəsini təklif edə bilər. Biz, ümumiyyətlə, gələcək görüşlərdə cari məsələləri ikinci məsələ kimi gündəliyə salmağı təklif edirik”.

Qeyd edək ki, görüşdə iqtidar tərəfini Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüsenyn Kazımlı təmsil edir.

Müxalifəti isə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, "Ümid" Partiyasının sədri İqbal Ağazadə, "Vəhdət" Partiyasının sədri Tahir Kərimli, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Cəbhəsi Partiyası (BAXCP) baş katibi Zöhrab Abdullayev, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, "Ədalət" Partiyasının sədri İlyas İsmayılov, Azərbaycan Sosial Demokratlar Partiyasının (ASDP) sədri Araz Əlizadə, "Azadlıq" Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə, "Aydınlar" Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev təmsil edir.

Əli Həsənovun giriş nitqindən sonra görüş mətbuatın iştirakı olmadan davam etdirilib.
Bu xəbər oxucular tərəfindən 1061 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed