Şrift:
Azərbaycanda narkotiklərin hansı növlərindən istifadə olunur? – DİN-in statistikası
14.01.2012 [20:07] - Xəbərlər
DAVAM.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində 2011-ci il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov əməliyyat müşavirəsində bildirib ki, dünyada ən ağır cinayətlər sayılan, transmilli xarakter daşıyan terrorçuluq, insan, silah-sursat alveri, qaçaqmalçılıq və sair bu kimi beynəlxalq miqyaslı cinayətlərin heç biri xalq üçün, cəmiyyət üçün narkotiklər qədər ağır zərər verə, ağır fəsadlara, nəticələrə səbəb ola bilməz. Nazir xatırladıb ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyəti 2011-ci il aprelin 5-də Nazirliyin Kollegiya iclasında geniş müzakirə olunmuş, bu sahədə xidməti fəaliyyəti DİN-in normativ hüquqi aktlarının tələbləri səviyyəsində qurmamış bir sıra ərazi polis orqanlarının vəzifəli şəxsləri və digər əməkdaşları barədə təşkilati-intizam tədbirləri görülüb, habelə işdə dönüş yaradılması üçün konkret tədbirlər müəyyən edilərək icraya yönəldilib. Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində görülmüş işlərin nəticələrinə dair geniş məruzə ilə çıxış edib. O, deyib ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə bağlı olan 2636 cinayət faktı aşkar edilib ki, onlardan da 817-i narkotik vasitələrin qanunsuz satışı, 1694-ü qanunsuz olaraq narkotik vasitələrin əldə edilib saxlanılması və 111-i narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı olub. Cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərdən 557 kiloqramdan çox  müxtəlif növ narkotik vasitələr, o cümlədən 298,8 kiloqram marixuana, 164,8 kq həşiş, 52,3 kiloqram heroin, 14,1 koloqram tiryək, 1,5 kiloqram psixotrop maddələr və prekursorlar, 106,7 qram metadon, 27,1 kiloqram  digər narkotik vasitələr aşkar olunaraq götürülüb. Bununla belə, 19 fakt üzrə 28,6 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikamıza gətirilməsinin qarşısı alınıb. Narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb olunmuş 22 xarici ölkə vətəndaşından 53,9 kiloqram müxtəlif növ narkotik vasitə aşkar olunub götürülüb. Hesabat dövründə qanunsuz dövriyyədən qrup şəkilində törədilmiş 106 cinayət faktı üzrə 136 kiloqramdan çox  müxtəlif növ narkotik vasitələr çıxarılıb, ümumi şəkisi 366,7 ton narkotik tərkibli bitkilər yaşıl kütlə halında məhv edilib. 19 fakt üzrə 28,6 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilməsinin qarşısı alınıb. Narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb olunmuş 22 xarici ölkə vətəndaşından 54 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə aşkar olunaraq götürülüb.  Məruzəçi öz çıxışında xidməti fəaliyyətdə yol verilmiş bir sıra nöqsan və çatışmazlıqlara da toxunub, onların aradan qaldırılması üçün lazımi tədbirlərin görüləcəyini bildirib.  Nazir Ramil Usubov əməliyyat müşavirəsinə yekun vuraraq, tapşırıq və tövsiyələrini verib. O, qeyd edib ki, Baş İdarənin struktur qurumları arasında qarşılıqlı əlaqələrin qurulması, əməkdaşların professionallığının, tapşırılan sahəyə cavabdehliynin artırılması, tələbkarlıq və nəzarətin daha da gücləndirilməsi diqqət mərkəzində saxlanılıb. Eyni zamanda ölkə ərazisindən tranzit kimi istifadə edilməsi, dövlətlərarası əlaqələri olan narkobiznes iştirakçıları barədə əməliyyat məlumatlarının əldə edilməsi, belə şəxslərin ifşa olunması üçün ixtisaslı əməliyyat tədbirləri hazırlanıb həyata keçirilməlidir. Qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalamış dövlətlərin müvafiq qurumları ilə informasiya mübadiləsinin daha səmərəli qurulmasının, bu yönümdə işin təşkilində dünya təcrübəsindən, beynəlxalq tədbirlərdə qəbul olunmuş qərarlardan, verilən tövsiyələrdən geniş istifadə edilməsinin vacibliyi vurğulanıb.  Nazir qarşıda duran vəzifələrdən danışarkən yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə ərazi polis orqanları və aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birgə narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, onun doğurduğu təhdidlər və zərərli nəticələri barədə aparılan maarifləndirmə işlərinin davamlı surətdə həyata keçirilməsinin zəruriliyini də qeyd edib.
Bu xəbər oxucular tərəfindən 1123 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed