Şrift:
Azərbaycanı GMO məhsulları bürüyüb
16.01.2012 [09:14] - Gündəm
Eyyub Hüseynov: “Azərbaycanda satılan qarpızların 90 faizi, pomidorların 90 faizi, kartofların 50 faizi, çuğundurların böyük hissəsi, soyanın 98 faizi GMO məhsullarıdır”

Uzun müddətdir ki, Azərbaycanda genetik motifikasiya olunmuş (GMO) məhsullar var. Artıq Azərbaycanda bir çox bitki və məhsulların kökü kəsilmək üzrədir. Səbəb həmin bitkilərin GMO məhsuluna çevrilməsidir. Bitkilərin tərkibinə müəyyən yollarla heyvan geni yeridilməsi və bu məhsuldan insanların istifadəsi olduqca təhlükəlidir. Bu barədə Azərbaycan mətbuatında kifayət qədər yazılar yazılıb, ekspertlər həyəcan təbili çalır. Amma problemin qarşısını almaq hələ də mümkün olmayıb. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bu məsələdən narahatdır. GMO məhsullarının ilk olaraq Amerika Birləşmiş Ştatlarında yetişdirildiyini deyən təşkilat sədri bu məsələ ilə bağlı ciddi araşdırma da apardığını deyir: “GMO bitkiçiliyi və heyvandarlığının təməli 1972-ci ildə ABŞ-ın “Mansata” şirkəti tərəfindən qoyulub. Mən həmin şirkətdə çalışmış və GMO üzrə professor olan şəxslə görüşüb onun fikirlərini dinləmişəm. 1972-ci ildən sonra bu mallarvə bitkiçilik dünyada sürətlə irəliləyir və bu irəliləmənin arxasında böyük pullar, böyük qüvvələr, hətta bizdə olan məlumata görə Ümumdünya Ticarət Təşkilatı (ÜTT) dayanır. Mən bu barədə ÜTT-nin ekspertləri ilə də dəfələrlə görüşmüşəm. Onlar deyirlər ki, ÜTT satan təşkilatdır və qurum nə olsa satacaq. 2007-ci ildə Azərbaycanda “Ekoloji kənd təsərrüfatı haqqında” qanun qəbul ediləndə də ÜTT-nin dəsti-xətti göründü. Azad İstehlakçılar Birliyi çalışırdı ki, GMO mallarının Azərbaycana gətirilməsi, satışı həmin qanunla qadağa qoyulsun. Lakin qanunla GMO məhsullarının Azərbaycana gətirilməsinə “yaşıl işıq” yandırıldı”. 


Qaçqınlara yardım adıyla Azərbaycana GMO toxumları gətirilib

Eyyub Hüseynov deyir ki, Azərbaycan uzun müddət qaçqın problemi yaşadığından, beynəlxalq qaydalara görə Azərbaycana gətirilən humanitar yardımlar burada yoxlanılmır. Ona görə də qaçqınlara paylamaq üçün Azərbaycana külli miqdarda GMO toxumçuluq gətirilib. Buna görə də Azərbaycanda GMO əkinçilik mövcuddur. 1999-cu ildə Gürcüstandan Azərbaycana qalerela böcəklərinə davamlı kartof keçiriləndə biz etiraz etdik və bu prosesin qarşısını aldıq. Lakin, ondan sonra Azərbaycana külli miqdarda GMO kartof, kartof toxumu, çuğundur toxumu və sair bitkilər gətirilib. Bu gün Azərbaycanda satılan qarpızların 90 faizi, pomidorların 90 faizi, kartofların 50 faizi, çuğundurların böyük hissəsi, soyanın 98 faizi GMO məhsullarıdır: “Bununla bağlı biz bir çox xarici ekspertlərlə bu barədə mübahisələr etmişik. Onlar deyirlər ki, guya bu üsulla onlar insanları aclıqdan xilas edirlər. Əslində GMO məhsullarından aclıq olan ölkələr yararlanmalıdır. Azərbaycanın böyük əkinçilik potensialı, əməksevər insanları var. Hazırda Azərbaycanda təxminən 1 milyard tondan çox təbii gübrə istifadə olunmamış qalıb. “Mansata” şirkətinin təchizatında heyvan genləri bitki genlərinə köçürülür, quraqlığa, alaq otlarına, həşaratlara davamlı bitki növləri yetişdirilir. Həmin bitki növləri ətraf mühitin biomüxtəlifliyini pozur, digər bitkiləri sradan çıxarır. 3 il əvvəl mən Sabirabadda GMO qarpızı ilə yerli qarpızı bir ləkdə əkdim. Yetişən vaxt gördüm ki GMO qarpızı tozlanmada yerli qarpızı sıradan çıxarıb. Bu gün istiyə-soyuğa dözümlü olan, mal görünüşünü saxlayan, ilk baxışda insanları cəlb edən GMO mallar Azərbaycanda əkilir. Eləcə də xarici ölkələrdən gətirilən almalar, heyvalar, armudların böyük hissəsi GMO-dur”. 


SMPDK labaratoriyanın fəaliyyətini niyə dayandırıb?

Eyyub Hüseynov deyir ki, bəzi Azərbaycan alimləri GMO məhsullarının insan orqanizminə zərərinin olmamasını iddia etsələr də, bu səhv fikirdir. Azad İstehlakçılar Birliyində Azərbaycanda GMO bitkilərinin olması ilə bağlı konkret faktlar var: “Mən satışdan zəhərli ervisit olan raondat almışam. Bu 1998-ci ildən Azərbaycanda satılır. Raondatı mən Bakıdan almışam, üzərində “Mansata” şirkətinin adı da yazılıb. Bu avaragen bitkiləri ləğv edən, GMO bitkilərini saxlayan, su ilə qarışdırılıb bitkiyə verilən zəhərli məhluldur. Azərbaycanda bu məsələ həddindən artıq yayılıb. Bu gün GMO məhsullarının Azərbaycana gətirilməsinə qadağa qoyan qanun olmadığından vəziyyət gün-gündən gərginləşir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi laboratoriyanı 6 aydan artıqdır ki işlətmir, qanunlar da bu sahədə istehlakçıların zərərinə yönəldilib. Baxmayaraq ki, Azərbaycanda 2007-ci ildə “Ekoloji kənd təsərrüfatı haqqında” qanun qəbul edilib, bu prosesə diqqət yetirilmir. Qanunda göstərilib ki, GMO məhsulları markalanmalı və istehlakçıların seçim hüququ olmalıdır. Hələ də elm sübut etməyib ki, GMO ilə qidalanan insanların gələcəyi necə olacaq. Elm sübut edir ki, GMO məhsulları insan orqanizmində mənfi izlər salır, orqanizmdə allergiya xəstəlikləri yaradır. Pakistanda GMO olan pambıq sahələrində çalışan insanların ömrünün qısalığı sübuta yetirilib”. 

ABŞ-ın sabiq prezidenti GMO istehsal edir

Eyyub Hüseynov bildirir ki, bu gün GMO Azərbaycanda bir çox yerli bitkilərin nəslini kəsmək üzrədir: “Bu gün Azərbaycanda yetişdirilən 10 qarpız növündən cəmi 1-i qalıb, 9 növü tam məhv olub, 8 pomidor növündən yalnız bir növü qalıb. Bu il kəndli əkdiyi pomidordan, qarpızdan gələn il üçün toxum götürə bilmir. GMO gələcək nəslin artmasına da mənfi təsir göstərir. Yəni, toxum sənayesi GMO istehsalçılarının əlində cəmləşib. İnsanlar həmin toxumlardan almaq məcburiyyətindədirlər. Təəssüflər olsun ki, öz islamçılığı, dinə etiqadı ilə fəxr edən İranda Allahın iradəsinin əksinə olaraq GMO tədqiqatları gedir, hətta bununla fəxr edirlər. Əgər GMO ilə məşğul olan alimlər istəsələr dinozavrlar kimi insanı uda bilən qoyun yarada bilərlər. Artıq onlara texnologiyalar məlumdur və cürbəcür genlərin bir-birinə köçürülməsi prosesi gedir. 1 GMO növünün əldə olunması üçün 30 miyon dollardan artıq vəsait xərclənir. Maraqlı odur ki, GMO hazırlayan “Mansata” şirkətinin şəriklərindən biri ABŞ-ın sabiq prezidentlərindən biridir. Yəni, böyük pullar dünyada GMO-nu irəlilədir və artıq Azərbaycan da bu prosesə təslim olub, GMO əkinçilik var və ətraf mühitdə dəyişiklik gedir”.  

Samir
Bu xəbər oxucular tərəfindən 1090 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed