Şrift:
Ermənistanda fasiləsiz etiraz aksiyaları başlayıb
01.10.2011 [14:01] - Gündəm
Meydanda çadırlar quran müxalifət hökumət qarşısında konkret tələblər irəli sürüb
"Ölkədə aksiyalar səngiməməli, əhali meydanı tərk etməməlidir. Bu gündən 24 saatlıq aksiyaya başlayırıq". Bu sözləri Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan Ermənistanda keçirilən etiraz aksiyasında səsləndirlib. Konqresin birgə qərarı ilə 7 gün ərzində etiraz aksiyasının keçirilməsi nəzərdə tutulur. Artıq paytaxtın "Azadlıq" meydanında çadırlar qurulub, gecələmək üçün çadırlara qızdırıcılar və yemək gətirilib.

Meydana toplaşan yüzlərlə insan hökümətin və prezident Serj Sarkisyanın istfasını tələb edir. Erməni Milli Konqresinin rəhbərliyi altında keçirilən mitinqdə çıxış edən qurum üzvləri xalqın dilənçi vəziyyətdə yaşadığını vurğulayıb. Levon Ter-Petrosyan artıq səbrin tükəndiyini bəyan edib. "Xalqın səsi hesabına prezident seçilməyən Serj Sarkisyan rejiminin sonunu etiraz aksiyaları ila gətirmək istəyirik. Artıq Sarkisyan və onun çevrəsinin sonu çatmalıdır. Xalqı dilənçi, əsgəri təhqir edilmiş bir ölkənin gələcəyi yoxdur. Sarkisyan isə bu vəziyyətlə xalqımızın gələcəyini məhv edir. Mövcud rejimdən qaçıb xaricə gedənlər də Sarkisyan mafiyasının qurduğu diasporla üz-üzə qalır. Bu vəziyyətə artıq son qoyulmalıdır".

L.T.Petrosyan hökümətə bir sıra tələblər irəli sürdüklərini bildirib. "İlin sonuna qədər müxalifətin də iştirakı ilə Mərkəzi Seçki Komissiyası formalaşdırılmalı, prezident və parlament seçkiləri keçirilməli, 2008-ci ildə keçirilmiş aksiyalarda qətlə yetirilənlərin cinayət işinin istintaqı ədalətli aparılmalı və Erməni Milli Konqresinin üzvü Tiqran Arakelyan azadlığa buraxılmalıdır". Ermənistan müxalifətinin lideri bu tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə S.Sarkisyanı xalqın köməyi ilə devirəcəklərini açıqlayıb.

L.T.Petrosyan fasiləsiz aksiyalarla paralel hökumətlə danışıqlara hazır olduqlarını da bildirib.
Bu xəbər oxucular tərəfindən 1018 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed