Şrift:
MSK maliyyə hesabatını təqdim etməyən 12 siyasi partiya ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib
09.07.2015 [17:11] - Gündəm, Siyasət, Siyasi partiyalar
2014-cü ilin illik maliyyə hesabatını təqdim etməyən 12 siyasi partiya ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) Ədliyyə Nazirliyinə müraciət edib. Bu barədə MSK-dan deyiblər.

Məlumata görə, Azərbaycanda 33 siyasi partiya keçən ilin maliyyə hesabatını MSK-ya təqdim edib, hazırda hesabatlar araşdırılır.

Qeyd edək ki, bu gün Mərkəzi Seçki Komissiyasında inzibati binasında siyasi partiyaların maliyyə hesabatlarının tərtib edilməsi, qəbul olunması, nəzərdən keçirilməsi və ictimailəşdirilməsinə həsr olunmuş seminar keçirilib.

MSK-nın maarifləndirmə proqramı çərçivəsində keçirilən tədbirdə Komissiyanın və aidiyyəti dövlət qurumlarının təmsilçilərinin təqdimatında siyasi partiyaların maliyyə hesabatlarına dair tələblər, onların səlahiyyətli orqana göndərilməsi, nəzərdən keçirilməsi və ictimailəşdirilməsi, siyasi partiyaların illik maliyyə hesabatlarının tərtib edilməsində müstəqil auditorun rol, hüquq və vəzifələri, auditor rəyinə və hesabatına dair tələblər, hesabatın əsasını təşkil edən maliyyə sənədləri və onlarla işin xüsusatları, eləcə də maliyyə hesabatlılığına dair qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət mövzularında çıxışlar dinlənilib.

Kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılan seminar, siyasi partiyaların maliyyə hesabatları ilə bağlı müxtəlif mövzularda müzakirələrlə davam edib, həmçinin meydana çıxan suallar cavablandırılıb.

Tədbirdə siyasi partiyalar tərəfindən illik maliyyə hesabatlarının təqdim edilməsi fəaliyyəti ilə bağlı Mərkəzi Seçki Komissiyası Katibliyinin müvafiq struktur bölmələrinin, həmçinin aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edib.

Katibliyinin Media və ictimai əlaqələr şöbəsi
Bu xəbər oxucular tərəfindən 923 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed