Şrift:
Yanvarın 25-də Bakının “Buta” sarayında “Avroviziya 2012” mahnı müsabiqəsinə hazırlıqla bağlı təntənəli mərasim keçirilib
26.01.2012 [12:03] - Mədəniyyət
Yanvarın 25-də Bakının “Buta” sarayında “Avroviziya 2012” mahnı müsabiqəsinə hazırlıqla bağlı təntənəli mərasim keçirilib.Mərasimdə Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqənin loqo və şüarı açıqlanıb. Müsabiqənin loqosunda od, rəqs, günəş, ay və ulduzlar təsvir olunub. Mahnı müsabiqəsi “Light your fire” (Öz məşəlini alovlandır) şüarı altında keçiriləcək.

“Avroviziya 2011”ə ev sahibliyi etmiş Almaniyanın Düsseldorf şəhərinin meri Dirk Elsbers yarışmanın rəmzi açarını Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova təqdim edib.

Daha sonra yarışmanın yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib. “Avroviziya” layihəsinin rəhbəri Yand Ola Sand deyib ki, yarışma “Baku Crystall Hall”da (“Bakı Kristal Zalı”) keçiriləcək. Müsabiqə mayın 22-də Avropa vaxtı ilə saat 21.00-da başlanacaq. Yarışmada iki yarımfinal, bir final mərhələsi keçiriləcək.

Yand Ola Sand müsabiqəyə ümumilikdə 43 ölkənin qatıldığını, onlardan 6-nın bilavasitə finalda çıxış edəcəyini bildirib. “Böyük beşlik” olan Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də müsabiqənin ötənilki qalibi və builki ev sahibi Azərbaycan birbaşa mayın 26-da keçiriləcək final mərhələsində çıxış edəcək.

Püşkatma nəticəsində məlum olub ki, Azərbaycan, İspaniya, İtaliya birinci, Böyük Britaniya, Almaniya və Fransa ikinci yarımfinalda səs verəcək. Mayın 22-də keçiriləcək birinci yarımfinalda 18, mayın 24-də keçiriləcək ikinci yarımfinalda isə 19 ölkə mübarizə aparacaq.

İlk yarımfinalda Monteneqro, İslandiya, Moldova, Kipr, Rumıniya, Avstriya, Albaniya, Danimarka, Rusiya, Belçika, Latviya, San-Marino, İsveçrə, Finlandiya, İsrail, Yunanıstan, İrlandiya və Macarıstan təmsilçiləri yarışacaqlar.

İkinci yarımfinalda isə Serbiya, İsveç, Gürcüstan, Niderland, Portuqaliya, Sloveniya, Makedoniya, Estoniya, Belarus, Türkiyə, Malta, Slovakiya, Xorvatiya, Norveç, Ukrayna, Ermənistan, Litva, Bolqarıstan, Bosniya və Herseqovina təmsilçiləri iştirak edəcək.

Yarımfinal mərhələlərində iştirak edən ölkələrin çıxış ardıcıllığı martda nümayəndə heyətləri rəhbərlərinin görüşü zamanı keçiriləcək püşkatma nəticəsində bəlli olacaq.
Bu xəbər oxucular tərəfindən 1303 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed