Şrift:
Bakıdakı Türkiyə səfirliyi Fransanı Minsk Qrupu həmsədrliyindən könüllü getməyə çağırdı
26.01.2012 [13:53] - Gündəm
Səfirlik Azərbaycan rəhbərliyinin yetərli dəstəyini bir daha qeyd etdi

Türkiyənin Azərbaycandakı səfirliyi Fransa Senatının uydurma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması barədə qəbul etdiyi qərarla bağlı açıqlama yayıb.

Səfirlikdən qəzetimizə verilən məlumatda qeyd olunur ki, "İnkarçılığın Cəzalandırılmasına Dair Qanun"un Fransa Senatında qəbul edilməsi hüquqa, insan hüquqlarına, söz və fikir azaldığına, ayrıca Fransanın daim özünü ən böyük müdafiəçisi olaraq təqdim etdiyi ümumbəşəri dəyərlərə tamamilə zidd bir addımdır. Fransa tarixində bir qara ləkədir. Türk dünyasının qəlbini sızladan bu qərarı şiddətlə qınayırıq. Fransız siyasətçilər tarixçi rolunda çıxış etməklə və özlərini hakim bilərək Türk tarixini mühakimə etməklə öz hədlərini aşıblar. Bu qərar Türk millətinə və tarixçilərə qarşı hörmətsizlikdir. Bu qərar Fransanı geriyə, 1789-cu il Fransız İnqilabının öncəsinə atmışdır. Bəzi fransız senatorların seçkilərə hesablanan və bunun uğrunda özlərini "qapalı dairənin" içində həbs etdiklərini görməməsi təəssüf hissi doğurur. Eyni xarakterli bir qanun layihəsi Senatın Qanunlar Komissiyasının Konstitusiyaya zidd olduğuna dair rəyi əsasında 4 may 2011-ci il tarixdə Senatın ümumi yığıncağında lehinə 74, əleyhinə 196 səslə rədd edilmişdi. Bu dəfə də Qanunlar Komissiyası layihənin zidd olduğuna dair rəy vermiş, ancaq Senat, buna baxmayaraq, sözügedən layihəni qəbul etmişdir. Bu proses, oynanan oyunun gerçək üzünü dünya ictimaiyyətinə açıq-aydın göstərmiş və bu qanuna dəstək verənlər öz nüfuzlarına xələl vurmuşlar. Bu qanun BMT-nin İnsan Hüquqlarının Ümumi Deklarasiyası, Avropa İnsan Hüquqları Konvensiyası və Fransa Konstitusiyasının müvafiq müddəalarını pozur.

Tarixçi olmayan bəzi fransız senatorların yüz il bundan əvvəl baş verən və isbat edilməyən bir hadisəni inkar edənlərin cəzalandırılmasına səs verməsi, yenə də tarixi elmi mərkəzlərdən çıxararaq siyasətə həvalə etməsi düşündürücüdür. Qərarın lehinə səs verən siyasətçilərin bu əməli tarixə qarşı cinayətdir. Səlahiyyətlərini aşan bu siyasətçilər hadisələrin bundan sonrakı inkişafına görə məsuliyyət daşıyacaq. Senat tərəfindən demokratiyaya "Ala Française" bir düzəliş edilən Fransada, bundan sonra "erməni soyqırımını inkar edən" hər bir Türkiyə türkü, hər Azərbaycanlı, hər qazax və qırğız, hər bir tədqiqatçı və hər fikir sahibi təhdid altındadır. Azərbaycanın vəzifəli şəxslərinin və siyasətçilərinin də qeyd etdiyi kimi, Fransa rəhbərliyi regionda sülhün bərqərar edilməsi üçün yeritdiyi vasitəçilik missiyasını layiqincə yerinə yetirə bilməyəcəyini bir daha nümayiş etdirmişdir. Əsasən Fransa Hökumətinin öz səriştəsizliyini və tərəfgirliyini görüb öz istəyi ilə Minsk Qrupundan uzaqlaşması ən yaxşı çıxış olacaqdır.

Yaddaşdan heç vaxt silinməyəcək 20 il əvvəl baş verən Xocalı Faciəsinə - Qətliamına göz yuman bəzi fransız idarəçilərin Birinci Dünya müharibəsi vaxtı, bir əsr əvvəl baş verən hadisələr barədə yalanları gündəmə gətirərək siyasi dividendlər əldə etməyə çalışması dərin kökləri olan keçmişi və ənənələri ilə tanınan Fransanın siyasət qurumuna silinməz bir ləkə salmışdır.

Sözügedən qərar Türkiyə ilə Ermənistan, həmçinin Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə mənfi təsir göstərəcək, xalqlar arasında kin, nifrət və düşmənçilik hisslərini gücləndirəcək. Eyni zamanda, bu bölgədə gərginliyi artıracaq və xalqlar arasında etimadsızlığı daha da dərinləşdirəcək. Digər tərəfdən, son dövrdə bütün Avropada genişlənən ksenofobiya və irqçilik kimi tendensiyaları gücləndirəcəkdir. Fransada yaşayan Türklər ilə Ermənilər arasındakı ziddiyyətləri kəskinləşdirəcək, bu ölkədəki ictimai barışığa və əmin-amanlığa qətiyyən xidmət etməyəcək. Qısaca, Fransanın dəyərlərinə və Fransa xalqının mənafelərinə zidd olan, məhdud sayda siyasətçinin bəsit hesablarına və oyunlarına xidmət edəcək bu qanun xalqlar arasındakı münasibətlərə xələl gətirəcək.

Türkiyənin bu qeyri-legitimliyə qarşı mübarizəsində Azərbaycan xalqının və rəhbərliyinin verdiyi dəstək minnətdarlıqla qarşılanmaqdadır. Digər tərəfdən, mübarizəmiz daha başa çatmamışdır. Buna görə, önümüzdəki günlərdə Türkiyənin atacağı addımlara qardaş Azərbaycanın dəstəyinin davam etməsini arzu edirik.

Türkiyə təməl ümumbəşəri dəyərləri və ictimai vicdanı heçə sayan bu haqsız qərara qarşı hər cür legitim yollarla mübarizə aparmaqda qərarlıdır.

Sağlam fikirli Fransa xalqının və senatorlarının bu məsələdə davam edən dəstəyi isə ümidlərin sönməməsinə əsas verir. Fransada sağlam düşüncənin qalib gəlməsini səbrlə gözləyirik, məsələ Konstitusiya Məhkəməsinə müzakirəyə verildiyi halda Konstitusiya Məhkəməsinin ədalətli bir qərar qəbul etməsini umuruq.


Xəbər xidməti
Bu xəbər oxucular tərəfindən 1119 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed