Şrift:
İran Bakının mərkəzində Azərbaycan qanunvericiliyinə zidd fəaliyyətlə məşğuldur
31.01.2012 [17:27] - Xəbərlər
Dövlət Komitəsi: İran səfirliyinin mədəniyyət işləri üzrə müşaviri Seyid Əli Əkbər Ocaqnejad razılaşmanı və ölkə qanunvericiliyini pozur


Azərbaycan paytaxtı Bakı şəhərinin mərkəzində - Kazımzadə küçəsi, ev 31 ünvanında ölkə qanunvericiliyi İran tərəfindən kobud şəkildə pozulur.Məlumata görə, burada əhalinin - “Hüseyniyyə” məscidi kimi tanıdığı yerdə qanunvericiliyə zidd olaraq bəzi xarici vətəndaşlar, o cümlədən İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Seyid Əli Əkbər Ocaqnejad tərəfindən moizələr oxunur. Əslində, bu yer İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin balansındadır. APA-nın əməkdaşının apardığı müşahidələr nəticəsində məlum olub ki, Kazımzadə küçəsindəki tikili məscid olmasa da, faktiki olaraq İran vətəndaşlarının nəzarəti altında məscid kimi fəaliyyət göstərir. Burada oxunan moizələrdə isə hətta Azərbaycan hakimiyyəti təhdid edilir.
“Hüseyniyyə”-də çəkiliş aparmaq istəsə də, buranın yetkililəri sayılan İran vətəndaşları çəkilişə icazə verməyərək, bunun üçün İranın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Seyid Əli Əkbər Ocaqnejaddan icazə alınmasını məsləhət görüblər. Lakin ərazidə olan Seyid Əli Əkbər Ocaqnejad çəkilişə icazə verməyib, üstəlik jurnalistin suallarını cavablandırmaqdan imtina edib.
APA “Hüseyniyyə”-nin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) sorğu göndərib. DQİDK-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, “Hüseyniyyə” xüsusi mülkiyyət hüququnda alınmış torpaq sahəsində yerləşir: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət işləri üzrə müşaviri Seyid Əli Əkbər Ocaqnejada 29 aprel 2004-cü ildə göndərilmiş məktubda Mədəniyyət Mərkəzinin Bakı şəhəri, Kazımzadə küçəsi ev, 31 ünvanında xüsusi mülkiyyət hüququnda aldığı torpaq sahəsindəki ibadət yerinin İran İslam Respublikası vətəndaşlarının dini tələbatlarını ödəmək üçün istifadəsinə etiraz edilmədiyi bildirilib. Məktubda, ibadət yerində Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırmaqla Azərbaycan vətəndaşı olan imam və ya axundun təyin edilməsi şərti qoyulub. Lakin bu ibadət yerinə Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırılmış imam və ya axund təyin olunmayıb. “Hüseyniyyə”-də dini ayinlərə İran İslam Respublikasının vətəndaşı rəhbərlik edir və Azərbaycan Respublikası vətəndaşlarının da ibadət etmələrinə şərait yaradılır. Bu iki fakt yuxarıda qeyd olunmuş razılaşmaya və ölkə qanunvericiliyinə ziddir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununun 21-ci maddəsinə əsasən, “İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasında təhsil almış Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Hüseyniyyə” namazxananın fəaliyyətini tənzimləyən müvafiq qurumlara və şəxslərə dəfələrlə xəbərdarlıq edib, iradlarını bildirib. Məsələ nəzarətdə saxlanılır və müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir”.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən isə APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mövcud qanuna görə QMİ qeydiyyatdan keçmiş dini icmalara müvafiq dini vəzifələrə təyinatlar edir: “Adıçəkilən icma qeydiyyat üçün müraciət etmədiyi üçün ora təyinat da olmayıb”.

İran Bakının mərkəzində Azərbaycan qanunvericiliyinə zidd fəaliyyətlə məşğuldur










İran Bakının mərkəzində Azərbaycan qanunvericiliyinə zidd fəaliyyətlə məşğuldur










İran Bakının mərkəzində Azərbaycan qanunvericiliyinə zidd fəaliyyətlə məşğuldur
Bu xəbər oxucular tərəfindən 1522 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed