Şrift:
Ermənistanın təcavüzkar siyasətindən erməni xalqı da əziyyət çəkir
04.10.2011 [19:19] - Diaspor
Fariz Hüseynli: "Diasporumuzun passiv kütləsi var ki,
bunları aktivləşdirmək lazımdır"


Müsahibim ABŞ-ın Şimali Dakota Dövlət Universitetində maliyyə üzrə müəllimlik edən Fariz Hüseynlidir.

- Fariz müəllim, ilk öncə, Amerika -Azərbaycan münasibətlərindən danışmağınızı istərdim.
- ABŞ-la Azərbaycan arasında əlaqələr iqtisadi-siyasi və sosial sahələrdə davam edir. Enerji təhlükəsizliyi, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində, informasiya texnologiyalarının inkişafı sahəsində əməkdaşlıq artır. İkitərəfli ticarətin həcminə görə (2 mlrd. dollardan çox) Azərbaycan MDB-də ABŞ-ın əsas tərəfdaşlarından sayılır. ABŞ Azərbaycan iqtisadiyyatına ən çox investisiya qoyan ölkələrdəndir.
Siyasi arenada ABŞ Minsk Qrupunun həmsədri olduğuna görə ikitərəfli münasibətlərdə həmişə Dağlıq Qarabağ mövzusu yer alır və elə sırf bu baxımdan ABŞ-la əlaqələr mühümdür.
Bunlarla yanaşı təhsil, səhiyyə kimi sahələrdə, demokratiya və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi məsələsində əməkdaşlıq daha da artmalıdır. İki ölkə arasında həm universitetlər, həm də dövlət səviyyəsində təhsil mübadiləsi artmalı, xaricdə təhsil proqramı üzrə ABŞ-a daha çox tələbə göndərilməlidir.
- Azərbaycan diasporunun hazırkı vəziyyətini necə izah edərdiniz?
- Əlbəttə 5-10 il əvvəllə müqayisədə diasporumuz daha aktivdir, daha çox təşkilatla təmin olunub və müxtəlif sahələrdə iş görmək qabiliyyətinə malikdir. Hazırda hələ 50-ci illərdə qurulan təşkilat olan Amerika Azərbaycanlıları Cəmiyyəti ilə bərabər ABŞ Azərbaycanlıları Şəbəkəsi, Amerika Azərbaycanlıları Şurası, Vaşinqton Azərbaycan Araşdırmaları Mərkəzi və Demokratiya uğrunda Amerika Azərbaycanlıları kimi təşkilatlar mövcuddur. Bunların bəziləri diaspora üzvlərinin siyasi həyatda, bəziləri elmi sferada, digərləri isə Azərbaycanda gedən proseslərə reaksiya verilməsi ilə bağlı fəaliyyətlər görürlər.
Təbii ki, çatışmazlıqlar var. Diasporumuzun passiv kütləsi var ki, bunları aktivləşdirmək lazımdır. Diasporanın gənc olması buna təsir edir. Həm də bu təşkilatlar daha çox könüllülük prinsipi ilə çıxış edirlər. Artıq vaxt gəlib çatıb ki, təşkilatlar dəyişsinlər, maliyyə vəsaiti cəlb edib maaşlı işçilər tutsunlar . Yoxsa təşkilatlarımız elə yerində sayacaqlar. Təəssüf ki, bizim hələ də ingilis dilli müstəqil xəbər-portal xarakterli bir saytımız yoxdur. Bunun üçün gərək müxtəlif sahələrdə fəaliyyət göstərən azərbaycanlılar cəlb edilsin, həm də keyfiyyətli jurnalistlərimiz fəaliyyət göstərsin. Yaxşı olardı ki, ABŞ-a çoxlu jurnalist-tələbə göndərilsin.
- Qarabağ problemi Azərbaycan və Ermənistan iqtisadiyyatına nə kimi təsir göstərdi?
- Aydındır ki, problem hər iki ölkənin iqtisadiyyatına mənfi təsir edir. Azərbaycan təbii ehtiyatlarına görə daha üstündür və iqtisadiyyatını artıra bilir. Həm də bununla danışıqlar masasında uğura nail olmaq istəyir. Amma təbii ehtiyatların da mənfi təsirləri var ki, gərək ölkədə bununla bağlı tədbirlər görülsün. İqtisadi fəaliyyətin, iqtisadi artımın sosial-iqtisadi inkişafa transfer edilməsi vacibdir. Hələ ki, bu sahədə çox iş qalır.
Ermənistanın təcavüzkar siyasətindən erməni xalqı da əziyyət çəkir. Ölkənin iqtisadiyyatı Azərbaycandakı kimi imkanlara sahib deyil və xaricdən yardımlara sıx bağlıdır. Gərək ki, erməni xalqı və sağlam fikirli erməni ziyalıları Azərbaycan torpaqlarından çəkilib regional əməkdaşlıq vasitəsilə ölkələrin və xalqın inkişafına mərkəzlənsinlər. Yoxsa Ermənistan seruma bağlı, qonşularına qarşı nifrət dolu ölkə kimi qalacaq.
- Bu problemin həllini nədə görürsünüz?
- Problemin həlli ondadır ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir. Başqa bir həll yolu yoxdur. Bunu ya hərbi yolla etmək lazımdır ki, şəxsən mən arzu etməzdim. Sülh yolu ilə də gərək hər iki ölkədə xalqlar bir-birinə düşmənçilik bəsləməsin. Xüsusən Ermənistanda insanlar Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir.
Ermənistanı sülhə məcbur etmək üçün həm də Dağlıq Qarabağda erməni əhalisinin normal yaşaya biləcəyinə inandırmaq lazımdır. Bunun üçün də Azərbaycan həm iqtisadi inkişafa, həm də vətəndaş cəmiyyəti sisteminin qurulmasına, vətəndaş-hökümət əlaqələrinin sıx inkişafına nail olmalıdır. Demokratik cəmiyyət şərt deyil, amma vacib amildir. Ermənistanda hər gün təbliğat gedir ki, sanki sovet vaxtı Azərbaycanda onları əzirdilər. Bunun yalan olduğunu və ölkədə normal cəmiyyət qurub hər bir milli azlığın normal yaşaya biləcəyini göstərməliyik. Bəlkə onda ermənilər də öz ölkələrində bizə oxşar normal cəmiyyət qurmaq istəsinlər.
- Güneydə baş verən hadisələri dəyərləndirməyinizi istərdim...
- Bu hadisələr ilə bağlı birbaşa məlumatım olmasa da mən arzu edirəm İran höküməti azərbaycanlıların tələblərini nəzərə alsın. Bu tələblər yüz illər keçsə də itən deyil və problemlər həll edilməsə istənilən vaxt xırda bir qığılcım böyük dalğalar yaradacaq və İranın bütövlüyünü təhlükəyə salacaq.
- Son olaraq nə demək istərdiniz?
- Sonda onu demək istərdim ki, mətbuat nümayəndələri ABŞ-da yaşayan azərbaycanlılarla daha sıx əlaqə qursunlar, təhsil almaq üçün ABŞ-a gəlməyə çalışsınlar və burada qalıb diasporumuzun fəaliyyətinə kömək olsunlar. Doğrudan da savadlı, bacarıqlı və aktiv jurnalistlərə ehtiyacımız var. Arzu edərdim belə müsahibəni sizə ABŞ-da bir media orqanında çalışarkən verim.
Həm də müxtəlif sahələrdə fəaliyyət göstərən dövlət qurumları ABŞ-da müxtəlif sahələrdə uğur qazanıb çalışan həmyerlilərimizlə əlaqələr qurub onların təcrübəsindən, biliyindən bəhrələnsinlər. Ümid edirəm bu əməkdaşlıq ölkəmizin uğurlarını artıracaq.
Müsahibəni götürdü:
İradə CƏLİLOVA

Bu xəbər oxucular tərəfindən 1536 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed