Şrift:
Elşən Manafov: “Terrorun genişlənməsi dünya miqyasında terroru doğuran amillərlə əlaqədardır”
16.03.2016 [10:06] - Gündəm, Siyasət
Qardaş Türkiyə Respublikası son aylar tez-tez terror hadisəsilə üzləşir. Martın 13-də həyata keçirilən növbəti terror hadisəsi nəticəsində Türkiyədə yenə xeyli sayda insan həyatını itirdi, onlarla şəxs yaralandı. Bu hadisədən bir müddət əvvəl fevral ayında da qardaş ölkədə anoloji hadisə baş vermişdi. Həmin zaman 29 nəfər terrorun qurbanı oldu. Türkiyədə baş verən hadisə isə bir daha terrorun böyük təhdid olduğunu üzə çıxardı. Bəs, nədən terror durmadan genişlənir?

Politoloq Elşən Manafov bildirdi ki, terrorun genişlənməsi dünya miqyasında terroru doğuran amillərlə əlaqədardır: "Son zamanlar həqiqətən də dünya miqyasında terror hadisələri genişlənib. Dünya miqyasında terrorrun güclənməsi təbii ki, beynəlxalq terrorizmi doğuran problemlərlə əlaqədardır. Beynəlxalq terrorizm də ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilir. Zamanında «Əl-Qaidə»nin yaranması, sonradan İraqda yaranan terror təşkilatlarının fəaliyyətində olan məqamlara əsasən, təəssüflə söyləmək olar ki, terror təşkilatlarının arxasında müasir super güclər və böyük dövlətlərin maraqları durur. Bu anlamda terror hadisələrinin güclənməsi bütövlükdə müasir dünyada təhlükəsizlik və sabitlik üçün ciddi təhdid olmaqla bahəm, bölgənin təhlükəsizliyilə bağlı məsələlərə də problemlər yaradır. Türkiynin özündə hadisələrin baş verməsinə gəldikdə, istisna deyil ki, Türkiyədə terror hadisəsinin baş verməsi PKK amili, Suriya böhranı, Moskva-Ankara arasındakı gərginliyin yaşanması ilə eyni vaxta düşdü. Ona görə də həmin terror hadisəsinə qiymət verilərkən bu amillər nəzərə alınmalıdır. Son zamanlar Azərbaycan dövlətinin ciddi səyləri nəticəsində erməni terrorçularının törətdiyi Xocalı hadisəsinə soyqırım olaraq müəyyən dövlətlər münasibət bildiriblər. ABŞ-da 21 ştat da Xocalı soyqırımını tanıyıb. Amma bütövlükdə beynəlxalq birlik Ermənistan dövlətinin terrorçu siyasətinə biganə mövqe sərgiləyir. Bu da onların bölgə ilə bağlı geosiyasi maraqları, ATƏT-in Minsk qrupunda təmsil olunan həmsədr dövlətlərin Qarabağ münaqişəsinə münasibətdə ikili standartlar mövqeyi tutması səbəbindən irəli gəlir. Burada xristian təəssübkeşliyi amilləri də var”.


Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayevin fikrincə, geosiyasi qarşıdurmalar terror hadisələrinin də genişlənməsinə rəvac verib: "Terrorun durmadan genişlənməsinin səbəbləri müasir dövrdə geosiyasi qarşıdurmaların bəşəriyyət üçün yaratdığı arzuolunmaz nəticələrdən biridir. Geosiyasi qarşıdurma elə vəziyyət yaradıb ki, bunun da nəticəsində bəzi ölkələrdə belə terror qruplaşmaları formalaşdı. Bunun kökü Əfqanıstandan başlayır. Ardınca İraqda, Liviya və digər ölkələrdə gedən dağıdıcı proseslər terrorun genişlənməsində mühüm faktorlardan olub.
Bu yaxınlarda Qərb ölkələrində etiraf olundu ki, İraqda bir neçə il bundan əvvəl baş verən məlum hadisələrdə səhvlər buraxılıb. Liviyada da görülməməli olan bəzi işlərin görüldüyü də etiraf olunub. Üstündən 5-10 il keçəndən sonra etiraf olunur. Amma regionun viranəyə çevrilməsilə orada terrorizm güclənərək, indiki qorxunc hal alandan sonra bu etirafların nə mənası var?
Əlbəttə ki, terrorun güclənməsində daxili səbəblər də var. Ölkələrin özlərinin daxili vəziyyətlərilə bağlı olaraq terror üçün münbit şərait yaradan amillər də yox deyil. Yəni, bunların hamısını əlaqəli şəkildə görmək lazımdır. Erməni terroru isə 100 ildən çoxdur ki, özünü bütün dünyaya nümayiş etdirir. Hətta erməni terroru ilə bağlı çoxsaylı kitablar da işıq üzü görüb. Amma onlara münasibət görürük ki, başqa cürdür. Erməni terrorçuları və onları maliyyələşdirən himayədarlar cəzalandırıldımı? XX əsrin 70-ci illərində onlar dünyanın bir çox ölkələrində türk diplomatlarına qarşı terror hadisəsi törətdilər. Amma bunu edənlər həbs olunsalar da, sonradan buraxılırdılar. Yəni, bu məsələyə həmişə fərqli münasibət olub. Bunu gizlətmək olmaz. Qərbin özündə də elə qərb müəlliflərinin özləri tərəfindən erməni terroru ilə bağlı çoxlu tədqiqatlar, kitablar yazılıb. Lakin siyasətdə proses özünün adekvat münasibətini almayıb.
Erməni terrorundan ən çox əziyyət çəkən türklər və son 25 ildə Azərbaycan olub. Onlar Azərbaycan ərazisində öz çirkin niyyətlərini həyata keçirmək üçün terrorun bütün növlərindən istifadə ediblər. Lakin onlara münasibət təəssüf ki, adekvat deyil”.



Rüfət NADİROĞLU
Bu xəbər oxucular tərəfindən 827 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed