Şrift:
Zakir Həsənov: Təmas xəttində gərginliyin artırılmasında Ermənistanın kriminal hərbi-siyasi rejimi bilavasitə günahkardır
18.03.2016 [18:24] - Gündəm, Siyasət
Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Baxlerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Z.Həsənov qonaqlara regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin tənzimlənməsi istiqamətində atdıqları addımların nəticəsiz qalması barədə fikirlərini bildirib: “Ermənistanın cinayətkar, terrorçu rəhbərliyi dinc azərbaycanlı əhaliyə qarşı soyqırımı dövlət siyasəti səviyyəsində həyata keçirib. Bu gün də qoşunların təmas xəttində gərginliyin artırılmasında Ermənistanın kriminal hərbi-siyasi rejimi bilavasitə günahkardır. Münaqişənin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində, Azərbaycanın dövlət sərhədləri daxilində həllinin yeganə yolu dünya ictimaiyyətinin birgə fəaliyyətilə işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılmasıdır. Silahlı Qüvvələrimiz ərazi bütövlüyümüzün bərpa edilməsinə hazırdır və bu şərəfli vəzifəni yerinə yetirmək üçün kifayət qədər gücə və qüvvəyə malikdir”.

Ətraflı məlumata görə minnətdarlığını ifadə edən G.Baxler hazırda ATƏT-in fəaliyyətdə olan sədri kimi Almaniyanın prioritetləri haqqında danışıb, regional sülhə və sabitliyə təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə xüsusi diqqət ayrıldığını bildirib.

Görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Bu xəbər oxucular tərəfindən 701 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed