Şrift:
Əsl mübarizə hələ öndədir
06.03.2012 [13:11] - Gündəm, DAVAMın yazıları
Babək XALİSTÜRK
Dosent, “Qızıl qələm” mükafatı laureatı



Ermənilərin Qarabağda törətdikləri cinayətlərin və xüsusən Xocalı qətliamının dünya ictimaiyyətinə çatdırılması baxımından Azərbaycan və Türkiyə türklərinin, eləcə də digər türk qardaşlarımızın (kazax, özbək, qırğız, türkmən və s.) son bir neçə gün ərzində əlbir fəaliyyəti Türk Dünyasının parlaq qələbəsi hesab olunmalıdır. Dünyanın əksər ölkələrində təşkil olunmuş mitinqlər, yürüşlər, müxtəlif formalı toplantılar, görüşlər dünya xalqlarının gözünün Qarabağ həqiqətlərinə açılması baxımından olduqca möhtəsəm idi.

20 ildən sonra da olsa, bu fəaliyyətdə bir kütləvilik gördük. Bu, türk xalqlarının əlbir fəaliyyət imtahanı kimi də qiymətləndirilə bilər. Türk xalqları bu imtahandan yaxşı qiymətlə çıxdı. Nəhayət, ermənilər qarşılarında real bir qüvvə gördülər, başa düşdülər ki, bu qüvvə ilə mübarizə aparmaq onlar üçün çox çətin olacaq. Ermənilər onu da başa düşdülər ki, bu qüvvə onların xıltlı ürəklərinin bütün eybəcərliklərini dünya xalqlarına göstərmək iqtidarındadır. Lakin bu bizim – türk xalqlarının hələ kiçik bir qələbəsidir. Öyünməyə, arxayınlaşmağa hələ ciddi səbəb yoxdur. Görüləsi işlərimiz olduqca çoxdur. Bizi böyük mübarizələr gözləyir və bu mübarizələrin uğurla sona çatması həm də Dünya Türklərinin sıx birləsməsinə xeyli kömək edəcək. Ermənilərin yüz illərdən bəri fəaliyyət göstərən təbliğat maşınının demontaj edilməsi, dünya xalqlarının beynində onların yaratdıqları illuziyaların yerində həqiqətlərə və yalnız həqiqətlərə söykənən təsəvvürlərin formalaşmasına nail olamaq xeyli çətin və məsuliyyətli bir vəzifədir. Lakin mümkün, zəruri və ləngitmədən həyata keçirilməli olan vəzifədir. Bu vəzifənin yerinə yetirilməsi üçün ilk öncə ermənilərin və onların təbliğatına uymuş dövlətlərin müqavimətini qırmaq lazımdır. Bundan ötrü bu günlərdə erməni cəbhəsində əmələ gəlmiş yarıqla irəliyə və yanlara doğru, fasilə vermədən getmək olduqca vacibdir. Yəni ermənilərin Qarabağda törətdikləri cinayətlərin hamısını dünya xalqlarına dönə-dönə çatdırmaqla, sənədləri, faktları, şahidlərin söylədiklərini sərgiləməklə erməniləri rüsvay etmək lazımdır. Ermənilərin rüsvay edilməsi onların müqavimətinin qırılmasına tayı-bərabəri olmayan köməklik göstərə bilər. Dünya xalqlarına həqiqətlərin çatdırılması zamanı bütün diplomatik etiketlərə əməl olunmaqla bərabər, həm də bir incə dirəniş nümayış etdirilməlidir. Dünya xalqları əmin olmalıdırlar ki, həqiqətlərin hamıya çatdırılmasında son dərəcə israrlıyıq. Bu vəzifənin yerinə yetirilməsində dünya politoloqlarının, tarixçilərinin və s. digən humanitar elm sahələrinin tədqiqatçılarının içtirakı ilə müxtəlif konfransların keçirilməsi də səmərəli mübarizə vasitəsi kimi tətbiq olunmalıdır.

Ermənilərin ifşa edilməsində ABŞ-ın Karnegi Fondunun proqram direktoru, Qarabağ üzrə tanınmış britaniyalı ekspert Tomas de Vallın 2000-ci ildə Serj Sərkisyandan götürdüyü və Xocalı soyqırımının 20 illiyi ilə bağlı yaydığı müsahibənin stenoqramından və digər bu kimi sənədlərdən lazımı şəkildə istifadə olunmalıdır. Stenoqramda S.Sarkişyan deyir: “Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Dəyişdik də”.

Bu stenoqram S.Sarkisyanın və ermənilərin ifşa edilməsi üçün tutarlı sənədlərdən biridir.

Qeyd olunan stenoqramda Xocalıda dinc əhalini qırmalarına bəraət qazandırırmış kimi S.Sarkisyan deyir: “Bəli, Xocalıda həqiqətən dinc əhali var idi. Amma dinc əhali ilə birgə əsgərlər də var idi. Güllə uçarkən dinc sakini əsgərdən fərqləndirmir, onun gözü yoxdur. Getmək üçün gözəl imkan olmasına baxmayaraq, dinc əhali orada qalırsa, deməli o da döyüş əməliyyatlarında iştirak edir”... Ermənilər çalışırlar ki, Əskəran yaxınlığında Xocalı sakinlərinin vəhşicəsinə qətlə yetirilməsini erməni gənclərinin dəliqanlılığı kimi qələmə versinlər. Stenoqramda S.Sarkişyan deyir: “Bu gənclərin arasında Bakıdan və Sumqayıtdan qaçanlar da olduğunu nəzərə almaq lazımdır. Baxmayaraq ki, mənim fikrimcə, çox şey şişirdilib. Azərbaycanlılara hər-hansı yeri Sumqayıtla eyniləşdirmək üçün bəhanə lazım idi. Amma onları heç cürə müqayisə etmək olmaz”.

Deyilənləri nəzərə alaraq, Sumqayıt hadisələrinin də mahiyyəti tam açılmalı, bu hadisələrin ermənilərin özləri tərəfindən törədildiyi sənədlərlə, sübutlarla, şahidlərlə kimin və nə üçün törətdiyi cübut olunmalı, dünyaya yayılmalıdır. Bütün bu işlər indidən nə qədər düşünülmüş, planlı aparılarsa, 2015-ci ildə ermənilərin “erməni qətliamı”nin 100 illik yubileyi zamanı tədbirlərinin səmərəsi bir o qədər azalmış olar. Erməni soyqırımına uymuş və belə bir qətliamın olduğunu qanuniləşdirməyə hazırlaşan dövlətlərin müqaviməti qırılmış olar. Bu isə son dərəcə vacibdir. Biz elə etməliyik ki, bir neçə ildən sonra dünyanın bütün dövlətlərində “erməni qətliamı” barədə danışmaq qanunla yasaq olunsun.

Bəli, bizi irəlidə gözləyən amansız çarpışmalara hazır olmalıyıq. Biz mübarizəmizi tam qələbəyədək davam etdirəcəyik. Tam qələbəni o zaman qeyd edəcəyik ki, nəinki XX əsrin axırlarında, hətta əvvəllərində də zəbt edilmiş bütün torpaqlarımızı özümüzə qaytaracağıq. Səmasında əcdadlarımızın ruhu dolanan torpaqlarımızın hamısını... Hər bir Azərbaycan türkü haqq işimizin qələbəsi namınə yaşamalı və mübarizə aparmalıdır. Bu mübarizədə türk xalqlarının birgə fəaliyyəti Türk Dünyasının qələbəsinin birinci mərhələsi olacaqdır.

Hey çalxanan bu dünyada
türkün haqqı durulacaq,
Bayraqların zirvəsində
türk bayrağı qurulacaq.
Bu xəbər oxucular tərəfindən 2206 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed