Şrift:
Nazir: “Ermənistan münaqişənin mahiyyətindən yayınmaq üçün silahlı təxribatlara əl atır”
15.11.2016 [14:32] - Gündəm, Siyasət
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İspaniyanın EFE agentliyinə müsahibə verib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazir müsahibəsində Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxana qədər münaqişənin sülh yolu ilə həllinin mümkün olmadığını deyib: “Ermənistan bu reallığı dərk edər və qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxararsa, tezliklə də münaqişə həllini tapar”.

E. Məmmədyarov əlavə edib ki, hazırda Ermənistan BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərini yerinə yetirmir, münaqişənin mahiyyətindən yayınmaq üçün silahlı təxribatlara əl atır.

Nazirin sözlərinə görə, münaqişə nəticəsində Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib və ölkə əhalisinin hər doqquz nəfərindən biri qaçqın və ya məcburi köçkün vəziyyətinə düşüb: “Ermənistan Azərbaycana qarşı müharibəyə başlamasına, Azərbaycana qarşı gücdən istifadəyə, onun ərazilərinin işğalına, işğal olunmuş ərazilərdə etnik təmizləmə və digər ağır cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyır”.

E. Məmmədyarov vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq münaqişənin həlli Ermənistana və onun əhalisinə “əməkdaşlıq perspektivləri və iqtisadi inkişafdan faydalanmağa imkan yaradacaq.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Bu xəbər oxucular tərəfindən 426 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed