Şrift:
Fərəc Quliyev:Zəngəzur dəhlizi işlək vəziyyətdə olarsa, Rusiya FTB-si ora nəzarət edəcək
27.04.2024 [13:18] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər toplusu aktual olaraq qalır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib:

"Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin və dini yerlərin dağıdılması ilə bağlı mütəmadi olaraq qarşılıqlı ittihamları nəzərə alaraq, biz Bakı və İrəvanı bu məsələni ikitərəfli danışıqlar mövzusuna çevirməyə çağırırıq".

Zaxarova qeyd edib ki, Moskva da öz növbəsində bu mövzuda lazımi köməklik göstərməyə hazırdır.

Rusiya üçtərəfli sazişlər toplusunun hələ aktual olduğunu rəsmi bildirdi. Belə çıxır ki, 10 noyabr sənədi hələ qüvvədə sayılır?

Rusiya üçün bunun önəmi nədir? Nəzərə alsaq ki, orada razılaşdırılan bir çox məsələlər məhz Azərbaycanın qətiyyətli mövqeyilə öz həllini tapmış olub. Rusiya bu məsələni gündəmə gətirməklə nəyə nail olmaq istəyir?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya bu proseslərdə bir humanist dövlət kimi, yaxud da qonşuları ilə sülhməramlı mövqedən çıxış etmək baxımından səy göstərmir, hansısa maraqlardan çıxış edir: “Qonşu dövlətlərə belə yanaşmalar normal məsələdir. Hər bir dövlətin öz marağı var. Təzahür forması fərqli ola bilər. Burada tarixi abidələr haqqında danışılır, dini yerlərin dağıdılması ilə bağlı çağırışlar edilir. Özünü hər iki tərəfə mədəni abidələrin qorunması, iki xalq arasında münasibətlərin yaxşı qalmasında vasitəçi kimi göstərməyə çalışır. Təbii ki, dövlətin əslində siyasi maraqları var. Azərbaycanın Qarabağ hissəsindən sülhməramlı adı altında olan hərbçilər çıxandan sonra Zəngəzurda yerləşdilər. Məqsədləri də Zəngəzur dəhlizinə nəzarətdə imkanlarını bir az da artırmaqdan ibarətdir. Realda bunu edirlər, bəyanatda isə mədəni, dini abidələrin qorunması üçün çağırış etdiklərini bildirirlər. Yəni guya siyasi maraqları, bölgədə kiminsə işinə qarışmaq fikirləri yoxdur. Əlbəttə ki, bunlar hamısı görüntüdür. 10 noyabr bəyanatının müddəaları ilə bağlı onlara əsas sərf edən bir məsələ var. Zəngəzur dəhlizi işlək vəziyyətdə olarsa, Rusiya FSB-si ora nəzarət edəcək. Bu müddəanı əsas götürərək, onun həyata keçməsinə çalışırlar. Qalan addımlar cinah yanaşmalardır və əsas məsələni möhkəmlədib, xalqa mələk donunda görünmək üçündür. Təbii ki, heç bir halda Rusiya prosesdən kənarda qalmaq istəmir. Qarabağ prosesi bitdiyi üçün daha çox sərhəd məsələlərində maraqlıdır. Sərhədlərdə hər iki ölkədə təsir imkanlarını saxlamaq istəyir. Zəngəzur dəhlizində də noyabr bəyanatı kimi ciddi bir sənədə istinad etməyə çalışır. Bir daha təkrarlayıram ki, məqsəd siyasi ambisiyaları, dominantlığı, moderatorluğu təmin etmək, qorumaq, mövqeləri saxlamaqdır. Amma bu halda belə istəklərini dini, mədəni, tarixi abidələrin qorunması şüarı altında gizlədirlər. Bu o qədər sadə yanaşmadır ki, onların əsas istəklərini gizlətmələri mümkün deyil”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 580 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed