Şrift:
Güney Azərbaycan Xəbərləri
15.03.2012 [15:06] - Güney Azərbaycan-Təbriz
ANKARADA İRAN BÖYÜK ELÇİLİYİN QARŞISINDA , ETİRAZ AKSİYASI KEÇİRİLƏCƏK
Güney Azərbaycan Xəbərləri





“İran” sərhədləri içərisində yaşayan Güney Azərbaycan Türklərinə qarşı təzyiqləri artıran İran rəhbərliyi keçdiyimiz günlərdə onlarla jurnalist, qəzetçi, mədəni aktivist, insan haqqları müdafiəçisi, şair və Türk dil və ədəbiyyat müəllimini həbs edərək nəzarətə alıbdır, hələlik vəziyyətləri naməlum bir şəkildə davam etməkdədir.Türkiyədə yaşayan Azərbaycan Türkləri olaraq İran sərhədləri içərisində yaşayan Azərbaycan Türklərinə qarşı icra edilən asimilasyonu, alçaltma siyasətlərini, işgəncə və insan haqqları pozuntularının son verilməsini, Türkcə təhsil qadağanını ortadan qaldırılmasını və həbs olunan bütün Azərbaycanlı aktivistlərin qeydsiz şərtsiz sərbəst buraxılmaları üçün 17 Mart şənbə günü saat 11.30 da Ankarada İran Böyük Elçiliyin qarşısında İran rejiminin bu haqsız davranışlarını qınayaraq etirazımızı bildirəcəyik.Bu etiraz nümayişi Ankarada yaşayan Azərbaycanlı öyrənci və fəalları tərəfindən təşkil edilmişdir, heç bir təşkilat və örgütə bağlılığı yoxdur.


Həbsdə olan 4 nəfər milli fəaldan yeni xəbər
Güney Azərbaycan Xəbərləri






DAVAM saytına gələn məlumata əsasən dustaqdakı öyrəncilər ittilaat təcridxanasından Təbriz zindanına aparılıblar, 50 gün xəbərsizlikdən sonra bugün Ruzbeh Səadeti yoldaşlarına zəng açaraq ittilaat bazdaştxanasından,zindana göndərildikləri xəbərini verib.Alınan məlumata görə Ruzbehlə birgə , Əfşin Şəhbazı və Məhəmməd Əhədi də Təbriz zindanının qərntinəsina göndəriliblər. Hələlik soydaşlarımız azad olmasalarda ittilaatın şikəncəxanasından qurtulduqları üçün bu xəbər öz yerində sevindiricidir.Anlatılanlara görə tutuqlu soydaşlarımızın ruhiyələri güclüymüş, təkcə nigərançılıqlarını İbrahım Rəşidi Savalandan xəbərsiz olduqlarını bildiriblər.

Rusiya və Ermənistan arasında məsləhətləşmə: “İrana hücum olarsa, Ermənistanın aqibəti necə olacaq?”
Güney Azərbaycan Xəbərləri





Rusiya və Ermənstan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr başlayıb.Danışıqlara Ermənistan tərəfdən Edvard Nalbandyanın MDB (Müstəqil Dövlətlər Birliyi) üzrə məsləhətçiləri, Rusiya tərəfdən isə Xarici İşlər Nazirliyinin MDB ölkələrinin 4-cü departamentinin (bölümünün) rəhbəri Aleksey Pavlovski qatılıb. “Lider TV” yaydığı məlumata görə, Müzakirələr qapalı keçirilib. Ermənistanla Rusiya arasında aparılan məsləhətləşmələrin təfərrüatlar açıqlanmır. Yalnız o bilirilir ki, tərəflər regional (bölgəsəl) problemləri müzakirə ediblər.
Bəzi mənbələrin verdiyi xəbərə görə, məsləhətləşmələrin əsas mövzusu İranla ABŞ (Amerika Birləşmiş Ştatları) arasında siyasi gərginlik və müharibə başlayacağı təqdirdə bunun Cənubi Qafqaz regionuna, xüsusən də Ermənistana təsiri məsələsi olub. Ümumiyyətlə, ekspertlərin (karşünasların) qənaətincə, ABŞ-la İran arasında müharibənin başlaması regionun ən zəif ölkəsi olan Ermənistan üçün böyük fəlakət ola bilər. İşğalçı ölkənin özündə də ABŞ-İran müharibəsi başlayacağı təqdirdə «Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunması» fobiyası hökm sürür. İrəvanın narahatlığına səbəb Birləşmiş Ştatların Ermənistanla bağlı siyasətidir. Bu gün İrəvan yalnız regionda Amerikanın geostarteji maraqlarına cavab verməyən tərəf olmaqla yanaşı, İranla sıx əlaqəsi ilə də seçilir. Son vaxtlar İranla nəzarətsiz ərazilərə malik olduğu üçün işğalçı ölkədə radioaktiv nüvə materialı (məvadd) qaçaqçılığı barədə, buradan irana radioaktiv maddələrin daşınması ilə bağlı informasiyalar da var. Bu baxımdan Ermənistan Birləşmiş Ştatlar üçün arzuolunmaz tərəf hesab olunur. Analitiklərin (təhlilçilərin) məntiqinə görə, Birləşmiş Ştatların İranda qələbə çalması Vaşinqtonun Cənub Qafqaz regionunda liderliyi ələ alması ilə nəticələnəcək. Ağ Evin Minsk qrupunun həmsədri kimi rolu artacaq. Nəzərə alsaq ki, Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı strategiyası separatçı (bölücü) rejimin və təcavüzkar Ermənistanın mövqeyindən çox uzaqdır. Bu baxımdan müharibənin başlaması Ermənistanın blokada (mühasirə) vəziyyətinə düşməsi və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll ediləcəyi bildirilir. Belə məqamda Rusiyanın öz forpostuna hansı səviyyədə yardım etməsinə gəlincə, bəzi proqnozlara görə, İranla ABŞ arasında müharibə başlayacağı təqdirdə Moskvanın İrəvanı silahla təchiz etmə siyasətinin üstündən də xətt çəkiləcək. Rusiyanın regiondakı forpostu hesab etdiyi Gümrüdə yerləşən 102-ci hərbi bazanın (payqah) əhəmiyyəti isə demək olar ki, qalmayacaq. Ekspertlər (karşünaslar) hesab edir ki, ümumiyyətlə, 102-ci baza məhdud təchizat qabiliyyətinə malikdir və texniki imkanlar baxımından irimiqyaslı hərbi müdaxilələrdə əhəmiyyəti demək olar ki, yoxdur.


İran parlamentində dava düşüb
Güney Azərbaycan Xəbərləri






İran parlamenti binasının qarşısında ölkə prezidenti Mahmud Əhmədinejadın tərəfdarları ilə əleyhdarları arasında mart ayının 14-də dava düşüb. İLNA agentliyinin verdiyi məlumata görə, dava səhər saatlarında Əhmədinejadın parlament tribunasından deputatların suallarını cavablandırarkən baş verib.

Parlament binası qarşısında yaranmış vəziyyət o həddə çatıb ki, polis və xüsusi təyinatlılar davaya müdaxilə etmək məcburiyyətində qalıb.

İranda martın 13-də 5 nəfər edam edilib
Güney Azərbaycan Xəbərləri




Məlumata görə edam hökmü çıxarılan 3 nəfər Qəzvin, 2 nəfər isə Məşhəd şəhərində asılıb. Üç məhbus narkotik maddələrin qaçaqmalçılığında, 2 nəfər isə təcavüz etməkdə təqsirləndirilib lakin hüquq müdafiçiləri edam olunanları rejimə müxalif olduqları ehtimal edirlər .

Qeyd edək ki, İran edam cəzalarının sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.

İRAN SAYTI: “AZƏRBAYCAN HAKİMİYYƏTİNDƏ PARÇALANMA O QƏDƏR GENİŞLƏNİB Kİ, VAHİD SİYASƏT YÜRÜTMƏKDƏ ACİZDİR”

Güney Azərbaycan Xəbərləri




İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) keçmiş komandanı, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəri Möhsün Rzayiyə bağlı “Tabnak” saytı Azərbaycan Respublikası hökumətinə və onun rəsmilərinə qarşı yazı dərc edib.
Martın 14-də saytda yerləşdirilən “Azərbaycan Respublikasında İranla əlaqədə olan şəxslərin tutulması iddiası” başlıqlı yazıda deyilir: “Azərbaycan Respublikasının İrana qarşı düşmənçilik hərəkətlərinin ardınca bu ölkənin Milli Təhlükəsizlik Nazirliyi bəyanat yayaraq bildirib ki, İranla əlaqədə olan, sionist rejimin və Amerikanın Bakıdakı səfirliklərinə qarşı hücum planları hazırlamaqda günahlandırılan 22 Azərbaycan vətəndaşını tutub.
İddia edilib ki, tutulan şəxslər “Sepah”ın göstərişi ilə Amerika, sionist rejimi və digər Qərb ölkələrinin səfirliklərinə və onların işçilərinə qarşı terrorçu əməliyyatlar həyata keçirmək niyyətində olublar. Bildirildiyinə görə, tutulanlar 1999-cu ildən başlayaraq əməkdaşlığa cəlb olunub, İranın hərbi mərkəzlərində silahdan necə istifadə etmək və casusluq yolları ilə bağlı təlimlər keçib, Azərbaycanda xarici şirkətlər, səfirliklər və qurumlar haqda məlumat toplamaq üçün yetişdirilib. Bildirilir ki, “Sepah”ın Əkbər Pakrəveş adlı bir zabiti diqqət doğurmamaq və iz itirmək üçün həmin şəxslərlə Dəməşq və Moskvada görüşərək onlara pul və avadanlıqlar verib.
Azərbaycanın yeni iddiası elə bir halda irəli sürülür ki, bu ölkənin yüksək rütbəli rəsmilərinin İranın nüvə alimlərini şəhid edən terrorçularla əməkdaşlığında şübhə yoxdur. Bundan başqa bir iranlı sərhədçisinin Azərbaycan sərhədçilərinin əli ilə şəhid olması, Azərbaycanın sionist rejimin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi bu qondarma rejim rəsmilərinin utanmazlığından və həyasızlığından xəbər verir.
Bu rejimin müdafiə nazirinin İrana səfər etməsindən və “Azərbaycan kimi kiçik bir ölkə heç vaxt İran kimi böyük bir ölkə ilə düşmənçilik fikrinə düşməz” deməsindən sonra belə güman olunurdu ki, Azərbaycan Respublikasına hakim rejimin rəsmiləri ağıllanıblar. Lakin irəli sürülən bu son bəyanatlar onu göstərir ki, bu ölkənin rəsmilərinin ağılları başlarına gəlməyib. Azərbaycan hakimiyyətindəki parçalanma o qədər genişlənib ki, vahid siyasət yürütməkdə də acizdir”.

İRAN SAYTI AZƏRBAYCANIN MÜDAFİƏ NAZİRİNİN SƏFƏRİNDƏN YAZIB
Güney Azərbaycan Xəbərləri





İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) keçmiş komandanı, hazırda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəri Möhsün Rzayiyə bağlı “Tabnak” saytı Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin bu ölkəyə səfərinə toxunaraq Azərbaycan Respublikasını İranın “sülhməramlı” xarici siyasətindən sui-istifadə etməkdə günahlandırıb.
Martın 13-də saytda yerləşdirilən “Azərbaycan müdafiə nazirinin İranla bağlı mövqeyinin səbəbi nədir?” başlıqlı yazıda deyilir: “Azərbaycanın müdafiə naziri İranın yüksək rütbəli hərbi və təhlükəsizlik rəsmiləri ilə görüşündə elə bir həqiqəti etiraf etdi ki, əslində bundan əvvəl ona toxunmalı idi. O həmin görüşlərin birində belə deyib: “Azərbaycan kimi kiçik bir ölkə heç vaxt İran kimi böyük bir ölkə ilə düşmənçilik fikrinə düşməz”. Azərbaycan Respublikası rəsmilərinin İran və islam əleyhinə apardığı təbliğata baxmayaraq nazirin söylədiyi bu söz düz və məntiqlidir. Lakin Azərbaycan müdafiə nazirinin birdən-birə belə bir mövqe sərgiləməsi təsadüfi deyil.
Bizim sayt bundan əvvəl də qeyd etmişdi ki, Azərbaycan Respublikası rəsmilərinin İrana və islama zidd təbliğatının qarşısını almağın mühüm yollarından biri bu ölkəylə bağlı ağıllı və qətiyyətli siyasət yürütməkdir. Son vaxtlarda İranın siyasi və hərbi rəsmiləri belə bir üsul və siyasətlə Azərbaycan hökuməti ilə rəftar ediblər. Hətta əldə etdiyimiz məlumatlara görə, Azərbaycan Respublikası ilə kiçik sərhəd qarşıdurmalarında bu ölkənin hərbi və təhlükəsizlik məmurları ilə qətiyyətli və qüdrətli davranıblar. Belə ki, Azərbaycan Respublikasının rəsmiləri gənc İran sərhədçisinin şəhid edilməsi cəsarətini nəinki unudublar, hətta öz müdafiə nazirlərini tələm-tələsik İrana göndərməklə bu ölkənin İranla bağlı yeni mövqeyini rəsmilərimizə elan ediblər.
Belə görünür ki, iranlı alimləri terror etmək üçün terrorçular yetişdirən Azərbaycan Respublikası kimi ölkələr bundan sonra ayıq olmalı və İranın qonşu ölkələrlə sülhməramlı xarici siyasət yürütməsindən sui-istifadə etməməlidir. Onlar (Azərbaycan Respublikası) regional bir qüdrət sayılan İranın səbir və dözümünü onun zəifliyi kimi qiymətləndirməməli, keçmişdə buraxdıqları səhvləri düzəltməyə çalışmalıdırlar”.

DİNİ LİDER SİSTEMİN MƏSLƏHƏTİNİ MÜƏYYƏNLƏŞDİRƏN QURUMDA DƏYİŞİKLİK ETDİ. RƏFSƏNCANİ YERİNDƏ QALDI
Güney Azərbaycan Xəbərləri






Martın 14-də İranın dili lideri ayətullah Əli Xamneyinin hökmü ilə ayətullah Haşimi Rəfsəncani daha 5 il müddətinə Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi vəzifəsinə təyin edilib.
Xamneyinin qərarında 1988-ci ildə İran İslam Respublikasının qurucusu ayətullah Xomeyninin hökmü ilə quruma üzv seçilən, İran müxalifətinin bir ildən çoxdur həbsdə saxlanan lideri Mirhüseyn Musəvinin qurumun üzvlülüyündən kənarlaşdırılması da nəzərdə tutulur.
Mirhüseyn Musəvidən başqa qurumun əvvəlki üzvləri Məhəmməd İmami Kaşani, Məhəmməd Reyşəhri, Məhəmmədrza Təvəssüli, Bijən Namdar Zəngənə və Məhəmməd Haşimi (Rəfsəncaninin qardaşı) qurumun üzvlüyündən çıxarılıb. Onların yerinə Mahmud Haşimi Şahrudi, Mahmud Məhəmmədi İraqi, Qulamrza Mesbahi Müqəddəm, Məhəmmədhüseyn Səffar Hərəndi, Hüseyn Məhəmmədi, Sadıq Vaizzadə və İranın hazırkı müdafiə naziri Əhməd Vəhidi gətirilib.
Bu xəbər oxucular tərəfindən 1822 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed