Şrift:
Bizə kim kömək edəcək?
11.10.2011 [16:54] - Sosial
Məncə, insan ancaq o dəyərlərə sığınmalıdır ki, onun mahiyyətini dərk edir. Çünki mahiyyətini qavramadığı dəyərə sığınmaq əksər hallarda insanın həmin dəyərlərə xəyanətilə nəticələnir. İranın islamçılığı, 1970-80-ci illər Türk millətçiliyi bunun bariz nümunələridir.
Yox, əfəndim, mən əsla sizə siyasətdən danışmaq haqqında fikirləşmirəm. Sizə nəsə öyrətmək də mənim həddimdə deyil. Mən sadəcə sizə bir əhvalat danışacağam ki, fikrimi ifadə etsin.
İki-üç ay əvvəl millətçi dostlarımla çayxanada oturub söhbət edirdik. Çində uyğur türklərini, Cənubi Azərbaycanda soydaşlarımızın vəziyyətlərini, Böyük Turan xəritəsini müzakirə edərkən bir də gördük ki, iki saat keçib. Dostlarım hansısa toplantıya tələsirdilər deyə onları tutmadım, sadəcə təklif etdim ki, metrostansiya tərəfə bir yerdə düşək.
Bakı Dövlət Universitetinin yanına çatmışdıq ki, diqqətimizi “yalvaaaram-yalvaaaram, köməy eliyün-köməy eliyün” deyə ahu-nalə qaldıran 70-80 yaşlı qadın çəkdi. Əslində o artıq neçə ay idi ki, bu ətrafda dolanırdı, amma biz onun dilənçi olduğunun məhz bu gün fərqinə varmışdıq. Açığını deyim, indiyəcən o qadını görmədiyimə görə bir az utandım. Amma yanımdakıların bu an etdikləri mənə olanları unutdurdu. əhvalat belə oldu: yanımdakı oğlanlardan biri qoca qarının əlindəki zənbili əlindən alıb gülməyə başladı. Mən bundan əsəbiləşdim və zənbili oğlandan alıb qadına qaytardım. Bunun ardınca yanımdakılardan biri qarının üzünə irişə-irişə soruşdu:
-Köməy eliyim?
-Hə, elə də-qarı sanki ümidləndi. Odur ki, üzü gülməyə başladı. Oğlan də elə bunu gözləyirmiş kimi qəfildən dilləndi:
-Biz sənə kömək eləsək, bizə kim kömək eləyəcək?
Qarı əvvəlcə donub qaldı, sonra isə üzünü çevirib deyinə-deyinə yolun o biri tərəfinə keçdi. Mən bu hadisələri izləyə-izləyə düşünürdüm. Oğlan haqlıydı, doğrudan da bizə kim kömək edəcək?
Bunlarmı?!

Şahlar Ruhi
Bu xəbər oxucular tərəfindən 1384 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed