Şrift:
Cavidan Elbars İran Mediasının ona qarşı irəli sürdüyü ittihamlarla bağlı danışıb
27.03.2012 [11:58] - Müsahibə
Azərbaycanda yaşayan (Güney Azərbaycanlı) siyasi mühacir Cavidan Elbarsin verdiyi müsahibəsini təqdim edirik.


İran mediyasının irəli sürdüyü ittihamlarla bağlı verilən müsahibə olduğu kimi təqdim olunur:



“Son zamanlar İranın hakim dairələrinin Azərbaycan Respublikasına (Cümhuriyyətinə) qarşı çeşidli təhdid və təxribatları içərisində diqqəti çəkən “ittihamlardan” biri guya Azərbaycanın antiiran qüvvələrinə qucaq açmasıdır. Belə ki, İran mediasında Azərbaycanda yaşayan iranlı (Güney Azərbaycanlı) siyasi mühacir Cavidan Elbars haqında bir sıra ittihamlar irəli sürülüb.



Məlumatda bildirilir ki, guya “İranın nüvə alimlərinə qarşı terrorçu əməliyyatların həyata keçirilməsində rolu olan “Mossad”ın Bakıdakı casusu "Cavidan" təxəllüslü Cəfər Xoşzəbandır və Mossadın Bakıdakı “casus”una Azərbaycan Respublikasının təhlükəsizlik orqanları tərəfindən hərtərəfli dəstək verilib. İran İslam Respublikası Mossadın iranlı casusunun qaytarılmasını tələb edir”.



Modern.az saytı, haqqında ağır ittihamlar səsləndirilən Cavidan Elbarsla (Cəfər Xoşzəban) əlaqə yaradaraq ondan bu məsələlərə münasibət öyrənə bilib.



- İranın hakim dairələrinə yaxın medianın məhz Sizi hədəf seçməsinin səbəbi nədir?



- Düzü bu haqda ciddi bir fikir demək istəmirəm. Hər hansı başqa birisinə də bu böhtan atıla bilərdi. Bundan öncə də Tehran rejimi tərəfindən dəfələrlə başqa ictimai-mədəni fəallar haqqında oxşar uydurmalar səsləndirilib. Məqsəd həm Azərbaycan Respublikasına təzyiq göstərmək, həm də Güneydəki Azərbaycan Milli Hərəkatının mədəni və demokratik imicinə zərbə vurmaq, onu başqa cür təqdim etməkdir.



- Bəs niyə nüvə alimlərinin qətli ilə bağlı məsələdə adınız hallandırılıb?



- Tehran rejiminin nüvə alimi adlandırdığı şəxslərin rejimin özü tərəfindən öldürüldükləri haqqında ciddi fikirlər var. Belə fikirlər hətta İranın hakimiyyətdaxili quruplaşmaları tərəfindən belə səsləndirilməkdə, bu fikirlər ara-sıra mətbuata belə çıxmaqdadır. Bundan başqa, rejim belə cəfəngiyyatları yaymaqla özünün cinayətkar və terrorçu mahiyyətini pərdələməyə, özünü “məzlum” göstərməyə çalışır. Son zamanlar Gürcüstanda, Hindistanda, Tailandda və başqa bir neçə ölkədə Tehran rejiminin terror əməliyyatları faktlarını, dünya ictimaiyyətinin buna sərt reaksiyasını (əksüləməl) nəzərə alsaq belə, uydurmaların onlar tərəfindən səsləndirilməsinin mahiyyətini daha yaxşı başa düşmək olar.



Bu uydurma xəbərdə hansısa başqa bir ölkənin adının hallandırılması isə iftiraçıların məqsədlərini daha yaxşı göstərir. Tehran rejimi bizim məsələmizi problemləri olan başqa bir ölkə ilə bağlamağa çalışmaqla Azərbaycanın milli-mədəni hərəkatını başqa dövlətlərdən asılı göstərməyə çalışır. Hansı ki, bu belə deyil və heç zamanda ola bilməz.



İkincisi isə məncə bu tip uydurmalar, iftiralarla bağlı Azərbaycan mətbuatında geniş müzakirəyə ehtiyac yoxdur. Tehran rejiminin və ona bağlı bir sıra ara qarışdıran mətbu orqanların məqsədi həm də belə müzakirələrin genişlənməsi, ictimailəşməsi və bu vasitə ilə Azərbaycanda çaşqınlıq yaratmaqdan ibarətdir. Təssüflər ki, Azərbaycan Respublikasında bir sıra müstəqil qəzetlər Tehran rejiminin hər hansı uydurmalarını, Azərbaycanla bağlı iftiralarını dolayısı yolla təsdiq etmiş olurlar.



- Bu iddialarla bağlı Azərbaycanın dövlət qurumları Sizi çağırıb sorğu-sual edibmi?



- Hər halda Azərbaycan Respublikasının əlaqədar dövlət qurumları daha çox bilgili olduqları üçün belə qeyri-ciddi iddialara əhəmiyyət verməmələri təbiidir.



- Hal-hazırda haradasınız?



- Hər zaman olduğu kimi Bakıdayam və hansısa cəfəng və gülünc iddialardan dolayı şəhəri, ölkəni deyil, heç yaşadığım evi belə dəyişmək fikrim yoxdur.



- Sizə atılan bu böhtanla bağlı İranı beynəlxalq məhkəməyə vermək fikriniz varmı?



- Bu yöndə xaricdə yaşayan dostlarımız bir sıra addımlar atıblar və bunun ardını davam etdirməkdədirlər. Sadəcə, bu haqda hələlik geniş söhbətə ehtiyac olmadığı fikrindəyəm.”
Bu xəbər oxucular tərəfindən 1783 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed