Şrift:
Güney Azərbaycanın qərb bölgəsində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım
31.03.2012 [17:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
1918-ci ildə Azərbaycanın hər iki şimal və cənub hissəsində baş verən soyqırım vahid məqsədlə təşkil edilmiş bir prosesin tərkib hissəsi olmuşdur. Əslində ermənilər “dənizdən dənizə” dövlət qurmaq məqsədilə yüz ildən artıq bir dövrdə əllərinə fürsət düşdükcə Azərbaycan türklərinə qarşı soyqırım həyata keçirmişlər. Daha əvvəllər şimali Azərbaycan və Türkiyə ilə məhdudlaşan bu proses I dünya müharibəsindən sonra Cənubi Azərbaycana da genişləndi. Lakin ermənilər Azərbaycanın və Şərqi Anadolunun heç bir yerində əksəriyyətdə deyildilər. Onlar yalnız kiçik dini və etnik azlıq olaraq dağınıq şəkildə Azərbaycanın bəzi bölgələrinə köçüb yaşayırdılar. Ona görə də Erməni dövləti qurmaq üçün yerli türk əhalini qırıb, onların ərazisi hesabına böyük Ermənistan yaratmaq lazım idi. Azərbaycan türklərinin ermənilər tərəfindən soyqırıma məruz qalmasının əsas səbəblərindən biri bu idi. Lakin dağınıq şəkildə olan bu kiçik azlıq, Azərbaycan türklərinə qarşı təklikdə yəqin ki, soyqırım törətmə gücünə malik ola bilməzdi.

Təbii ki, ermənilər tərəfindən kütləvi qətliamın həyata keçirilməsində Rusiya və xristian təəssübü çəkən imperialist Qərb dövlətləri, o cümlədən İngiltərə, Fransa və ABŞ-ın da xüsusi rolu olmuşdur. Həmin dövlətlərin nümayəndələri, eləcə də onlara bağlı olan missioner təşkilatlarının köməyi ilə müsəlman türk dövlətlərinin, xüsusilə Osmanlı imperatorluğunun qonşuluğunda həm də özlərinə dayaq yeri kimi xristian dövlətinin qurulması üçün erməni və aysorları təşkilatlandırmağı nəzərdən keçirirdilər. Onlar hələ XVIII yüzilliyin birinci yarısında Rusiyanın Azərbaycanı ikiyə parçalamasından sonra, Güney Azərbaycanın qərb bölgəsinə, Urmiyaya dini missiyalarını göndərib, din pərdəsi altında dini və etnik azlıq olaraq bəzi kəndlərdə səpələnmiş şəkildə yaşayan erməni və aysorları təşkilatlandırmağa başladılar. Xristianlar, xüsusilə ermənilər rusları görən kimi aborigen türk əhalinin yaxşılıqlarını unudub, istər Azərbaycanda, istərsə də Osmanlı ərazisində onlara xəyanət edib, açıq və gizli şəkildə rusları dəstəklədilər. Belə ki, bütün regionda Azərbaycan və Osmanlı əleyhinə əsgər kimi rus bayrağı altına keçib döyüşən ermənilərin sayı 250 min nəfərdən çox idi [T. Məlikzadə, Azərbaycan I Dünya müharibəsi illərində ya ciloluq faciələri, s. 17].

Birinci dünya müharibəsi başlayarkən Güney Azərbaycanın qərb bölgəsi xristian dövlətlərindən Rusiya, İngiltərə, Fransa və daha sonra ABŞ üçün münasib fəaliyyət zonasına çevrilmişdir. Hələ ondan əvvəl də adı çəkilən dövlətlər, törədəcəkləri fitnəkarlıq üçün hazırlıq görmüşdülər. Buna sübut olaraq İstanbuldakı səfir M. Girsə ünvanlanan teleqramı xatırlatmaq yerinə düşərdi. “№ 298, III Siyasi şöbənin məsləhətçisi İstanbuldakı səfir M.Girsə, Teleqram № 2851, 23/10 sentyabr 1914-cü il, Ali Baş komandan və Qafqaz canişini ilə razılığa əsasən Türkiyə ilə müharibə olacağı təqdirdə ermənilərin, aysorların və kürdlərin üsyanını vaxtında hazırlamaq qəbul edilmişdir. Dəstələr Azərbaycandakı (Güney Azərbaycan nəzərdə tutulur - M.Q.)bizim konsulların və bizim oradakı dəstə rəislərinin nəzarəti altında fars administrasiyasından tamamilə gizli hazırlanmışdır. Tüfənglər hazırlanmışdır, lakin onlar yalnız lazım olduqda veriləcəkdir. Pulla maliyyələşdirməkdən ötrü kredit də vardır. Dəstələr fəal hərəkətə yalnız bizim icazəmizlə başlayacaqlar [M. Qasımlı, “Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti III hissə”, s. 13].

Sizin admiral Edqarda olan teleqramınıza istinad edən nazir bu gün baş qərargahın rəisinə teleqram vurmuşdur. O, belə hesab edir ki, vəziyyət mürəkkəbləşdikdə vaxt itirmədən yuxarıda göstərilən tədbirləri hazırlamağa başlamaq lazımdır, lakin hələ vəziyyəti üsyan dərəcəsinə çatdırmağı məqsədəuyğun sayır.” [M. Qasımlı, “Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti III hissə”, s. 13]. Qeyd edilən dövlətlərin xristian və müttəfiq olmaları onların fəaliyyətlərinin də bir-birinə uyğun olmasına gətirib çıxarırdı. Həmin dövrdə adı çəkilən xristian dövlətləri tərəfindən Osmanlı əleyhinə qaldırılan cilo adlanan aysorlar da məğlub olub, başçıları ilə birlikdə 40 min [Həsən Ənzəli, Urmiya zaman keçidində, s. 343] nəfərə qədəri Urmiya, Salmas və Xoy bölgəsinə sığınmışdılar. Güney Azərbaycanın qərb bölgəsinə sığınan 40 min aysordan əlavə Urmiyanın ətraf kəndlərində və Urmiyada azlıqda dağınıq şəkildə yaşayan erməni və aysorlar da səfərbər edilmişdilər. Eyni zamanda Azərbaycanın Şimal hissəsində qırğın törədib, Güneydə həmin prosesin davamına yardım üçün Qafqaz ərazisindən gələn qaçaq adlanan ermənilər də regiona gəldilər. Ona görə də, regionda xristian ordusunun formalaşdırılması üçün canlı qüvvə məsələsinin müəyyən dərəcədə reallaşdığını görən adı çəkilən xristian dövlətləri mənfur niyyətlərinin reallaşdırması istiqamətində fəaliyyətlərini stimullaşdırdılar. Lakin həmin dövrdə Rusiyada 1917-ci il Oktyabr çevrilişi baş verir. Rusiya regiondan geri çəkilməli oldu. Lakin onların silah-sursatı ermənilərə verilir. Eyni zamanda Rusiya konsulu Nikitin və bir çox rus zabiti xristian ordusunun təşkilatlandırılması üçün regionda qalmışdı. Onların birbaşa iştirakı və Fransa, İngiltərə və ABŞ-ın maddi və s. yardımı ilə erməni-aysor silahlı qoşunu təşkil edildi.

Təşkil edilən “xristian ordusu 20 minə yaxın çevik erməni-aysor, 800 rus sərkərdəsi və 72 fransız sərkərdəsindən ibarət idi. Ordu 25 topa və 100 ədəd pulemyot, minlərlə tüfəng, tapança və aidiyyatı silaha malik idi. Məsələnin siyasi tərəfi və yönəldilməsi rus konsulu Nikitin, ABŞ konsulu mister Şed, Fransa xəstəxanasının (Urmiyadakı) rəisi müsyö Qujulun əlində idi” [Əhməd Kavianpur, Urmiya tarixi, s. 309].

Xristian ordusu yaradılandan sonra 1918-ci ildə Şimali Azərbaycanla eyni vaxtda Urmiya, Salmas, Xoy, Sulduz və digər Azərbaycan şəhər və kəndlərində Azərbaycan türklərinə divan tutuldu. Əhali vəhşicəsinə qətlə yetirildi. Məqsəd əhalini qırmaq və dağınıq şəkildə azlıqda yaşayan xristianlara dövlət yaratmaq olduğu üçün əllərinə keçən uşaq, qadın, qocaya baxmır, hamını qətlə yetirirdilər. Hücuma keçən erməni silahlıları hətta öz ailələri ilə gəlmişdilər ki, əhalini qırıb qurtardıqdan sonra, bu yerlərdə öz ailələrini yerləşdirib erməni dövləti yaratsınlar. Belə ki, Andronik silahlı dəstəsi ilə Araz boyu əhaliyə divan tutduqdan sonra, erməni ailələri ilə birgə Xoya hücuma keçir. Məqsədi Xoyu tutub əhalini qətliam etdikdən sonra həmin erməni ailələrini oraya yerləşdirmək idi.

Bütün bunlar göstərir ki, Azərbaycan türklərinə qarşı ermənilər tərəfindən törədilən soyqırım həm Şimalda həm də Cənubda həyata keçirilmişdir. Yəni azərbaycanlılara qarşı hazırlanan və həyata keçirilən həmin mənfur plan bir-birindən ayrı deyil, eyni dövrdə vahid bir xalq üçün həyata keçirilmişdir. Burada da məqsəd “Böyük Ermənistan” dövləti yaratmaq idi. Deməli, soyqırım məsələsi vahid prosesdir. Xoşbəxtlikdən Azərbaycan Respublikası müstəqil dövlət olduğu üçün azərbaycanlılara qarşı törədilən soyqırımın şimal qolunu burada işləməyə diqqət ayrılmışdır. Lakin Güney qolu, xüsusilə Azərbaycan Respublikasında az işlənmişdir. Halbuki, Güney Azərbaycanda həmin proses Azərbaycanın şimal hissəsindən daha kəskin olmuşdur. Belə ki, həmin soyqırım nəticəsində təkcə Urmiya, Salmas və ətraf kəndlərində 200 min nəfərə yaxın müsəlman, azərbaycanlı qətlə yetirildi.

Bu gün Türkiyəni etmədiyi soyqırımda günahlandıran Qərb dövlətlərinin nümayəndəlikləri və göndərdiyi missioner təşkilatları, eləcə də həmin dövlətlərin birbaşa yardımı ilə Azərbaycanın qərb bölgəsində yaradılan erməni-aysorlardan ibarət xristian ordusu, Azərbaycan xalqını tam qətliam edib bir xalq kimi yer üzündən silməyi qarşıya məqsəd qoymuşdu. Lakin bu məqsədə onların tam şəkildə nail olmasına Osmanlı ordusu mane oldu. Belə ki, 1918-ci il fevral ayından başlayan qətliam “Osmanlı qoşununun Urmiyaya daxil olması və xristianların qaçması ilə 1 avqust 1918-ci il tarixədək yəni 159 gün davam etmişdir” [Həsən Ənzəli, Urmiya zaman keçidində, s. 379].

Məsələnin canlı şahidi olmasa da, müəyyən sənədlər əsasında Güney Azərbaycanın qərb bölgəsində baş verən soyqırımda can itkisinin sayı haqqında fikrini bildiriən Əhməd Kəsrəvi, ABŞ-ın Urmiyadakı konsulu doktor Şedin istər xristian ordusunun yaradılmasında, istərsə azərbaycanlı əhalinin qətliam edilməsində rolunu nəzərə alaraq yazırdı: “Beləliklə, doktor Şed və onunla əlbir olanların fitnəkarlığı, eləcə də erməni və ciloların vəhşiliyi və törətdiyi qırğın nəticəsində Urmiya və Salmasda 130 min Azərbaycan türkü qətlə yetirildi” [Seyid Əhməd Kəsrəvi, Azərbaycanın 18 illik tarixi, s. 763]. Lakin qeyd edildiyi kimi onun 130 min rəqəmini qeyd etməsi heç bir fakta əsaslanmır. Daha dəqiq və inandırıcı rəqəm can və mal itkisini hesablayan komissiyanın hesabatında öz əksini tapmışdır.

Urmiyada Xarici İşlər Nazirliyinin nümayəndəliyində çalışan və rəsmi məmur kimi həm müzakirələrdə iştirak edən, həm də canlı şahid olaraq nazirliyə gündəlik raport yazan şəxs kimi Rəhmətullah xan Mötəmidəlmüzarə, hadisələrdən sonra Xarici İşlər Nazirliyi tərəfindən Urmiya nümayəndəliyində can və mal itkisini müəyyənləşdirməyə dair yaradılmış komissiyanın tərkibində olur. Müəyyən səbəblərə görə komissiyanın digər üzvləri sona qədər iştirak edə bilmir və o özü təkbaşına iki ay müddətinə gecə-gündüz can və mal itkisini siyahıya alır. O, əsərinin 230-cu səhifəsində yazır: “can və mal itkisinin bəzi məhəllə və kəndlərdə hələ müəyyənləşdirilməməsinə baxmayaraq, xəsarət vərəqələri üzərindən hesablamalara görə I Dünya müharibəsinin başlanğıcından öldürülmə, xəstəlik və vəfatla bağlı can itkisinin sayı yüz altmış min nəfər, maliyyə xəsarəti isə səksən milyon yüz altmış krur-tümən məbləğində oldu. Təcavüz hallarını əhalidən həya edib yazılmadığına baxmayaraq, təcavüz faktlarının sayı bir neçə mindən çox idi. Əlbəttə, xəsarət və can itkisi hesablanmayan bir sıra yerləri də bura əlavə etsək yəqin ki, maliyyə itkisi yüz milyon iki yüz krur tümən, can itkisi isə 200 min nəfərə çatırdı.” [Rəhmətullah xan Mötəmidəlvüzarə, Urmiya dünyanı yanğına bürüyən müharibədə, s. 230]

Göründüyü kimi, Azərbaycanın həm quzey həm də güneyində azərbaycanlılara qarşı baş verən soyqırım vahid bir planın tərkib hissəsi olmuşdur. Bundan məqsəd isə Azərbaycanda yerli əhalini qırıb qurtarmaq və yerində xəyalı böyük Ermənistan qurmaq olmuşdur.



MDHP Güney Azərbaycan Departamaentinin sədri
Əlirza Amanbəyli
Güney Azərbaycanın qərb bölgəsində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən  soyqırım













Güney Azərbaycanın qərb bölgəsində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən  soyqırım



Güney Azərbaycanın qərb bölgəsində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən  soyqırım
Güney Azərbaycanın qərb bölgəsində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən  soyqırım
Bu xəbər oxucular tərəfindən 1780 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed