Şrift:
Güney Azərbaycan Milli Hərəkatı yüksəlişdədir
10.04.2012 [13:35] - Müsahibə, Güney Azərbaycan-Təbriz
Orta Şərq ölkələrində baş verən sosial inqilablardan sonra, indi dünyanın bütün qlobal güclərinin gözü İrana yönəlmişdir. BMT, Avropa Birliyi, digər beynəlxalq təşkilatların diqqəti İrandakı duruma yönəlmişdir. Çünki, İrandakı diktatura rejimi və bu ölkənin beynəlxalq terrorizmə dəstək verməsi indi Yaxın Şərqin ən böyük problemlərindən biri kimi xarakterizə olunur. Digər yandan isə həm ölkə daxilində, həm də mühacir təşkilatlar tərəfindən rejimin dinc yolla və ya inqilabi bir proseslə dəyişməsi kimi fikirlər daha da aktual hesab olunmaqdadır. Təbii olaraq, bu istiqamətdə hər dəfə olduğu kimi, Güney Azərbaycan xüsusilə diqqət mərkəzinə düşür. Çünki, qoca Təbriz və Güney Azərbaycan həmişə inqilablar beşiyi olmuşdur. Hal-hazırda bu prosesin necə inkişaf etməsi barədə Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sədri professor Qulamrza Səbri Təbrizinin fikirlərini öyrənməyə çalışdıq.

- Professor, Siz GAMAC-ın lideri olaraq Güney Azərbaycanla bağlı daxili, həm də beynəlxalq səviyyədə baş verən prosesləri necə görürsünüz?

– İlk öncə qeyd etməliyəm ki, Güney Azərbaycanda əsas hədəf hansısa inqilabi prosesin başlanması hələ ki, ciddi şəkildə hiss olunmur. Çünki, İrandakı rejimə qarşı olan narazıların sayı çox olsa da, bir pərakəndəlik hökm sürməkdədir. Hal-hazırda İran cəmiyyətində bir tərəfdən sosial problemlərin daha da dərinləşməsi, demokratik təsisatların olmaması, müxtəlif xalqların hər birinin ayrı-ayrılıqda öz milli hüquqları uğrunda mübarizəyə qalxması, digər yandan isə rejimin daha da sərt mövqe nümayiş etdirməsi, mürtəce yolunu tutması, xüsusi hərbiləşdirilmiş cəza dəstələrinin hətta fərqli tərzdə düşünənlərə qarşı qəddarcasına və amansızlıqla rəftar nümayiş etdirməsi halları müşahidə olunmaqdadır. Bütün bu haqsızlıqlar ən dəhşətli şəkildə daha çox Güney Azərbaycanda baş verir. Belə ki, Güney Azərbaycanda inkişaf etməkdə olan milli şüurun öz əhatə dariəsini daha da genişləndirməsi, xalqımızın müxtəlif təbəqələri arasında ötən 34 illik fasilədən sonra milli təsənnüd prinsiplərinin inkişaf etməsi Tehran rejimini daha da qəzəbləndiribdir. Güney Azərbaycandakı mövcud problemlər İranın digər bölgələrindən fərqli olaraq daha dəhşətlidir. Bir tərəfdən əhalinin böyük əksəriyyətinin ən ağır və səfalətli durumda yaşaması, digər yandan ana dilində təhsil və mədəni hüquqlara qarşı sərt şəkildə siyasətin ortaya qoyulması, Urmu gölünün qurudulması sayəsində Güney Azərbaycanın iri torpaq sahələrində ekoloji fəlakətlərin baş verməsi, total şəkildə kürdlərin bizim tarixi torpaqlarımızda məskunlaşdırılması, digər ağır problemlərin yaradılması siyasəti artıq bütün vətənpərvər insanlarımız tərəfindən qətiyyətlə rədd edilir. Bütün bunları xaricdə fəaliyyət göstərən Güney Azərbaycan təşkilatları da diqqətlə təqib edir və əllərindən gələn bütün işləri görməkdədirlər. Biz GAMAC təşkilatı olaraq, Güney Azərbaycanın özündə, həm də xaricdəki təşkilatlarımızı birgə, əlaqələndirilmiş səviyyədə fəaliyyət göstərmələrini nizamlamağa başlamışıq. İndi GAMAC-ın Kanada, Finlandiya, İngiltərə, Norveç, Hollandiya, Almaniya, Belçika, Türkiyə, Fransa, Avstriya, İsveç, Danimarka, ABŞ və digər dövlətlərdə nümayəndəlikləri çox ciddi şəkildə xaricdə yaşayan onminlərlə soyadaşlarımızın Güney Azərbaycana yönəlik fəaliyyətlərini uzlaşdırmağa başlamışdır. Biz eyni zamanda Güney Azərbaycanın bütün şəhərlərində cəmiyyətin milli birlik adına bütün təbəqələrinin səfərbər olunması istiqamətində genişmiqyaslı fəaliyyət dairəsini qurmuşuq. Bunun üçün də biz əsasən Məşrutə Hərəkatı, Şeyx Məhəmməd Xiyabani Hərəkatı, nəhayət 21 Azər Hərəkatının ən yaxşı örnəklərinə istinad edərək fəaliyyət göstəririk. Beynəlxalq səviyyədə Güney Azərbaycandakı bütün siyasi məhbusların hüquqlarının müdafiə olunması, ana dilində təhsil, mədəni təsisatların bərpa olunması, milli dildə televiziya və mətbu yayınlarımızın fəaliyyət göstərməsi kimi insani haqları gündəmə gətiririk.

– Güney Azərbaycanın daxilində milli mübarizənin səviyyəsi Sizi qane edirmi?

– Onu qeyd etmək lazımdır ki, bu proses bir dənizə, günəşə bənzəyir. Bəzən dəniz kükrəyir, coşur və iri dalğalarla dünyaya meydan oxuyur. Günəş isə öz hərarətilə gah bizi isidir, gah da qürubda yox olur. Milli Hərəkat da belədir. 1997-ci ilə qədər Güneydə insanlar, cəmiyyət daha çox milli aydınlarımızın, alimlərimizin arxasınca gedirdi. Bu prosesdə professor Məhəmməd Tağı Zehtabi, doktor Həmid Nitqi, doktor Məhəmmədəli Fərzanə, doktor Səməd Sərdarniya, Əli Kamali, Həsən Məcid Savalan, Həsən Bəy Azərbaycan, Qulamrza Saedi, professor Hüseyn Düzgün, Əli Təbrizli, doktor Cavad Heyət, Məcid Səbbaqe, doktor Əkbər Büzürəmin, doktor Əli Daşqın və digər yüzlərlə ziyalılarımız Milli Hərəkatımızın önündə gedirdilər. 1997-ci ildən sonra, Tehran rejiminin fitnələri əsasında bu proses təəssüflər olsun ki, şüarçılıqla əvəzləndi. Milli hərəkata meyilli olan minlərlə vətənpərvər insanları süni şəkildə qabardılan “liderlər”in şüarları altında uçuruma doğru yönəltməklə, əsas hədəflərimizdən onları yayındırmaq üçün dərin siyasətlər yürüdüldü. Biz səbr və təmkinlə bu prosesi ardıcıl şəkildə yenidən öz təbii axarına yönəltmək üçün daim mübarizə apardıq. İndi Tehran rejimi yeni fitnələr qurmağa başlamışdır. Müxtəlif təşkilatlar arasında nifaq toxumunu səpməklə, nüfuzlu şəxslər arasında intriqalar yaratmaqla, bölgələr arasında təzadlı münasibətlər qurmaqla Milli Hərəkatımızın inkişafına qarşı sarsıdıcı zərbələr vurmağı hədəfə almışdır. Bütün bunlar bizləri çox narahat edir. Çünki, biz hər dəfə bir çox işimizi yenidən qurmağa, onu bərpa etməyə xeyli vaxt sərf etməli oluruq. Ancaq, Güney Azərbaycan siyasətinə qarşı çıxanlar unutmasınlar ki, biz bu yolda çoxdan öz kəfənimizi əynimizə geyinmişik. İndi çoxları yaxşı dərk edirlər ki, Tehran rejiminin fitnə-fəsadlarının sonu yoxdur. Şeyx Məhəmməd Xiyabaninin dahiyanə bir fikri yadıma düşür: “And olsun şərəfimə, o millətin ki, istiqlalı yoxdur, onun heç nəyi yoxdur”. Bax, Güney Azərbaycanda ana dilində təhsil almaq, milli dildə qəzet, dərgi, kitab dərc etmək, mədəni təsisatlarını yaratmaq hüquqları əlindən alınmışdır. Elə bunun özü 35 milyonluq bir millətin varlılğını və onu bütün hüquqlarından məhrum etmək, danmaq deməkdir. Milli Hərəkatımız bizim üçün bir namus və şərəf məsələsidir. Çox şükürlər olsun ki, bu ali məramı Güney Azərbaycanda çoxları dərk etməyə başlayıblar. Yoxsulluğa, səfalətə, milli hüquqsuzluğa, kürd separatizminə, fars şovinizminə, paniranizmə və digər dəhşət saçan problemlərə qarşı aparılan mübarizəmiz artıq xalqımızın əzmini daha da gücləndirmişdir.

– Güney Azərbaycanla bağlı bir sıra siyasi təşkilatların proqramları demək olar ki, tamamilə fərqli məzmun daşıyır. Bəziləri İranın daxilində federalizm, digərləri tam müstəqillik, bir başqaları isə sadəcə milli- mədəni hüquqlar uğrunda mübarizə apardıqları elan etmişlər. Siz təcrübəli bir siyasi xadim kimi bütün bunları necə dəyərləndirirsiniz?

– Mən özüm fərd şəklində deyil, GAMAC sədri olaraq deyə bilərəm ki, Güney Azərbaycanın milli davasında bütün cərəyanlarla əməkdaşlıq edirik. Cəmiyyət totalitar düşüncədən uzaqlaşmalıdır. Əsas hədəf ana dilində təhsilin, milli-mədəni hüquqların bərpa olunması, yerli özünü idarəetmə hüquqlarının artırılması, siyasi plürealizmin bərpa olunmasına üstünlük veririk. Güney Azərbaycanın təbii sərvətlərinin istismarı və onların elə öz doğma torpaqlarımızda emal olunması, kənd təsərrüfatının inkişaf etdirilməsi, real milli gəlirlərin ədalətli şəkildə bölüşdürülməsi, insan hüquq və azadlıqlarının qorunması kimi tələblərimizi irəli sürməklə hədəflərimizə nail olmağı millətimizə aşılayırıq. 1945-1946-cı illərdə mövcud olmuş Azərbaycan Milli Hökumətinin irəli sürdüyü islahatları vacib olan strateji hədəf olaraq görürük. Məhz Milli Hökumətin bir illik hakimiyyəti dönəmində son yüz ildə xalqımız əsil azadlığın nə demək olduğunu görmüşdür. Mən özüm həmin illərdə yeniyetmə olmağıma baxmayaraq, azadlığın dadını dadmışam, onun şərbətini içmişəm. Həmin dönəmdən 66 il ötsə də, bütün ömrüm boyu ruhuma hakim olan bir illik Milli Hökumətimizin hakimiyyətinin necə də əziz və doğma olduğunu heç zaman unutmamışam. Elə buna görə də əlli ildən çoxdur ki, milli mübarizəmizin yolunda addımlayıram. Biz GAMAC olaraq, Güney Azərbaycan uğrunda şüar verənləri də, sadəcə ana dilində təhsil hüququnu tələb edənləri də, solçu və ya sağçını da, millətçini də, vicdanlı dindarları da müdafiə edirik. Tehran rejimi unudur ki, indi dünya nizamı, bölgədə baş verən qlobal siyasi proseslər tamamilə dəyişmişdir. İndi Quzey Azərbaycan 20 ildir dövlət müstəqilliyini əzmlə qorumaqdadır. Türkiyə bizimlə sərhəd ölkəsidir. Türkmənistan 20 ildir bir dövlət olaraq inkişaf edir. Güney Azərbaycan məhz bu möhtəşəm uğurlardan ruhlanaraq özündə böyük güc əldə etmişdir. Biz hansısa beynəlxalq güclərdən, xarici dövlətlərdən kömək ummuruq. Artıq Türk Dünyasının ali məclislərində Güney Azərbaycan məsələsi ciddi şəkildə müzakirələrə çıxarılır. Güneydə gedən proseslər diqqətlə izlənilir. Şağdaş texnologiyaların qarşısını almaqda Tehran rejimi aciz duruma düşmüşdür. İndi Güney Azərbaycanın hər qarışında mövcud olan problemləri anında internet vasitəsilə dünyanın hər yerindən izləmək belə mümkündür.

– Qulamrza müəllim, Güney Azərbaycandakı Milli Hərəkatda bəzən xoşa gəlməyən hadisələr də baş verir. Bunu xüsusilə liderlik azarına düşənlərin arasında müşahidə olunur.

– Belə hallara elə xaricdəki təşkilatlarımızın arasında da rast gəlirik. Bu, bir xəstəlikdir, savadsızlıqdır. Güney Azərbaycanda da zatən belə halları müşahidə edirik. Güneydə durumun belə olmasını Tehran rejiminin fəsadları olaraq görürüksə, xaricdəki liderlərin atdıqları addımlar onların özünü fəlakətə sürüyəcəkdir. Çağdaş dünyada baş verən sosial inqilablarda, buna bənzər digər olaylarda artıq 19-cu əsrin şərtlərindən ağıllı xalqlar uzaqlaşmağa başlayıblar. Son iki ildə İraq, Tunis, Misir, Əlcəzair, Liviya, Yəmən və başqa ölkələrdə baş verən inqilablarda keçmişdəki kimi hansısa liderlər və ya siyasi güclər öndə olmadılar. Bu inqilabların yeganə lideri xalqların özləri oldular. Güney Azərbaycanla bağlı GAMAC-ın əsas fikri “mən” deyil, hamının “BİZ” deməsi bir şərt olaraq qəbul edilmişdir. Hamı biz deyincə fərdi iddialar da arxada, yəni kölgədə qalır. GAMAC elə bu məqsədlə yaradılmışdır. Burada təmsil olunan Maşallah Rəzmi, Behruz Həqqi, doktor Əyyub Qaneyi, Əhməd Obalı, Sadiq İsabəyli, Nadir Tarək, Əhməd Əlizadə, Fəraməz Quluzadə, doktor Araz Süleymani, Araz Muğanlı, Səttar İslami, Əli Məhəmmədi kimi nüfuzlu milli aydınlarımız birləşmişlər. Biz bütün qərarlarımızı kollegial şəkildə qəbul edirik. Belə bir örnəyin digər milli təşkilatlarda da olmasına çalışırıq. Milli davamıza sarsıdıcı zərbələr vuran “mənəm mənəmlik”dən uzaq düşdükcə insanlar və təşkilatlar arasında isti münasibətlər daha da dərinləşir. Strateji hədəflərimizə doğru daha çox vaxt ayıra bilirk. Bizim zamanın sürətindən geridə qalmaq hüququmuz yoxdur. Biz zamanla ayaqlaşmaqla uğurlarımıza daha tez nail ola bilərik.

(ardı var)

Söhbətləşdi: Ənvər YUSİFOĞLU
Bu xəbər oxucular tərəfindən 1649 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed