Şrift:
Məsud Pezeşkiyan: “Xalq və partiyalar Ruhanidən və onun hökumətindən gileylidir”
03.04.2017 [10:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran parlamenti sədrinin müavini, Türkdilli Bölgələr Fraksiyasının rəhbəri Məsud Pezeşkiyan, aprelin 2-də jurnalistlərə açıqlamasında prezident Həsən Ruhani və onun hökumətindən, keçmiş prezident Mahmud Əhmədinejaddan və növbəti prezident seçkilərindən danışıb.

Pezeşkiyan bildirib ki, əgər İran prezidenti Həsən Ruhani növbəti seçkilərdə qalib gəlmək istəyirsə, ölkə əhalisi ilə sədaqətli olmalı, onlarla səmimi davranmalıdır: “Xalq və partiyalar Ruhanidən və onun hökumətindən gileylidir. Mən Ruhani və onun hökumətinin qeyri-səmimi olduğunu demək istəmirəm. Lakin bir şey var ki, Ruhani və onun komandası, onların hökumətə gəlməsinə yardım edən cərəyanların və seçicilərin tərəfini saxlamayıb və onlara biganə yanaşıb. Məhz buna görə də hesab edirəm ki, əgər Ruhani və onun komandası ölkə əhalisi ilə sədaqətli davransa və hökumətin bir sıra sahələrdəki uğursuzluğunun səbəbini və mövcud maneələr bardə xalqla şəffaf şəkildə danışsa və onlara izahat versə, qarşıdan gələn seçkilərdə qələbə qazana biləcəklər. Aydın məsələdir ki, belə bir qələbə, onların seçkilərə necə qatılmasından və seçicilərlə necə davranmasından asılı olacaq”.

Növbəti seçkilərdə rəqabətin əsasən islahatçılarla mühafizəkarlar (üsulçular) arasında aparılacağını bildirən təbrizli deputat, keçmiş prezident Mahmud Əhmədinejada yaxın və onun cərəyanından olan şəxslərin seçkilərə qatılmasına da münasibət bildirib: “Qarşıdan gələn prezident seçkiləri iki qütblü olacaq. Belə ki, həm islahatçıların, həm də üsulçuların namizədləri seçkiyə qatılacaqlar. Elə buna görə də, güman etmirəm ki, Əhmədinejad cərəyanından olan hansısa bir namizəd seçkilərdə üçüncü bir qütb yarada biləcək. Bundan başqa, Əhmədinejad cəyanının seçkiyə qatılmaq üçün cəmiyyətdə kifayət qədər sosial bazası yoxdur”.

Pezeşkiyan, növbəti prezident seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyi məsələsinə də aydınlıq gətirib: “Hələlik buna niyyətim və hər hansı bir proqram və qərarım yoxdur. Əvvəlcə seçkilərlə bağlı proses və vəziyyət araşdırılmalı, nəzərdən keçirilməlidir”.

Qeyd edək ki, İranda növbəti prezident seçkiləri 2017-ci ilin iyun ayında (1396-cı il, ordibeheştin 29-da) keçiriləcək.
A.M
Bu xəbər oxucular tərəfindən 449 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed