Şrift:
Azərbaycanda Türk varlığı: Siyasi-ideoloji tərəfi -1
27.04.2012 [11:15] - DAVAMın yazıları
Prof. Nəsib Nəsibli


“İranın Farslaşması”, “Ermənistanın Erməniləşməsi”, ya da “Britaniyanın İngilisləşməsi”, yəni bu ölkələrdə uyğun hakim etnosların məskunlaşması məsələsi məhdud sayda elmi-akademik araşdırmaların mövzusu olmuşdur. Halbuki bu tip elmi-akademik problemin - Azərbaycanda Türk varlığı - sərhədləri genişləndirilmiş, ondan onillərdir siyasi-ideoloji məqsədlərlə istifadə edilmiş, çeşidli konseptlər uydurulmuşdur. Azərbaycanla bağlı belə bir özünəməxsus durumun yaranmasının birinci nədəni Türk düşmənlərinin Türkləri bu coğrafiyada “yad”, “gəlmə” etnos elan etməklə onları zəif salmaqdırsa, ikinci nədən Türklərin özlərinin bu məsələdə qəflət etməsidir. Məsələnin birinci tərəfi az-çox bəlli olduğundan diqqətimizi onun ikinci tərəfinə yönəldəcəyik.

Qəflətdən çıxmağa cəhdlər
Ayrı-ayrı boyların, özəlliklə hakim sülalələrin boylarının burada yerləşməsi haqqında ayrı-ayrı qaynaqlarda dağınıq bilgilərin olmasına baxmayaraq, orta yüzillərdə Türk müəlliflərinin qələmə aldıqları kitablarda Azərbaycanda Türk varlığı məsələsi sistemli ələ alınmamışdır. Odur ki, bu məsələni araşdıran şəxslər Yunan, Bizans, Erməni, Ərəb, Fars və b. qaynaqlara müraciət etmək məcburiyyətindədir.
Azərbaycanın quzey hissəsini hərb yolu ilə, qan tökərək fəth etmiş Rusiya, burada müstəmləkə idarəçiliyi sistemi qurdu. Rus hakimiyyəti buranı daha yaxşı idarə etmək üçün zəbt etdiyi xanlıqların tarixini yazmaq üçün yerli məmur və aydınlara sifarişlər verdi. XIX yüzilin birinci yarısında ayrı-ayrı xanlıqların yaxın tarixi haqqında bir neçə əsər ortaya çıxdı. Bu tarix əsərləri daxili, etnik həyatın tələblərindən doğmamışdı. Odur ki, bizi maraqlandıran mövzu haqqında bu kitablarda uyğun bölümlər yoxdur.

Dövrün təkcə tarixçiləri arasında deyil, bütün savadlı zümrəsi arasında həm də şair, filoloq, filosof kimi məşhur olan Abbasqulu Ağa Qüdsi (Abbasqulu Ağa Bakıxanov, 1794-1846) fərqlənir. Onun “Gülüstani-İrəm” əsəri orta yüzillərə xas olan “nağılçılıq”dan (təhkiyə üsulundan) artıq yeni akademik araşdırmaya keçidi göstərir. Əsər 1841-42-ci illərdə Farsca yazılmış, sonra özünün də birbaşa iştirakı ilə “Qafqazın şərq hissəsinin tarixi” adı ilə Ruscaya tərcümə edilmişdir. Əsərin ön sözündə Abbasqulu Ağa Qüdsi tarix elmi qarşısında duran vəzifə haqqında qiymətli fikir söyləyir. O yazır ki, “keçmişi bilmədən, bugünlə yaşamaq – yolsuz səhraya girib, burada məqsədsiz dolaşmaqdır.” Müəllifə görə, tarixçi böyük məsuliyyət daşıyır. Odur ki, o,“öz dindaşlarına və vətəninə tərəfsiz yanaşaraq, insanlığı bir ailə, yer kürəsini isə ümumi vətəni bilərək” bu əsərini ərsəyə gətirmişdir.[1]

Abbasqulu Ağa Qüdsi əsərinin girişində Şirvan və Dağıstanın coğrafiya və etnoqrafiyası haqqında ilk dəfə olaraq geniş elmi analiz verir. Bu analiz Ərəb, Fars, Osmanlı, Bizans, Rus, Erməni qaynaqlarına əsaslanır. Müəllifə görə, “Dərbəndin ətrafı, Tabasaranın böyük hissəsi, Quba, Şəki, Bakı və Şirvan uyezdlərinin şərq hissəsi və Salyanın əhalisi Fars, Ərəb, Türk, Monqol və Tatarların törəmələrindən ibarətdir.” [2] Müəllif, bəyan etdiyi “qərəzsizlik prinsipinə” uyğun olaraq bir sıra mənbənin (məsələn, Bizans) qərəzli məlumatlarını (Hunlar, Attila haqqında) şərhsiz təkrar edir.

XIX yüzilin birinci yarısı Quzey Azərbaycanın ən seçkin fikir adamlarından biri, ya birincisi olan Abbasqulu Ağa Qüdsi (Bakıxanov) özünün əsas əsərində, “Gülüstani-İrəm”in başlanğıcında qoyduğu məqsədə - “dindaşlarının” özünüdərkində, onların gerçək tarix şüurunun yaranmasında təkanverici rol oynaya bilmədi. Abbasqulu Qüdsinin “vətən” anlayışı Şirvan-Dərbənd-Dağıstanla məhdudlaşdı, ”millət” anlayışı isə formalaşmadı. Onun (və digərlərinin) tarix konsepti yalnız coğrafiyaya dayalı idi.

Deyilən məhdudiyyət Rusiyanın elm mərkəzlərində çalışmış Mirzə Kazımbəy, Mirzə Cəfər Topçubaşov kimi elm adamlarına da aiddir. Onlar Rus şərqşünaslığı sahəsində görkəmli mövqe qazanmış, hətta Avropa akademiyalarının üzvü belə seçilməyə nail olmuşdular. Onlar bölgə ölkələrinin tarixi, buradakı dillər, buranın fəlsəfi-dini fikri haqqında dəyərli əsərlər yazmış, Rus şərqşünaslığına önəmli töhfələr vermişlər. Amma etnik-milli şüurun göstəricisi olan mövzular onların yaradıcılığından kənarda qalmışdır.
Azərbaycanda ədəbiyyat, fəlsəfi və estetik fikir sahəsində yeni mərhələ olan Mirzə Fətəli Axundzadə (Axundov, 1812-78) yaradıcılığında necə bizi maraqlandıran mövzu – Azərbaycanda Türk varlığı -haqqında nələr var? Sözü uzatmadan təəssüflə göstərməyə məcburuq: Azərbaycan fikir həyatına gətirdiyi yeniliklərə baxmayaraq, Mirzə Fətəli Axundzadə sonralar Fars millətçiliyinin, Türklüyü rədd edən mürtəce pan-İranizmin yaranmasında mühüm rol oynadı. XIX yüzilin sonlarından başlayaraq bu cərəyanın daşıyıcıları pan-İranizmi ərsəyə gətirərkən Axundzadənin əsərlərindən, xüsusilə “Kəmalüddövlə məktubları”ndan geniş istifadə etdilər.

Axundzadə bütün fəlsəfi-publisistik əsərlərində vətənini İran sayır, özünü “İranlı”, “İran millətinin üzvü”, Fars hesab edir.[3] İranın mövcud vəziyyətinə qarşı Sasani dövrü İranın “möhtəşəmliyi”ni qoyur. Kəmalüddövlənin birinci məktubu “Ey İran, hanı sənin o şövkətin və səadətin ki, Kəyumərs və Cəmşid və Güstasib və Nuşirəvan və Xosrov-Pərviz əsarında var idi?”[4] nidası ilə başlanır və bütün əsər boyu bu fikir dəfələrlə, müxtəlif formalarda təkrar edilir.[5] Qədim İran tarixi kimi İranın qədim sakinləri də ideallaşdırılır: “İnkar edilə bilməz ki, Parsilər və Zərdüştilər və İranın bütün Farsdilli Müsəlmanları fitrətən hüsn-əxlaqda və hərəkətlərində bütün millətlərin qabaqcıllarıdır. Onların xoşnəfsliyində, xoşəxlaqlığında, itaətkarlığında, ixlaskarlığında və padşahpərəstliyində bu dəlil kafidir ki, bu sayılan sifətlərin vasitəsi ilə Ərəblərin qələbə dövründə despot padşahların əlinə düşmüş, bu günə qədər padşahların və onların mürüvvətsiz amillərinin cürbəcür cövr və sitəmlərinə qatlaşıb səbr etmişlər və qətiyyən dünyanın o biri millətləri kimi azadlıq fikrində deyildirlər.”[6]Axundzadə Türk hakimiyyətinə qarşı yönəlmiş İsmaililər hərakatını vəsf edir.[7] O, Tehranda çap edilən “Millət” qəzetinin münşisinə yazdığı məktubda maraqlı bir tezis irəli sürür:”İslamiyyətdən qabaqkı İran qövmünün əlaməti Cəmşid taxtı, İstəxr qalası kimi qədim padşahların asarıdır. İslamiyyətdən sonrakı ən məşhur asardan biri isə Səfəviyyə padşahlarıdır ki, isnaəşərilik məzhəbinə İranda rəvac verib, onun müxtəlif tayfalarını vahid bir millət halında nizama salmışlar və İranın ayrıca, müstəqil dövlət olmasına səbəb olmuşlar.”[8] Təsadüfi deyildir ki, Axundzadə Farsların ana kitabı olan “Şahnamə”ni və onun müəllifi Firdovsini bütün ədəbi əsərlərdən və ədiblərdən üstün tutur. O qətiyyətlə yazır: “Əlhəq demək olar ki, milləti-İslam arasında poeziya ibarətdir fəqət Firdovsinin əşarından ki, misli heç bir bəşərə İslam millətindən bu zamana qədər məqdur olmayıbdır.”[9]

“Kəmalüddövlə məktubları” əsasən Ərəblərə, qismən də Türklərə qarşı nifrət ruhunda yazılmışdır. O hesab edir ki, vətəni İranın geridə qalmasının əsas günahkarı Ərəb işğalı, İslamın qəbul edilməsidir. Bu fikri dəfələrlə əsərlərində təkrar edir.[10] Əsərin bir yerində iddia edilir: “Əgər Ərəblər zühur etməsəydilər, Afrika və Asiyaya müsəllət olmasaydılar, bu ölkələrin elmlərini Quran xatirinə və öz dilləri xatirinə yelə verməsəydilər, bu gün bu ölkələrin xalqları sivilizasyon və mərifətli xalqlar sırasında olar və yer üzünün xoşbəxtlərindən hesab edilərdilər.”[11]

Axundzadə İran tarixində Türklərin və Türk sülalələrinin rolunu da mənfi qiymətləndirir, İranın bədbəxtliyinin ikinci səbəbkarı kimi onları görür, amma Ərəblərə nisbətən onlara nifrətini açıq şəkildə ifadə etməkdən çəkinir. Farsları nəzərə alaraq İran əhlinin başına gətirilənləri sadalayan və hazırkı vəziyyətindən şikayət edən Axundzadə, Kəmalüddövlənin birinci məktubunda yazır: “Sənin xalqından iki yüz minə qərib zükurən və ünasın əyal və ətfalları ilə Türkmanların (oxu: Qacarların – N.N.) əlində məşəqqəti-əsirlikdə giriftar olub, həmişə nalə və əfqan ilə ruzigarlarını başa aparırlar və bir kəs onların dadına yetişmir və onları xilas etmək xəyalına düşmür.”[12] Yenə həmin məktubda Axundzadə, “dünyanın vəziyyətindən, məmləkəti idarə və tərbiyə etmək qaydalarından, ədalət, mürüvvət, rəiyyətpərvərlik və vətənpərvərlikdən xəbəri olmayan” Qacar sülaləsindən olan padşahı “Cəmşidə tay tutmağın” mümkün olmadığını bildirir.[13] Məktublarının birində Mirzə Fətəli “Çingiz Xandan tutmuş Səfəvilərə qədər padişahların ləyaqətinin” olmadığını bildirir, Səlçuqluları nadan adlandırır.[14] Özünü “İran millətinin bir üzvü” hesab edən Axundzadənin Osmanlıya da münasibəti çox pisdir. Osmanlı Türklərini “təbiətləri üzrə tənbəl olan və nə ölüyə, nə də diriyə hay verən” sayır.[15] Mirzə Fətəli Osmanlıdakı Türkcə ilə “Zaqafqaziyada yaşayan Tatarların dili”ni, təəcüblüdür ki, “kökündən fərqli” dillər sayır.[16] Azərbaycan Türkcəsini “Azərbaycan dili” adlandıran və ilk dəfə onu dövriyyəyə buraxan da ola bilsin ki, Axundzadədir.[17] Axundzadənin dram əsərlərini yazdığı dilə (“Zaqafqaziyada yaşayan Tatarların dili”) yanaşması da suallar doğurur: ”Tatarlar indiyə qədər xalis Tatar dilində ədəbiyyatdan məhrumdurlar və bu dildə oxumaq üçün orijinal əsərlərə təsadüf edilmir; əgər Tatar dilində bəzi əsərlər varsa da, onlar ya başqa dillərdən tərcümə edilmiş, ya da Fars, Türk və Ərəb sözləri ilə dolu anlaşılmaz bir dildə yazılmışdır. Beləliklə də bu əsərlər, daha doğrusu, bu tərcümələr əsasında Tatar dilinin ruhunu anlamaq və bu dilin xalqın işlətdiyi vəziyyətində öyrənilməsi mümkün olmadığı kimi, həmin əsərlərə əsaslanaraq, bu dilin qrammatik qayda və qanunlarını, hətta belə bir qayda-qanunu öyrənmək üçün göstərici ədəbiyyatı tərtib etmək də mümkün deyildir.”[18] Axundzadənin Türkcə poeziyaya münasibəti də yanlışdır: “Türk arasında dəxi bu zamana qədər mütəqəddimindən şair olmayıbdır. Füzuli şair deyil və xəyalatında əsla təsir yoxdur; ancaq nazimi-ustaddır.”[19]

Həsən Bəy Zərdabi və “Əkinçi yazarları ilə milli fikrin yaranması mərhələsi başlayır. Zərdabi özü Türk oğlu Türkdür. “Əkinçi” milli fikri doğru yola yönəldirsə də milli özünüdərk məsələsinə, bu sıradan etnogenez məsələsinə baş vurmağa macal tapmır. Bu işi yeni aydın nəsil, özəlliklə Əli Bəy Hüseynzadə başladır.Bu baxımdan Əli Bəy Hüseynzadənin “Türklər kimdir və kimlərdən ibarətdir?” başlıqlı səkkiz hissədən ibarət məqaləsi diqqəti çəkir. Müəllif Türklərin keçmişi haqqında təsəvvürlərin yanlış olduğunu, bu yanlışlığın yabançı yazılardan qaynaqlandığını bildirir. O, Türkcə mətbuatda belə “Türk və Tatarların mədari-iftixarı bulunan Çingizlərə və Teymurlara dair narəva sözlərə rast gəlinən” fikirlərin fərqinə varmağa çağırır. Əli Bəyə görə, tarixi keçmişlə bağlı məsələlərlə indi deyil, “bir neçə əsr əvvəldən” məşğul olmaq lazım idi və onu gələcəyə saxlamaq doğru deyildir. O da həqiqətdir ki, milli tarix məsələsi “bir, ya iki fərdin işi deyildir”, bu problemin həlli üçün “darülfünunlar, məclislər, cəmiyyətlər mövcud olmalı.” Əli Bəy Hüseynzadə məqaləsinin sonrakı hissələrində əski Türklərin “səhneyi-tarixiyyəyə miladi-İsadan 2000 il əvvəl çıxdığını”, “Baykal civarında Orxon və Yenisey nəhrləri səvahilində və Altay ətəklərində yaşamış” olduqlarını qeyd edərək, antropoloji baxımdan Türklərin çeşidli təsirlərə məruz qaldığını ətraflı izah edir.

Azərbaycan fikir həyatına yön vermiş başqa böyümüz - Məmməd Əmin Rəsulzadənin etnogezlə bağlı xüsusi bir əsəri yoxdur. Bu məsələ haqqında fikirlərinə 1928-ci ildə çap olunmuş “Qafqazya Türkləri” əsərində rast gəlirik. Milli fikrin böyük öndəri yazır ki, qədim Qafqazın əski əhalisinin etnik mənsubiyyəti haqqında iki cərəyan vardır. Birincisi, “Turan nəzəriyyəsi” Sumerləri, Akkadları, Midiya və Hittitləri Türkəsilli sayır. İkinci nəzəriyyənin müəllifi Nikolay Marra görə, burada qədim dövrdə Yafəsi deyilən müstəqil bir irq (etnos anlamında) yaşayırmış.[20] Bu problemin hələ də qaranlıq qaldığını bildirən Rəsulzadə, “bu meseleyi devr-i kadim mütehassısslarına terk etmək” təklifini verdikdən sonra o dövr üçün mübahisə yaratmayan miladın V yüzilin “ortalarında Türk kavimlerinin şimal steplerinden Kafkasya’ya geçerek İran üzerine saldırmaları” hadisəsindən sonrakı sürəci izah edir.[21]

Azərbaycan fikir tarixində etnogenez məsələləri ilk dəfə 1920-ci ildə Məhəmməd Həsən Vəlili-Baharlının “Azərbaycan: Coğrafi, təbii, etnoqrafik və iqtisadi mülahizat” adlı kitabında ayrıntılı əksini tapdı.[22] Azərbaycan Respublikasında məskun olan bütün millət və etnik qrupların sayı, yerləşməsi, tarixi haqqında qiymətli bilgilərin yer aldığı bu kitabda Türklərin bu coğrafiyada yerləşməsi haqqında geniş bilgi var. Müəllifə görə, burada görünən ilk Türk boyu (tayfası) milladdan öncə 633-cü ildə burada məskun olmuş Kimmer-Keltlərə hücum edib, onları qovan Skiflər olmuşlar. Bu Skiflərin köçəri hissəsi dövrün tarixçiləri tərəfindən Türkmənşəli sayılırdı. Baharlı bu barədə çeşidli qaynaqlardan bilgi verir. Antik müəlliflərin bu ümimiləşdirilmiş ad altında qeyd etdiyi boy sonralar fərqli adlarla – Bulqar, Xəzər, Alan, Avar və b. - tarixi qaynaqlarda yer aldılar. Erməni müəllifləri Xorenli və Vanəndin Bulqarların miladdan öncə 149-114-cü illər arasında “Cənubi Qafqazyanı bürüdükləri”ni yazırlar.[23] Xorenli Xəzərlərin Azərbaycanda ilk dəfə görünməsini miladdan öncə 193-cü ilə aid edir. Miladdan sonra da onlar buralarda görünmüşlər. Miladın 350-ci ilində isə onlar Azərbaycanda “oturmağa başladılar”. Baharlı Azərbaycanda Türklüyün soykökündə iştirak etmiş Xəzərlərin bir bölümü saydığı Qazaxlar (Qasuxlar), Hunlar, Sabirlər (Savarlar), Kəngərlilər, Şamlı, Qaramanlı, Aydın, İmirli, Dügər, Əfşarlar, Baharlı, Zülqədərlər, Padarlar, Xəlilli və başqa boyların tarixi haqqında bilgi verir. .[24] Ayrıca onu da artıraq ki, Massagetlərin etnik mənsubiyyəti haqqında zidd fikirlərin olmasını göstərən müəllif onları Türksoylu sayır.

Baharlının Azərbaycan Türk etnoqrafiyasına gətirdiyi bu önəmli ideyalar sonrakı illərdə də keçərli olmuş, Azərbaycan tarixi haqqında çap edilmiş kitabların etnik tarix bölümündə yer almışdır.[25] Bu durum Quzey Azərbaycanda millətin fiziki və mənəvi varlığının böyük terroru olan 1937-ci ilədək davam etdi.

Elə bu arada, 1920-30-cu illərdə Türkiyə, Türkçülük idealının geniş yayılması və gerçəkləşməsi, İran isə tam tərsinə Türklüyə qarşı ideoloji-siyasi basqının artması sürəcini yaşamaqda idi. Hələ sərhədlərlə ayrı düşmədiyi bu ölkələrdəki siyasi-ideoloji sürəc Quzey (Sovet) Azərbaycanına da təsir etməkdə idi. Proseslərin gedişi göstərdi ki, Sovet rejimi İranda Türklüyə qarşı yönəlmiş ideoloji basqı təcrübəsindən yararlanmağı uyğun görmüşdür.

[1] Аббас-Кули-Ага Бакиханов, Гюлистан-и Ирам, редакция, комментарии, примечания и указатели З. М. Буниятова, Баку: Элм, 1991, с. 9-10.
[2] Yenə orada, s. 21.
[3] “Kolonel Mirzə Fətəli Axundzadənin özü tərəfindən yazılmış bioqrafiyası, yəni tərcümeyi-halı” başlıqlı yazıda Mirzə Fətəli göstərirdi: “Mənim atam Mirzə Məhəmmədtəqi Hacı Əhməd oğlunun ulu babaları Fars qəbilələrindən olmuşdur.” (Mirzə Fətəli Axundzadə, Əsərləri, III cild, Bakı: Şərq-Qərb, 2005, s. 215). 1845-ci ildə yazılmış şəhadətnamədə isə onun nəslinin “Türkmən tayfalarından” olduğu bildirilir.(Yenə orada, s. 222). 1858-ci ildə Tehrandakı dövlət adamlarından biri Hüseyn Nizamüddövləyə yazdığı məktubunda Türk boyundan olduğunu xüsusi göstərirdi: “Eşitmişəm ki, cənabınız Müqəddəm elindənsiniz. Mən də ata və ana tərəfdən Müqəddəməm.” (Yenə orada, s. 39.) Zərdüştilərin Tehranda yaşayan rəhbəri Manukci Sahibə 1871-ci ildə yazdığı məktubda Axundzadə göstərirdi: “Qoy bütün İranlılar bir həqiqəti başa düşərək desinlər ki, biz Parsların övladıyıq, İran bizim vətənimizdir... Mən özüm zahirən Türk olsam da, əslim Parslar nəslindəndir. Ulu babam Hacı Əhməd Rəştdən gəlib, Azərbaycanda vətən tapmışdır.”(Yenə orada, s. 142). Firudin Bəy Köçərli Mirzə Fətəlinin etnik mənsubiyyətinə diqqət çəkmiş, onun tərcümeyi-halına iqtibasən “Fars tayfasından” olduğunu bildirmişdir.(Firudin Bəy Köçərli, Azərbaycan ədəbiyyatı, I cild, s. 398).
[4] Mirzə Fətəli Axundzadə, Əsərləri, II cild, s. 20.
[5] Məsələn, baxın: Yenə orada, s. 20-30, 124, 129, 238.
[6] Mirzə Fətəli Axundzadə, Əsərləri, II cild, s. 129.
[7] Yenə orada, s.85-89, 301.
[8] Yenə orada, s. 158.
[9] Yenə orada, s. 31.
[10] Məsələn, baxın: Yenə orada, s. 30, 58, 99, 110, 124-125, 238. Çağdaş İran müəlliflərindən Nasir Purpirar tam əks fikirdədir. Baxın: http://www.gunaz.tv/aze/14/articleCat/1/articleID/2331-PROF-PURPIRARIN-ZERBESI-1.html/inner/1
[11] Yenə orada, s. 127.
[12] Mirzə Fətəli Axundzadə, Əsərləri, II cild, s. 23-24.
[13] Yenə orada, s. 36.
[14] Mirzə Fətəli Axundzadə, Əsərləri, III cild, s. 123; Mirzə Fətəli Axundzadə, Əsərləri, II cild,
s.88.
[15] Mirzə Fətəli Axundzadə, Əsərləri, II cild, s. 208.
[16] Mirzə Fətəli Axundzadə, Əsərləri, III cild, s.30.
[17] Yenə orada, s. 194-195.
[18] Yenə orada, s.30.
[19] Mirzə Fətəli Axundzadə, Əsərləri, II cild, s. 152. Bəzi müəlliflər sonralar dram əsərlərini yerli dildə yazdığı üçün Mirzə Fətəlini yanlış olaraq görkəmli Türkçülər sırasında göstərirlər. Yusuf Akçura onu Türkçü saysa da fikrində qətiyyətli deyil: “Ahundzade Mirza Feth Ali, dildə fiilen Türkçülük etmiş oluyor; fakat Mirza’nın Türk milliyetçiliği ile ilgili düşünce ve görüşlerine dair benim elimde ciddi bilgiler yoktur... Mirza Feth Ali, açıkdan açığa Türk milliyetçiliği yaymış değildir. Ancak komedileriyle, harflerin islahı derdiyle bu gayeye doğru yürümüştür.” Yusuf Akçura, Türkçülük. Türkçülüğün Tarihi Gelişimi, İstanbul: Türk Kültür Yayını, 1978, s.66, 87.
[20] Mehmet Emin Resulzade, Kafkasya Türkleri, hazırlayanlar Dr. Yavuz Akpınar və b. İstanbul: Türk Dünyası Araştırmaları Vakfı, 1993, s. 3-4.
[21] Yenə orada, s. 4.
[22] Məhəmməd Həsən Vəlili-Baharlı, Azərbaycan: Coğrafi, Təbii, Etnoqrafik və İqtisadi Mülahizat, Bakı,1920, 306 s. Bu kitabın Rusca tərcüməsi 1921-ci ildə şıxdı. Kitabın Rusca variantından tərcümə ilə 1993-cü ildə yenidən çap edildi. (İqtisadçı Məhəmməd Həsən Vəliyev-Baharlı, Azərbaycan (Fiziki-coğrafi, etnoqrafik və iqtisadi oçerk, Bakı: Azərbaycan nəşriyyatı, 1993, 192 s.)
[23] Məhəmməd Həsən Vəlili-Baharlı, Azərbaycan: Coğrafi, Təbii, Etnoqrafik və İqtisadi Mülahizat, s. 50.
[24] Yenə orada, s. 53-80.
[25] Məsələn, baxın: Rəşid İsmayılov, Azərbaycan tarixi, Bakı, 1923, s. 13-22; Н. Н. Ансеров, Тюрки Советского Азербайджана, Баку, 1930, с. 16-21.
Bu xəbər oxucular tərəfindən 1591 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed