Şrift:
Çezaro Antimo: "İtaliya turizmin inkişafı sahəsində Azərbaycana dəstək verməyə hazırdır"
05.05.2017 [10:17] - İqtisadiyyat, Müsahibə
İtaliyanın Mədəni İrs, Mədəni Fəaliyyət və Turizm Nazirliyinin katib müavini Çezaro Antimonun müsahibəsi:
- Cənab Antimo, Bakıya IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün gəlmisiniz. Bu forumu necə qiymətləndirirsiniz?
- Beynəlxalq Forum dünya liderləri və akademiklər üçün mədəniyyətlərarası və dinlərarası dialoq məsələlərini müzakirə etmək üçün fürsətdir. Bu gün bu, həmişəkindən daha vacibdir. Sivilizasiyalar Alyansının düz mərkəzində dəyərlər eyni düşüncəli hökumətlərin və vətəndaş cəmiyyətlərinin birgə və fəal səylərini tələb edir. Ona görə də Bakıda olduğuma görə şadam və belə tədbirdə iştirak etməyi şərəf sayıram.
İtaliya mədəniyyətlərarası dialoq və əməkdaşlıq istiqamətində beynəlxalq səylər baxımından öncüllərdəndir. İraq və Suriyada qiymətli mədəni irsin qəbuledilməz məhvini müşahidə elədikdən sonra biz "irs naminə birləş" kampaniyasının əsas sponsorlarından biri olduq və dünyada mədəni irsin qorunmasını istədiyimizin əlaməti olaraq "Dünyanın mavi dəbilqəsi" təşəbbüsünü irəli sürdük. Biz həmçinin incəsənət və arxeoloji tapıntı predmetlərinin qanunsuz dövriyyəsinə qarşı mübarizədə dünya liderlərindənik. Forum çərçivəsində səylərimizi və təcrübəmizi nümayiş etdirmək niyyətindəyəm.
- İtaliya və Azərbaycan arasındakı mədəni əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz?
- Mədəni əlaqələrimiz başlanğıcını qədim zamanlardan götürməklə və səyyahlar, tacirlər və diplomatlar tərəfindən daim gücləndirilən, qarşılıqlı hörmət və tarixi mübadiləyə söykənən möhkəm təməl üzərində qurulub. Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ilin may ayında Romaya səfəri zamanı imzalanmış Anlaşma Memorandumu birgə təşəbbüslərimizin genişləndirilməsi üçün yeni, təkmilləşmiş çərçivə təmin etdi. Mən həmçnin Azərbaycanın Milanda keçirilən "Expo2015"dəki səylərini qeyd etmək istərdim.
Mədəni layihələrə gəlincə, Aİ tərəfindən maliyyələşdirilən, Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən və qaydaların müasirləşdirilməsi və mədəniyyət siyasətinin idarə olunması üzrə planın tərtib edilməsinə istiqamətlənən tvinninq layihələrə böyük əhəmiyyət veririk. Tvinninq layihə İtaliya və Azərbaycanın əsas institutları arasında əlaqələrin möhkəmləndirilməsinə yardım edir. Mayın 3-də Milanın "Pinacoteca di Brera" qalereyası və Azərbaycan Milli İncəsənət Muzeyi arasında Anlaşma Memorandumu imzalanıb və bu, mədəniyyət sahəsində daimi mübadilə üçün yol açıb. Biz həmçinin azərbaycanlı tələbələrə ölkəmizdə italyan dilini və mədəniyyətini öyrənmələri üçün təqaüd də təklif edirik.
Bundan əlavə, İtaliya Bakı Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində Neapol Universiteti tərəfindən həyata keçirilən Azərbaycandakı arxeoloji missiyasını dəstəkləyir. Bu sahədə fəaliyyəti davam etdirmək və imkan olacağı təqdirdə gələcəkdə əməkdaşlığı daha da gücləndirmək istəyirik.
Və nəhayət, bu ilin ikitərəfli münasibətlərdə mühüm il olduğunu xatırlatmaq istəyirəm. Belə ki, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyini qeyd edirik. Bunun bir hissəsi kimi, Bakıda mədəniyyət tədbirlərindən ibarət möhtəşəm proqram təşkil etmişik. Eyni zamanda, noyabr ayında Heydər Əliyev Mərkəzində Karavacconun əsərlərinin elektron reproduksiyasının sərgisinin keçirilməsi planlaşdırılıb.
- İtaliyanın turizm sahəsində aparıcı ölkələrdən biri olduğunu və Azərbaycanın ölkəyə gələn turistlərin sayını artırmaq istəyini nəzərə alaraq, iki ölkə bu istiqamətdə necə əməkdaşlıq edə bilər?
- Azərbaycanın bunu prioritet sahə kimi qəbul etdiyini və artıq İtaliya kimi ölkələrdən turistlər cəlb etmək məqsədilə elektron viza sistemi tətbiq etdiyini bilirəm. Azərbaycan İtaliyada turizm sərgilərində fəal iştirak edir və artıq bunun faydalarını artan turist sayında və İtaliya cəmiyyətdə məlumatlılığın artmasında görür.
İtaliyada turizm iqtisadiyyatın mühüm tərkib hissəsinə çevrilib. Ümid edirəm ki, ölkələrimiz arasındakı əməkdaşlıq Azərbaycanın bu sahədəki böyük potensialını açmağa imkan verəcək. Mədəniyyət, turizm və iqtisadi inkişaf bir-biri ilə sıx bağlıdır. Məsələn, mədəniyyət sahəsinə investisiya yatırılması turizmin inkişafına imkan verir, o isə öz növbəsində, balanslaşdırılmış iqtisadi artım və diversifikasiyasını dəstəkləyir. Əlbəttə, turizmin təşviqi infrastruktura - hotellərə, genişzolaqlı internetə, yollara, hava limanlarına sərmayə ayrılmasını tələb edir. İtaliya isə bu sahələrdə Azərbaycana müvafiq peşəkar dəstək verə bilər.
- Azərbaycanın Romanın mərkəzində tarixi abidələrin qorunması üçün gördüyü işlər barədə nə deyə bilərsiniz?
- Azərbaycanın və Heydər Əliyev Fondunun Romada unikal mədəni irsin qorunmasına dair səyləri ölkələrimiz arasındakı dostluğun mühüm rəmzi və Azərbaycanın universal mədəni irsə sadiqliyinin təsdiqidir. Azərbaycan dünyanın ən qədim muzeyi olan Kapitoli Muzeyinin Filosoflar Zalının bərpasına yardım edib və İmperator Forasının əsas hissəsinin bərpası üçün bir milyon avro ayırıb. Heydər Əliyev Fondu həmçinin Roma katakombalarının bərpasına töhfə verib.
Biz eyni zamanda Azərbaycanın Venesiya Biennalesində yüksək səviyyədə iştirakını və 2013-cü ildə Romada MAXXI muzeyində keçirilmiş "Fly to Baku" müasir Azərbaycan incəsənət sərgisi kimi digər vacib təşəbbüsləri alqışlayırıq. Azərbaycanın incəsənət və mədəniyyət sahəsində keçmişə baxmaq və gələcəyi görmək nacarığı heyranedicidir və biz bu yanaşmanı bütün gələcək təşəbbüslər üçün dəstəkləməliyik.
Bu xəbər oxucular tərəfindən 1065 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed