Şrift:
Abdullah Gül: "Təəssüf ki, Ermənistanla imzalanan protokollar nəticə vermədi"
04.07.2017 [10:38] - Müsahibə
Türkiyə Cümhuriyyətinin XI prezidenti Abdullah Gülün APA TV-nin Xəbər müdiri Cavid İsmayıla müsahibəsi

- Abdullah Gül Türkiyədə hər kəsi qucaqlayan, hər kəsin prezidenti olaraq tarixə keçdi. Ən azı Azərbaycandan belə görünürdü. Bunu necə bacardınız?

- Öncə xoş sözlər üçün təşəkkür edirəm. İnşallah, xalq belə düşünür. Azərbaycanlı qardaşlarım da belə düşünür. Təbii ki, prezident demək budur, yəni Türkiyə Cümhuriyyətinin Konstitusiyasında prezident hər kəsi, bütün türkləri təmsil edər. Bilirsiniz, bizdə Konstitusiya referendumla dəyişdirildi. Mən prezident olanda isə prezidentin tərəfsiz olması, partiyasından ayrılması və partiyaların fövqündə olması tələb olunurdu. Partiyalı baş nazir ölkənin gündəlik işlərlə məşğul olurdu. Beləliklə, mən də prezident olanda partiyamdan ayrıldım. Təbii ki, könlümdə partiyamın yeri var idi. Amma cavabdehliyimi heç vaxt unutmadım. Ona görə də bütün partiyalara, hər kəsə qapımı açıq tutdum. Çünki Konstitusiya belə əmr edirdi. Mənim kimi düşünən, düşünməyən, fərqli baxışları olan hər kəsin döyə bildiyi qapı oldu Prezident Sarayı. Bunu gücüm çatdığı qədər etməyə çalışdım. Çox şükür, indi xalqın arasına çıxanda, sizin də söylədiyiniz kimi, hər kəsin sevgisini, məhəbbətini görürəm.

- Prezidentlikdən sonra sadə vətəndaş həyatı yaşamağa başladınız. Bir siyasətçi, prezident üçün bu həyat nə deməkdir? Çətindir, yoxsa asan?

- Prezident olmazdan öncə bütün ömrüm siyasətdə keçdi. Müxalifət millət vəkili oldum, iqtidar millət vəkili oldum, hökumətlərdə nazir oldum, sonra partiya qurdum. Tayyib bəy və digər dostlarla partiyamızın qurucusuyam. Hətta AKP-nin quruluşunun ilk hərəkətlərini başladan adamam mən. Daha öncəki partiyamız hökumət olduğunda baş nazir, xarici işlər naziri kimi böyük cavabdehliklər daşıdım. Sonra 7 illik prezidentlik. İstər siyasət, istərsə də dövlət həyatım çox zəngin keçdi.

Prezident səlahiyyətlərimi könül rahatlığı ilə hər zaman "qardaşım" deyə xitab etdiyim Tayyip bəyə təhvil verdim

Ancaq demokratiyada bu var - hər kəsin sırası gəlir, səlahiyyət müddəti bitincə vəzifəsini yeni seçilənə verir. Beləliklə, mən də vəzifəmi ən yaxın dostlarımdan olan, partiyamızı da birlikdə qurduğumuz, hər zaman "qardaşım" deyə xitab etdiyim Tayyib bəy prezident seçildi, səlahiyyətlərimi könül rahatlığı içində ona təhvil verdim. Ayrıldıqdan sonra təbii ki, Türkiyə ənənəsində prezidentlər hər hansı iqtisadi fəaliyyətdə olmazlar. Bu, bir az yaraşmaz. Mən də bir vəqf qurdum - Abdullah Gül Vəqfi. Bu vəqfdə bütün siyasi və dövlət təcrübəmi təhsil məsələlərinə həsr etdim. Doğulduğum şəhərdə mənim adımı daşıyan Abdullah Gül Universiteti yaradıldı. Bu universitetin çox yaxşı universitet olması üçün çalışıram. Türkiyənin hazırda ən yaxşı universitetləri içərisindədir. Çox yüksək standartlara cavab verən universitet oldu və türk gənclərinin ən çox üstünlük verdiyi universitetlərdən biridir. Türkiyədə 200-ə yaxın universitet var. Yeni olmasına rəğmən, ilk beş universitetdən biridir. Bizdə ilk dəfə olaraq "Presidential Library" adlandırılan muzey və kitabxana qurdum. Açılışını prezident Ərdoğan, baş nazir Binəli bəylə, digər dostlarla, müxtəlif baxışları olan insanların qatılması ilə etdik. Digər tərəfdən, müxtəlif müzakirələrə, müxtəlif toplantılara qatılaraq təcrübələrimi paylaşır, vaxtımı bu şəkildə dəyərləndirirəm.



- Səlahiyyət müddəti bitmiş bir prezidentin günü necə başlar, necə davam edir?

- Belə bir keçmişiniz olanda, bu qədər dövlət qurumlarında cavabdehlik və prezident olub bütün türk xalqını, türk millətini təmsil edib, türk dövlətinin rəhbəri kimi cavabdehliyi boynuna götürdükdən sonra həyatınız nə qədər normallaşsa da, açığı yenə məhdudiyyətlər olur. Evdən çıxıram, gəzirəm, uşaqlarla bəzən alış-verişə gedirəm, bəzən kinoya, bəzən mədəni tədbirlərə qatılıram. Bunların hamısı mənə xoşbəxtlik gətirir. Getdiyim yerlərdə də hər kəsin sevgisini, məhəbbətini görüncə, bu ayrı qürur verir. Amma mən də bir türk vətəndaşı kimi normal həyatımı davam etdirməyi çox arzu edirəm. Hər nə qədər bəzi məhdudiyyətlərim olsa da...

- 15 iyul gecəsi hər kəsdən öncə telekanallara çıxdınız. Xalq bilgisizlik içərisində olduğu vaxtda hadisələrin mahiyyətini açıqladınız. Bu zaman heçmi qorxunuz olmadı? "Birdən çevriliş baş tutar, çevrilişçilər iqtidara gələr, məni həbs edərlər, yaxud edam edərlər" kimi tərəddüdləriniz olmadı ki?

- Bu, təbii ki, çox xaincə hərəkət idi. Bugünkü çağda, bugünkü dünyada, Türkiyə kimi bir ölkədə, demokratiyası bu qədər inkişaf etmiş, siyasəti inkişaf etmiş bir ölkədə çevriliş cəhdi çox utancvericidir. Çox ayıbdır və çox üzüldük. Belə bir hadisəni eşidər-eşitməz bütün türk xalqına, türk dövlətinə bağlılığımdan və onun gələcəyinə olan güvənimdən dolayı təbii ki, çox qəzəbləndim. Məni o gün dinləyənlər çox təəccübləndi. Mən ümumən sakit bir insanam, bilirsiniz. Səsimi çox yüksəltmərəm.

Bugünkü çağda, bugünkü dünyada, Türkiyə kimi bir ölkədə, demokratiyası bu qədər inkişaf etmiş, siyasəti inkişaf etmiş bir ölkədə çevriliş cəhdi çox utancvericidir

Ancaq elə zamanlar var ki, o zaman hər şeyi bir tərəfə buraxırsınız, varınızla-yoxunuzla, bütün gücünüzlə doğru bildiyiniz şeyin arxasında olur və bütün cəsarətinizi göstərirsiniz. Mən də təbii ki, elə düşündüm. Heç bir qorxu, heç bir narahatlıq mənim üçün müzakirə mövzusu deyildi. Hərbçilərə, orduya müraciət etdim. Bunun bir üsyan olduğunu, dərhal kazarmalarına dönmələrini, bunun çox böyük bir səhv olduğunu hayqırdım. Xalqı belə bir çevrilişə qarşı dirənişə çağırdım. Bir çox insan eyni hissləri bölüşürdü. Təxmin edirəm ki, bu da təsirli oldu. Xalqın küçələrə axışmasında, çevrilişə qarşı dirənişində hörmətli prezident Tayyib bəyin, mənim birgə müraciətlərimizin böyük təsiri oldu.

- 15 iyul gecəsi prezident Ərdoğana qarşı sui-qəsd cəhdi oldu. Həmin gecə sizin təhlükəsizliyiniz necə qorunurdu?

- Təbii ki, hər bir dövlətin təhlükəsizlik qüvvələri var. Hər dövlətin prezidentini, baş nazirini, önəmli insanlarını qorumağa cavabdeh polisi, ordusu, təhlükəsizlik qüvvələri var. Mənim də təhlükəsizliyimə cavabdeh olan qurum hər cür tədbir almışdı. İşlərini hər zaman professional görərlər və onlara istər ölkə içində, istərsə də xaricdə hər zaman güvənmişəm. Getdiyim hər yerdə yaxın mühafizəçilərim, Prezident Sarayının qoruma müdirliyi hər cür tədbir görüb. Heç bir tərəddüdüm olmayıb.



- Sirr deyilsə, prezidentliyiniz dövründə sizə qarşı hər hansı çevriliş cəhdi oldumu?

- Belə bir şey olmadı. Ancaq başqa problemlərimiz həmişə oldu. Bunu hər kəs bilir. Müxtəlif sıxıntılar yaşandı, amma mülki-hərbçi münasibətlərində bir çox islahatlar etdik, məhkəmələri daha da gücləndirdik, hər kəsin məsuliyyətini daha da artırdıq. Bunlar bəzi problemləri həll etdi.

- Prezidentliyiniz dövründə Ermənistanla sərhədlərin açılması üçün protokollar imzalandı və “futbol diplomatiyası” gerçəkləşdirildi. Ancaq Türkiyə Ermənistanı qazana bilmədi. Abdullah Gül o proseslərə bu günün pəncərəsindən baxanda necə düşünür - Türkiyə Ermənistanı nə zamansa qazana bilərmi?

- Mənim çox böyük vizyonum var. Bir bölgədə barış, təhlükəsizlik və sabitliyin hakim olması o bölgədəki iqtisadi inkişafı da arxasından gətirir. Problemləri müharibə ilə deyil, diplomatiya və siyasətlə həll etməyə daha çox inanmışam və bunun üçün çalışmışam. Şübhəsiz ki, Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında olması bizim əsla qəbul edə biləcəyimiz bir şey deyil. Biz bir millət, iki ayrı dövlətlərik. Ancaq bu işğal uzun müddətdir davam edir. İndi bunun iki yolu var - ya müharibə, ya da sülh və diplomatiya.

Təəssüf ki, böyük dövlətlər uzun illər Dağlıq Qarabağ münaqişəsinə yetərincə maraq göstərməyib. Mənim düşüncəm odur ki, bu məsələ donmuş şəkildə qalmamalıdır. 20-30 il keçib, 50 il də keçəcək?

Təbii ki, diplomatiya ilə həll etmək üçün danışmaq lazımdır. Bu danışıqlar bəzən açıq olur. Bildiyiniz kimi, Minsk Qrupu çərçivəsində də toplantılar keçirilir, Azərbaycan prezidenti cənab Əliyevlə Ermənistanın prezidenti bir araya gələ, müzakirə edə bilirlər. Bəzən də pərdə arxasında görüşlər olur, diplomatlar oturur, "bu problemi necə həll edə bilərik?" deyə danışır, dünyadan kömək istəyirlər. Təəssüf ki, böyük dövlətlər uzun illər bu mövzuya yetəri qədər maraq göstərməyib. Mənim düşüncəm odur ki, bu məsələ donmuş şəkildə qalmamalıdır. 20-30 il keçib, 50 il də keçəcək? Mən problemin həlli baxımından bu addımı atırdım. Təəssüf ki, nəticə olmadı. Ancaq əvvəl-axır bu problemlər ya müharibə, ya da diplomatiya yolu ilə həll olunur. Şübhəsiz ki, diplomatiya ilə həll yoluna üstünlük verilməlidir. Çünki müharibələrin nələrə səbəb olduğunu hamımız görürük. Yeni nəsillər öz torpaqlarından uzaqda yetişir. Bunu da çox üzücü qəbul edirəm. Mənim üçün birinci dərəcəli şey bu işğalın - BMT də bunu işğal kimi qəbul edir - başa çatmasıdır. Bunun üçün də dediyim kimi, soyuducuda donmuş problem kimi saxlamağı təhlükəli olaraq gördüyüm üçün bu işlərə öncüllük etdim. Təəssüf ki, nəticəsi olmadı.



- Azərbaycanda və digər türk respublikalarında bəziləri düşünür ki, Türkiyə rəhmətlik Turqut Özal dövründə başlatdığı türk respublikalarına açılım siyasətini davam etdirmədi. İstər Sizin dönəminizdə, istər Ərdoğanın prezidentliyi dönəmində Türkiyə daha çox ərəb dünyasına qucaq açır, sanki bir ərəb açılımı siyasəti yeridir. Bu fikirlərlə razısınızmı?

- Rəhmətlik Turqut Özal dövründə türk dünyasının bir çox ölkələri müstəqilliyinə, istiqlalına qovuşmuşdu. Həmin ölkələr Sovetlərin daxilində idi, müstəqilliyi yox idi. Hamısı müstəqillik qazandı, onları ilk tanıyan ölkə də Türkiyə oldu. Çox böyük vəzifə düşdü hər birimizin üzrəinə. Böyük işlər görüldü. Bütün Türk dünyasının və respublikaların yenidən qurulması, öz ayaqları üzərində müstəqil dövlət olaraq böyümələri üçün Türkiyə olaraq cavabdehliyimizi yerinə yetirməyə çalışdıq. Böyük məmnuniyyətlə ifadə edirəm ki, bütün türk respublikaları, o cümlədən Azərbaycan çox yol qət etdi, çox bacarıqlı oldular, özlərini bütün dünyada sübut etdilər və güclü hala gəldilər. Bu bizim biri-birimizə əsla laqeydlik etməyimiz anlamına gəlməz. Məsələn, mənim prezidentliyim dövründə Naxçıvanda Türk Şurasını qurduq. Bütün türk dünyasının prezidentləri ilə Naxçıvanda görüşdük, orada deklarasiya imzaladıq. Bunun Katibliyini qurduq, Parlament Assamleyasını qurduq, Bakıda və sistemli olaraq hər il bir araya gəldik, işbirliyimizi təşviq etdik.

Biz hamımız bir millətik, bu millətin ayrı-ayrı müstəqil qardaşlarıyıq

Son vaxtlar bəlkə də Yaxın Şərqdə baş verən hadisələr çox önə çıxdığı üçün bu bir az laqeydlik kimi görünə bilər, amma hökumətimizin, prezident Ərdoğanın, onların hamısının qəlbinin də türk dünyası ilə döyündüyünü bilirəm. Başqa sözlə, bu, hər hansı bir şəkildə üz çevirmə, yaxud əlaqələri zəiflətmə deyil, çox ciddi məsələlər - Suriya, İraq kimi müharibə durumları ortaya çıxdığı, onlar da bizi çox məşğul etdiyi üçün oraya daha çox enerji xərclənir. Bunu, sadəcə, belə görmək lazımdır.



Biz hamımız bir millətik, bu ifadəni də, bilirsiniz, birinci rəhmətlik Heydər Əliyev söylədi, bu millətin ayrı-ayrı müstəqil qardaşlarıyıq. Həmrəyliyimiz, işbirliyimiz hər şeydən irəlidir. Çünki bu birlik, bərabərlik insandan-insana, yəni siyasətçilərin, dövlət adamlarının məsləhət gördüyü bir şey deyil. Bu, azərbaycanlının, qırğızın, qazağın, özbəkin, türkün - hamımızın xalqlarının qəlbində olan birlikdir, bərabərlikdir.

[media=Ermənistanla%20imzalanan%20protokollar%20nəticə%20vermədi]
Bu xəbər oxucular tərəfindən 840 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed