Şrift:
Eurovizion» fars rejiminin yuxusuna haram qatıb
12.05.2012 [12:41] - Güney Azərbaycan xəbərləri
Azərbaycan dövləti cəhaləti təbliğ edən İranın beynəlxalq musiqi yarışmasına əngəl olmasına yol verməməlidir

«Eurovizion-2012″ musiqi yarışması yaxınlaşdıqca fars-molla rejiminin Azərbaycan əleyhinə təbliğatı güclənir. Bu yarışmaya Azərbaycanın ev sahibliyi etməsini istəməyən qüvvələr ölkədə qarşıdurma yaratmaqda meyllərini gücləndirirlər. Xüsusilə də İran Azərbaycanda planlaşdırdığı təxribatlarını həyata keçirə bilmədiyindən böyük narahatlıq içindədir. Elə son aylarda MTN-nin həyata keçirdiyi bir sıra əməliyyatlarda həbs edilən «dindar»ların etirafları da dediklərimizi əsaslandırır. Bütün bunlar «Evrovizion»a qarşı hədə kimi dəyərləndirilir. O da maraqlıdır ki, XX əsrin 90-cı illərdə «dini təhsil» adı ilə Quma, Məşhədə və İranın digər şəhərlərinə göndərilən «tələbələr» müxtəlif adlar altında sosial şəbəkələrdə cövlan edirlər. Vətənə-Azərbaycana qarşı hər cür xəyanatkarlığa yol verir, fars-molla rejiminin sifarişlərini yerinə yetirirlər. Bu məxluqların ifadə azadlığının ən bariz nümunəsi olan sosial şəbəkələrdən-»facebook»dan, «tvitter»dən və s. Azərbaycan əleyhinə geninə-boluna yararlanması təəssüf doğurur. Heç olmasa, fərqində olsunlar ki, İran kimi qeyri-normal ölkədə sosial şəbəkələrə qadağalar qoyulub, insanlar söz və mətbuat azadlıqlarından istifadə edə bilmirlər.
Onu da qeyd edək ki, rəsmi Bakı «Eurovision» ərəfəsində Tehranın Azərbaycanda hansısa təxribatlar törədəcəyindən ehtiyatlanır. Bu istiqamətdə görülən tədbirlər isə Tehranın Bakıya qarşı aqressiyasını artırır. Artıq tərəflər münasibətlərin normal olmadığını açıq şəkildə səsləndirməyə başlayıblar. Bir müddət əvvəl İran mediası məlumat yayıb ki, guya Təbrizdə minlərlə insan Bakıda keçiriləcək «Eurovision»a etirazlarını bildiriblər.
İran mətbuatının verdiyi xəbərə görə, insanların əllərində həbs olunan «dindarlar»ın fotoşəkilləri və digər plakatlar olub. İran mətbuatı konsulluq qarşısında guya 10 mindən çox insanın toplaşdığını yazıb. Aksiya iştirakçıları qətnamə oxuyaraq, insidentsiz dağılışıblar.
Xatırladaq ki, bir neçə gün əvvəl Təbrizin imam cüməsi ayətullah Şəbustəri çıxış edərək, Azərbaycan konsulluğu qarşısında aksiyalara başlayacaqlarını bildirmişdi. Azərbaycanın baş konsulu Əli Əlizadə imam cümə ilə görüşərək, yayılmış şayiələrin əsassız olduğunu bildirib.
Onu da bildirək ki, Qərbin sanksiyaları, ABŞ və İsrailin hərbi hücumlarla bağlı hədələri fonunda İran öz qonşularına, o cümlədən Azərbaycana qarşı aqressiyalarını gizlədə bilmir. Elə bu səbəbdəndir ki, müntəzəm olaraq İranın Azərbaycanın daxili işlərinə qarşımağa cəhd etməsi, buradakı «dindar» tərəfdarlarını təxribatlara çəkməsi haqqında informasiyalar yayılır.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, əslində iki ölkə arasında münasibətləri Azərbaycan deyil, onların özləri gərginləşdirməkdə maraqlıdırlar: «Xocalı soyqırımının dəhşətlərini, 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz doğma yurd-yuvalarından güc yoluyla qovulmasını həyata keçirən terrorçu bir dövlətə-Emənistana dəstək verməsi İranın Azərbaycana qarşı qeyri-səmimi münasibətinin təzahürüdür. Artıq uzun illərdir ki, İran düşmən ölkəyə hərtərəfli dəstək verməklə, Azərbaycana qarşı təzyiqlərini işə salıb. Heç kimə sirr deyil ki, İran Ermənistana qucaq açmasaydı, ermənilərin dünyaya çıxışı da mümkün olmayacaqdı. Əgər İran bunu edirsə, əlbəttə ki, onun bu addımları da cavabsız qalmamalıdır». İranın son vaxtlar aktivləşməsindən narahatlıq keçirdiyini ifadə edən hüquq müdafiəçisi hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığını vacib şərt kimi dəyərləndirdi: «Son dövrlər İranın qonşularına, xüsusən də Azərbaycana qarşı artan təzyiqləri deməyə əsas verir ki, dövlətimiz bu məsələdə olduqca ehtiyatlı tərpənməlidir. Hətta mən narahatam ki, «Eurovision» yarışması ərəfəsində İran Azərbaycana qarşı təxribatlar həyata keçirsin. Əslində «Eurovision» öncəsi İranın aktivləşməsi təsadüfi deyil. O ki qaldı, İranın Azərbaycana qarşı təzyiqlərini arxasında hansı səbəblərin dayanmasına, məncə, onlar Qərbin artan hədələri fonunda sərtləşiblər və öz aqressiyalarını gizlədə bilmirlər. Amma Azərbaycan dövləti də dəfələrlə bəyanlayıb ki, heç bir dövlətin hərbi məqsədlər üçün ölkəmizin ərazisindən istifadə etməsinə imkan verməyəcək. Hesab edirəm ki, bu çox düzgün bir yanaşmadır və İranda yaşayan 30 milyon azəri türklərinin həyatı baxımından da vacib qərardır. Bu mənada İranın əndişələnməsinə də ehtiyac yoxdur».
Azərbaycan əleyhinə çıxışları ilə diqqətə gələn və əslən azərbaycanlı olan Ərdəbilin imam-cüməsi Seyid Həsən Amili də yenə dövlətimiz əleyhinə yeni bəyanatlar verib. Adəti üzrə hər cümə günü oxuduğu xütbəsində Azərbaycan əleyhinə fikir söyləyən Amili bu dəfə Bakıda keçiriləcək «Eurovision» mahnı müsabiqəsindən danışıb.
Azərbaycanın İngiltərədəki səfirinə böhtan atan, İranda narkobaron kimi tanınan Amili onun fikirlərini təhrif edib, bildiyi kimi yozub və xütbəsində bunu ölkəmiz əleyhinə yönəldib. Harkobaron Amuli Azərbaycanı bu tədbiri keçirməkdən yayındırmaq istəyir. O da istisna edilmir ki, İran Azərbaycandakı casus şəbəkəsi vasitəsilə Azərbaycanda, paytaxt Bakıda, ayrı-ayrı rayonlarda təxribatlar törədə bilər. Bu arada paytaxt və ətraf kəndlərdə keçirilən kütləvi dini mərasimlərə nəzarət olunmalıdır. İranla gediş-gəliş də müvəqqəti olaraq məhdudlaşdırıla bilər. Azərbaycan dövləti gerilik, cəhalət və nadanlığı təbliğ edən İranın beynəlxalq musiqi yarışmasına əngəl olmasına yol verməməlidir.
Cavid
Bu xəbər oxucular tərəfindən 1662 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed