Şrift:
Diktatorlar məkanı İran…
12.05.2012 [12:51] - DAVAMın yazıları
Susdurulan mətbuat, qandallanan internet

Qaranlığın izi ilə…

"İran" tarixinə nəzər salsaq, indiyədək bu coğrafiyada demokratik hökumətin qurulmadığını görərik. Daim avtoritar rejimlər və bu quruluşların başında dayanan diktator şahlar və rəhbərlər hakimiyyətdə olublar.
Sosioloji baxımdan bu tip hökumətlərin mahiyyəti bəllidir. Tarix göstərir ki, bu cür sistemlərdə yaşayan və diktatorun əmrinə tabe olan əhalinin demək olar ki, rejimi tənqid etmək belə haqqı olmur. Diktatorlar hər zaman xalqın ona yaltaqlanmasını, məddahlıq etməsini istəyirlər. Despotik şahlar və rəhbərlər fiziki və hərbi güc sayəsində gücsüz əhalini qorxudaraq onları özlərinə tabe etməyə çalışırlar. Odur ki, bu cür hakimiyyətlər zorakılıq və qorxu əsasında yaradılır. Odur ki, belə rejimlərdə yaşayan xalqda qorxaqlıq xarakteri ümidin yerini tutur. Avtoritar hakimiyyətlər ölkənin bütün resurslarından sadəcə öz hakimiyyətlərini saxlamaq üçün istifadə edir, ətrafındakı yaltaq və məddah insanları mükafatlandırıb rifah içində yaşamalarına dəstək olurlar. Yaltaqlar sosial təminata qovuşarkən xalqın əksəriyyəti yoxsulluq və pulsuzluqdan əziyyət çəkir.
İranda diktatorların ədalətsizliyinə və zorakılığına qarşı mübarizə aparan, xalqı maarifləndirən, vətəndaşlara hüquqlarını öyrədən, həqiqətləri açıqlayan şairlərin, yazıçıların, jurnalistlərin, alimlərin, ziyalıların əksəriyyəti avtoritar sistem tərəfindən məhv edilib. Bir çoxları edam olunub, digərləri isə həsb olunaraq ağır işgəncələrə məruz qalıb. Bu siyasət indi də davam edir. Elindən sürgün edilən, həyatları təhlükədə olduğu üçün ölkəni tərk etməyə məcbur qalan ziyalılarımız da az deyil.

Kölgələrlə sürünən qaranlıq…
(Açılan ilk güllələr : azad mətbuatın “qurbanları” )

İranda mətbuatın tarixi Qacar dövründən başlayır. Nəsrəddin şahın zamanında bir neçə nəşr çap edildi. Lakin mətbuatın doğulması ilə də təzyiqlər meydana çıxdı. Məsələn, 1875 –ci ildə “Vətən” qəzeti 2 dildə (fransız və fars) dərc edilməyə başladı. Lakin ilk çapından sonra şahın əmri ilə nəşri və yayımı dayandırıldı. Bunun səbəbi qəzetin azadlıq barədə yazılar dərc etməsi idi. Elə həmin dövrdən də İranda mətbuata qarşı senzuranın əsası qoyuldu. Lakin bu qadağalar yalnız mətbuatla məhdudlaşmadı. Nəsrədin şah onu təndiq edən kitabın nəşr olunduğunu bilən kimi 1884-cü ildə İranda mətbuata, kitablara və ümumiyyətlə, bütün nəşrlərə nəzarəti həyata keçirən senzura idarəsinin yaradılmasına fərman verdi. Bununla da İranda söz və ifadə azadlığına qarşı məhdudiyyət dövrü başladı. O zamandan indiyədək İranda müstəqil kütləvi informasiya vasitəsi olmayıb. Fəaliyyət göstərən bütün media qurumları tamamilə ya dövlətə bağlı olub, ya da dövlət tərəfindən təsis edilib. Bir çox KİV-in ya fəaliyyət məqsədi dəyişdirilib, ya da hökumətin maraqlarına xidmət edən şəklə salınıb. Dövlətin tələblərinə və maraqlarına qarşı çıxan medianın isə ya nəşri dayandırılıb, ya da qeydiyyatı ləğv edilərək təsisçisi cəzalandırlıb. İranda azad mətbuatın eyni cür aqibəti olur.
İranda tətbiq edilən bu məhdudiyyətlər Güney Azərbaycan mediasına da çox ağır şəkildə tətbiq edildi. Demək olar ki, Azərbaycan türklərinə aid bütün nəşrlər hakimiyyətin irqçi və totalitar siyasətinin qurbanı oldu. Dərgilər və qəzetlərin əksəriyyəti ya dövlət tərəfindən ləğv edildi, bir neçəsi isə hökumətin siyasəti yönündə nəşrinə davam etdirməyə çalışdı. Mənfi assimlyasiya və irqçi siyasətin təzyiqlərinə məruz qalan Azərbaycan türklərinin haqlarından söz açan qəzetlərin əksəriyyəti, o cümlədən də “Omid-e Zencan”, “Nevid-e Azerbaycan”, “Veravi Xiyov”, “Evrin Xoy”, “Şems-e Tebriz” və s. nəşri qadağan edildi. Bu siyahıya tələbələrin çap etdiydi qəzet və dərgilər də daxildir. Yayımı qadağan edilən bu mətbuat indiyədək də acı aqibətini yaşamaqdadır.

Güney Azərbaycanın qandallanan mətbuatı
(Hakim – diktator, məhkum – azadlıq, zindana qıfıl olan qələm)

İranda mətbuata qarşı təzyiqlər ali dini lider, ayətullah Seyid Əli Xamneyinin göstərişi ilə həyata keçirilir. O bir çox çıxışlarında müxalifətə mənsub nəşrləri mətbuat düşməni adlandıraraq, onların ABŞ və Qərb tərəfindən idarə olunduqlarını iddia etdi. Bununla da açıq şəkildə bir sıra nəşrlərin dayandırılmasını və jurnalistlərin cəzalandırlmasını tələb etdi. Bu tələb müxtəlif formalarda həyata keçirildi. Hakimiyyətə qarşı fəaliyyət göstərən, xalqının milli və vətəndaş haqlarını müdafiə edən jurnalistlər həbs edilərək işgəncələrə məruz qaldılar. Bu siyasət Güney Azərbaycanın da jurnalistlərinə ağır şəkildə tətbiq edildi. Məsələn, tanınmış jurnalist Səid Mətinpur həbs edildi. Uzun müddət ağır işgəncələrə məruz qalandan sonra casusluq ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edildi. Hazırda Evin zindanında ağır şəraitdə saxlanılır.

Yerli diktaturanın “qloballaşan” ittihamı
(“Düşmən” mətbuatdan “casus” internetə doğru axsaq addım)

İran rejiminin mətbuata qarşı təzyiqləri və senzurası digər informasiya vasitələrini də əhatə etdi. Ən çox hədəfə alınan sahələrdən biri də elektron media, ümumilikdə isə internet oldu. İnternetə nəzarət məqsədilə 2001-ci ildə ali dini lider Xamneyinin göstərişi ilə 3 üzvdən ibarət yeni komitə yaradıldı. Komitənin üzvləri «Ettelaat»ın, İran Teleradio Təşkilatının və İran Mədəniyyət və İslami İrşad Nazirliyinin nümayəndələri idi. Həmin ildən başlayaraq internet saytlarına süzgəc qoymaq siyasəti ciddi şəkildə həyata keçirildi, bir çox saytlar “Sepah”a məxsus kiber ordu tərəfindən hak edildi. İrana qarşı beynəlxalq təzyiqlərə baxmayaraq, milyonlarla sayta süzgəc qoyuldu. İranda 2009-cu ildə keçirilən mübahisəli prezident seçkilərindən sonra məşhur sosial şəbəkələrə və saytlara, o cümlədən də “facebook”, “twitter”, “google”, “yahoo” və “youtube”a qadağa qoyuldu. Vətəndaşların şəxsi elekton poçt ünvanları tamamilə hökumətin nəzarəti altına alındı. 2006-cı ildə İran 19 maddədən ibarət qanun qəbul etməklə bütün internet fəaliyyətini nəzarətə aldı. Bu qanun İranda fəaliyyət göstərən bütün saytlar və bloqların İran Mədəniyyət və İslami İrşad Nazirliyində qeydiyyatdan keçməsini tələb edir.
Güney Azərbaycan türklərinin milli və mədəni hüquqları uğrunda mübarizə aparan əksər sayt və bloqlara 2001-ci ildən başlayaraq süzgəc qoyuldu. Xalqın milli oyanışı və maarifləndirilməsi üçün internet vasitəsilə çalışan yüzlərlə siyasi və mədəni fəal həbs edilərək ağır işgəncələrə, təzyiqlərə məruz qaldı. Son 4-5 ildə internetə senzura və süzgəc qoyulması ciddi şəkildə davam etdirilir. Bloqçuların həbsi, hətta bir neçəsinin edamı həyata keçirildi.
İranda mətbuata və jurnalistlərə qarşı təzyiqlərin artması bir çox beynəlxalq təşkilatların da diqqətindən yayınmayıb. Sərhədsiz Reportyorlar Birliyinin 2011-2012-ci illərə aid son hesabatına əsasən, bu ölkə mətbuata qarşı təzyiqlərə görə 179 ölkə içində 175-ci yeri tutur. Təşkilatın son 4 ildə yaydığı hesabatlarda İran internetin düşməni, jurnalistlərin həbsxanası adlandırılıb. Təəssüf ki, indiyədək rejimə qarşı yönələn beynəlxalq təzyiqlər və sanksiyalar İranın internetə qarşı dağıdıcı siyasətini dayandıra bulməyib. Şah dövründən başlayan siyasət bu gün də davam etdirilir. İnterneti casus adlandıran bir çox İran rəsmiləri ölkəni qlobal internetdən təcrid etmək üçün milli internetin yaradılması ilə bağlı açıqlamalar verdilər. Son zamanlarda despotik lider Xamneyi internetə nəzarətin daha da gücləndirilməsi üçün ali şuranın yaradılması əmrini verdi və prezident də bu şuranın rəhbəri təyin edildi.

Pıçıltı qaranlıqda da eşidilir…
(Qətl edilən azadlıq: canlı meyitlər qəbirstanlığı)


Hazırda İranda fəaliyyət göstərən bütün internet-klublar dövlətin nəzarəti altındadır. Klub sahiblərinin kimliyi təhlükəsizlik məmurları tərəfindən araşdırılır, klublara nəzarət üçün kameralar yerləşdirilir. 2011-ci ildə ölkə daxilində onlarla internet-klub bağlandı, sahibləri isə dövlət qanunlarına əməl etməməkdə təqsirləndirilərək məhkəməyə verilərək cəzalandırıldı. İnterneti öz hakimiyyətlərinin varlığı üçün böyük bir təhlükə hesab edən İran hökümət rəsmilərinin və diktator liderin internetə baxışı demək olar tam ideolojidir. Odur ki, bu sahənin hər yolla qarşısının alınması və virtual şəbəkəylə ölkənin əlaqələrinin kəsilməsi ən zəruri işlərdən biri hesab edilir. İnternetə qarşı məhdudiyyətləri artırmaqla ölkəyə informasiya axınının qarşısını almaq istəyirlər. Bu cəhdlər vətəndaşların məlumat əldə etmək və fikir azadlığını məhdudlaşdırmaq məqsədi daşıyır. İnsanların dünya ilə əlaqələrinin kəsilmək və informasiya blokadasında saxlamaqla gerçəkləri gizlətməyə çalışırlar.
Ekspertlərin fikrincə, İran rejiminin internetə qarşı qadağaları və təzyiqləri gün keçdikcə bu ölkəni dünyadan daha çox təcrid edir. Nəticəsi isə əhali arasında hakimiyyətə qarşı narazılığın daha da artmasına, hökumətə etimadın tamamilə itirilməsinə səbəb olacaq. İnternetin informasiya əldə etmək, soz və ifadə azadlığının inkişaf etdirilməsində, cəmiyyətin müasirləşməsində mühüm rolu var. Odur ki, İranın avtoritar hökumətinin internetə və mətbuata qarşı ağır təzyiqləri bu cür davam etsə, ölkənin gələcəkdə canlı meyidlər qəbirstanlığına çevrilməsi qaçınılmazdır.

P.S. Qadağa hökmünü təklər verir, sonluğu isə milyonlar yazacaq. Bir gün elə Səid Mətinpurun özü yazacaq. Biz yazacağıq, Güney Azərbaycan yazacaq. Lap böyük hərflərlə yazacağıq. Yazdığımızı Təbrizdə asacağıq. Dar ağacından yox, mərkəzi meydanda hündür bir qüllənin başından asacağıq. Üzərində ay-ulduz olacaq! Tək küləkdə yox, hər zaman dalğalanacaq… O gün olacaq. Mütləq olacaq!

Elçin HATƏMİ
Bu xəbər oxucular tərəfindən 1663 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed