Şrift:
Qərbi Azərbaycanda böyük qızıl mədəninin bağlanması 120 fəhləni işsiz qoydu
17.08.2017 [10:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycanın Tinatəpə məntəqəsində yerləşən Zərşuran (Zrehşuran) Qızıl Mədəninin bağlanması ilə mədəndə işləyən 120 fəhlə işsiz qalıb.

Mədən təxminən 1 ay öncə bağlanılıb, onun 5 aydır əmək haqqı almayan 120 fəhləsi işsiz qalıb.

“İlna” xəbər agentliyi bildirib ki, “İmidru” Şirkətinin nəzarətində olan Zərşuran mədəninin fəaliyyəti ilə bağlı Tikantəpə Şəhsəvarının mədən yollarını genişləndirən şirkət məsuliyyət daşıyır.

“Mədəndə çalışanların 51 faizi yerli əhali, 40 faizi isə ətraf kəndlərin sakinləridir. Qalan texniki və mütəxəssis qüvvələr yerli olmayan insanlardır”- deyə xəbər agentliyi yaydığı məlumatda bildirib.

Fəhlələrin açıqlamasına görə, “Zərşuran mədəninin bağlanması bir tərəfə, bu mədənin yaxınlığında dövlətin nəzarətində olan qızıl istehsalı fabrikinin də gələcək taleyi sual altındadır. Həmin sənaye müəssisəsinin işçiləri də işsiz qalacaqlarından nigarandılar.”

Qərbi Azərbaycan Kooperasiya, Əmək və İctimai Rifah İdarəsindən “İlna” xəbər agentliyinə bildirilib ki, “Zərşuran mədəni fəhlələrinin problemini diqqətdə saxlayırıq. Bu mədən, podratçının (peymankar) öhdəliyini yerinə yetirmədiyi və sahibkarın haqqını ödəmədiyi üçün, əsas sahibkar tərəfindən bağlı olan olunub.”

Əhalisinin çoxu yoxsulluq içərisində yaşayan Güney Azərbaycanın müxtəlif bölgələrində təbii sərvətlər və böyük mədənlər mövcuddur. Yaxın Şərqin ən böyük qızıl yataqları olan Zərşuran və Ağ-dərə mədənləri Qərbi Azərbaycanın Tikantəpə bölgəsində yerləşir. Bölgədə həmçinin 80-dan çox qiymətli daşlarla zəngin olan mədənlər mövcuddur. Bütün bunlara baxmayaraq Tikantəpə bölgəsi Güney Azərbaycanın digər bölgələri kimi ölkə üzrə ən yoxsul məntəqələrdən biridir. Mədən məhsulları xammal kimi İsfahan, Kirman, Yəzd və Tehran şəhərlərinə aparıldığı üçün bölgə əhalisinə heç bir qazanc gətirmir.

Zərşuran Qızıl Mədənində 2014-cü ilin payız aylarında qızıl istehsalına başlanılıb. Prezident müavini Cahangiri və Sənaye naziri Məhəmmədrza Nemətzadənin iştirakı ilə keçirilən açılış mərasimində mədəndə ilk olaraq ildə 3 ton qızılın istehsal olunacağı bildirilib. Həmin mərasimdə Mədənlərinin İnkişafı Təşkilatının rəisi Mehdi Kərbasiyan mədənin qızıl ehtiyatları barədə olduqca önəmli məlumat verib. “İlkin proqnozlara görə, mədəndə qızıl ehtiyatlarının 55 ton olduğu ehtimal edilirdi, lakin sonralar bu rəqəmin 110 ton olduğu elan olundu”- deyə o bəyan etmişdir.
Bu xəbər oxucular tərəfindən 484 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed