Şrift:
Rəhim Zarei Kəleybər məhkəməsinə çağırılıb
30.08.2017 [10:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal Rəhim Zarei irəli sürülən ittihamlardan özünü müdafiə etmək üçün Kəleybər şəhərinin İnqilab Məhkəməsinə çağırılıb.

R.Zarei iyunun 30-da Güney Azərbaycanın Kəleybər şəhəri yaxınlığında yerləşən Babək qalasında (Bəzz qalası) keçirilən yığıncaqda iştirak etdiyinə görə daha 11 fəalla birlikdə tutulub. O Milad Əkbəri ilə birlikdə Əhər zindanına aparıldıqdan sonra Təbriz Ettelaat İdarəsinin təcridxanasına intiqal edilib, orada bir həftə saxlandıqdan sonra Əhər zindanına qaytarılıb. Budan sonra fəal 500 milyon riallıq mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

Həmçinin Təbriz Cəza Məhkəməsinin 103-cü Şöbəsində R.Zareiyə aid daha bir dosye olub. Dosye fəalın digər azərbaycanlı fəal Murtaza Muradpurun aclıq aksiyası ilə bağlı virtual aləmdə xəbər yayması ilə əlaqədardır. Məlumata görə, məhkəmə R.Zareini yalan xəbər yaymaq ittiham edərək barəsində 5 milyon rial nağd cərimə qərarı çıxarıb.

Ötən illərdə olduğu kimi, iyunun 30-da yüzlərlə milli-mədəni fəal Azərbaycanın tarixi və milli qəhrəmanı Babək Xürrəmdinin ad gününü qeyd etmək üçün Güney Azərbaycanın Kəleybər şəhəri yaxınlığında yerləşən Babək qalasına (Bəzz qalası) yürüş ediblər. Dinc keçirilən ənənəvi yığıncaq İran təhlükəsizlik qüvvələrinin kobud müdaxiləsinə məruz qalıb, bir neçə fəal təhlükəsizlik qüvvələri tərəfindən döyülərək saxlanılıb.

Rəhim Zarei Kəleybər məhkəməsinə çağırılıb
Bu xəbər oxucular tərəfindən 550 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed