Şrift:
Politoloq: Ermənistan bu cür informasiyalarla işğal faktını arxa plana keçirərək, Azərbaycanın adının neqativ hadisələrdə hallanmasını istəyir
07.09.2017 [09:17] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Son günlər qərb mediasında Azərbaycanda korrupsiya faktı ilə bağlı yayılan dezinformasiyanın arxasında düşmən qüvvələrin ölkəmizdə daxili sabitliyi pozmaq cəhdi dayanır.

Bunu "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili, politoloq Hikmət Babaoğlu deyib.

Azərbaycanın nüfuzunun hər gün daha da artdığını, milli dövlətçiliyimizin möhkəmləndiyini deyən H.Babaoğlu qeyd edib ki, Azərbaycan çox böyük qlobal layihələr həyata keçirir, ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin dondurulmuş münaqişə halına salınmasına imkan vermir və torpaqlarımızın işğaldan azad olunması üçün əzm nümayiş etdirir. Bu cür müstəqil və milli maraqlara söykənən mövqe bəzi ermənipərəst, islamafob mərkəzlərin xoşuna gəlmir. Ona görə də onlar vaxtaşırı ölkəmizə qarşı informasiya təxribatları törətməklə Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa cəhd edirlər:

“Çünki erməni lobbisi və ermənipərəst mərkəzlər bilirlər ki, Ermənistan Azərbaycanın hərbi, iqtisadi gücü qarşısında torpaqlarımızı uzun müddət işğal altında saxlaya bilməyəcək. Eyni zamanda Azərbaycanın ayrı-ayrı ölkələrlə dostluq münasibətləri, diplomatik gücü Ermənistanı bir qədər də küncə sıxışdırır. Belə olan halda, ermənipərəst mərkəzlər və onların havadarları Azərbaycanı daxildən parçalamağa cəhd göstərir, guya ölkəmizdə korrupsiya, sabitliyin kövrək olması, insan haqlarının pozulması ilə əlaqədar iddialar ortaya atırlar. Çox təəssüf ki, hazırda imperialist mərkəzlərin ruporu rolunda çıxış edən bəzi xarici media qurumları da bu kimi dezinformasiyaları tirajlayan vasitəyə çevrilirlər. Bu, informasiya ilə yaxud yumşaq güc vasitəsilə milli dövlətin şantaj olunmasıdır. Azərbaycanla bağlı qərəzli məlumatların əsas müəlliflərindən birinin milliyyətcə erməni olması bir daha göstərir ki, sözügedən informasiya təxribatında düşmənlərimizin birbaşa iştirakı var. Eyni zamanda məşhur milyarder və siyasi hoqqabaz C.Sorosun da bu işdə dəsti-xəttinin olması onun postsovet məkanında "yarımçıq qalmış çevriliş planları"nın davamına cəhdi kimi qiymətləndirilməlidir. Bəlli olduğu kimi hazırda ABŞ-da C.Sorosun terrorçu elan edilməsi üçün petisiya hazırlanıb və məsələnin müvafiq qurumlarda müzakirə olunmasına hüquqi əsas yaradacaq qədər imza toplanıb. Bu şəxs ABŞ ərazisində iqtisadi və maliyyə terrorru törətməkdə və haqsız rəqabət mühiti yaratmaqla dövlətin maraqlarına ziyan vurmaqda ittiham edilir. Belə adamın ermənilərlə işbirliyində olması olduqca təbiidir”.

H.Babaoğlu əlavə edib ki, Ermənistan bu cür informasiyalar vasitəsilə regionun real siyasi gündəliyini, işğal faktını arxa plana keçirərək, Azərbaycanın adının neqativ hadisələrdə hallanmasını istəyir:

“Lakin bu mümkün deyil. Çünki Azərbaycanın diplomatiyası, eləcə də informasiya gücü buna imkan verməyəcək. İşğal faktının arxa plana keçirilməsinə yönələn bu cəhdlər xüsusən 2016-cı ildə baş verən aprel hadisələrindən sonra daha da aktivləşib. Hərbi-siyasi müstəvidə Azərbaycan qarşısında aciz qalan Ermənistan informasiya müstəvisində bu cür təxribatlara əl atmaqla gündəmi dəyişməyə çalışır”.
Bu xəbər oxucular tərəfindən 1036 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed