Şrift:
Hökumət “Təbriz 2018” üçün heç bir addım atmır – Azərbaycanlı millət vəkili
07.09.2017 [10:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz şəhəri 2018-ci ilin islam dünyasının turizm paytaxtı seçilib, lakin bu şəhərin 2018-ci ildə turist qəbul etməyə hazırlığı yoxdur. Buna səbəb hökumətin Azərbaycan şəhərinə büdcə vəsaiti ayırmamasıdır.

Mövzu ilə “Fars” xəbər agentliyinə danışan Təbriz, Azərşəhr və Üskünün İran parlamentindəki millət vəkili Şəhabəddin Bimiqdar “Təbriz 2018”lə bağlı vəziyyətin məyusedici olduğunu deyib.

“Aprelin 26-da yüksək dövlət orqanlarının birgə balansında olan büdcə vəsaitinin 10 faizinin “Təbriz 2018”ə ayrılacağı ilə bağlı qəbul olunub. Qərara əsasən vəsait “Təbriz 2018” Komitəsinə təhvil verilməli idi, lakin 2018-ci ilə təxminən 3 ay qalmasına baxmayaraq bu günə qədər hətta bir rial belə pul ödənilməyib. Vurğulamaq lazımdır ki, ümumiyyətlə gələn il üçün Təbriz naminə heş bir iş görülməyib”- deyə o bildirib.

Millət vəkili bəyan edib ki, “Təbriz 2018” üçün xüsusi komitə yaradılıb, komitənin katibliyi Turizm və Mədəni İrs Təşkilatının nəzdində fəaliyyət göstərir. Bir çox yüksək dövlət orqanları, o cümlədən bəzi nazirliklər “Təbriz 2018” Komitəsinə üzvdür.”

“Komitəyə üzv olan nazirliklərdən bu günə qədər yalnız Gənclər və İdman Nazirliyi öz proqramlarını təqdim edib, qalan nazirliklərdən isə heç bir xəbər yoxdur. 2018-ci ilə çox az bir müddət qalır, bu müddətdə müxtəlif proqramlar təqdim olunub büdcə vəsaiti ayrılmasa, o zaman Təbrizdə heç bir yeni hadisə baş verməyəcək”- deyə millət vəkili bəyan edib.

Ş.Bimiqdar sözlərinin sonunda deyib: “İranın heç bir səfirliyində “Təbriz 2018”lə bağlı təbliğat aparılmır. Halbuki, bugünkü dünya təbliğat və irtibatlar dünyasıdır. Təbrizi tanıtdırmaq və Şərqi Azərbaycana turist cəlb etmək üçün bu istiqamətdə geniş təbliğat işləri aparılmalıdır”- deyə o vurğulayıb.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Turizm Nazirlərinin Niger Respublikasının paytaxtı Niamey şəhərində keçirilən İslam Konfransının 9-cu sessiyasında Təbriz şəhəri 2018-ci ilin İslam turizm paytaxtı seçilib. Bu şəhərin 2018-ci ildə bütün dünya ölkələri, xüsusi ilə də islam dünyasından çox sayda turist qəbul edəcəyi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 518 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed