Şrift:
İran müsəlman qonşularından nə istəyir
21.05.2012 [11:52] - DAVAMın yazıları
Son dövrlər İranın xarici siyasətyində vacib bir məqam diqqəti xüsusilə cəlb edir. İranın bütün müsəlman qonşuları ilə (istər dənizdən, istər qurudan sərhədi olan) münasibətləri getdikcə gərginləşir. Amma müsəlman olmayan qonşuları ilə münasibətləri ya sabit xəttə malik olur ya da daha da yaxşılaşır.

İran onu Qərbin təzyiqləri qarşısında qorumağa çalışan, amma bu məqsədlə ölkənin nüvə proqramı ilə bağlı NATO-dakı müttəfiqlərin xoşuna gəlməyən siyasət yürüdən, nüvə mübadiləsi müqaviləsi imzalayan, BMT Təhlükəsizlik Şurasındakı səsvermədə öz müttəfiqlərinin təklif etdiyi layihənin əleyhinə səs verən Türkiyəni yerli-yersiz tənqid, təhqir və hətta təhdid edir. İran Qərbdən gələn sərt təzyiqlərə baxmayaraq, öz ərazisindən İran əleyhinə istifadəyə imkan verməyəcəyini dəfələrlə elan edən Azərbaycana da xoş münasibət göstəmir. Dayanmadan gah Azərbaycanı hansısa ölkənin kəşfiyyatı ilə əlaqədə, gah da öz ərazisində hansısa ölkəyə çox sayıa hərbi aeroport verməkdə günahlandırır. Bu ölkənin Əfqanıstan, İraq və Ərəb dövlətləri ilə münasibətlərinin səviyyəsi və xarakteri də hamıya məlumdur: gərginlik, müharibə, işğal, hədə-qorxu.

İran rəsmiləri qonşu ölkələri rejim dəyişikliyi ilə qorxutmağa çalışmağa da adət ediblər. Bunu o qədər rahat edirlər və özlərini elə aparırlar ki, sanki İranda çox keçmişdə yox, elə 2009-cu ildəki prezident seçkilərinin, 2012-ci ildəki parlament seçkilərinin necə keçirildiyini, sadəcə siyasətçilərin yox, fərqli düşündüklərinə görə din xadimlərinin hansı təzyiqlərə məruz qaldıqlarını, 1979-cu il inqilabını həyata keçirənlərin özlərinin və yaxınlarının (Xomeyninin övladlarının, Rəfsəncaninin və ailə üvzlərinin) necə təzyiq və təhqirlərə məruz qaldığını insanlar unudublar.

Digər tərəfdən İran Ermenistan və RF ilə daha xoş münasibətlərə malikdir. Çox vaxt xoş bəyanatlar verilir, ciddi addımlar atılır, əməkdaşlıq edilir. Hətta Ermənistan prezidenti Tehrandakı “Novruz Bayramı” tədbirinə dəvət edilir. Hansı ki, nəinki bu bayramın Ermənistan dövlətinə bir dəxli yoxdur, hətta bu ölkədə həyata keçirilən etnik təmizləmə siyasəti sayəsində Ermənistanda ümumiyyətlə bu bayramı qeyd edən insan qalmayıb.

Maraqlıdır ki, İran öz rəsmi sənədlərində dini ən çox ön plana çıxaran ölkələrdən biridir. Özünü dünya müsəlmanlarının hamisi elan edib. Bəs görəsən nəyə görə bu ölkə öz müsəlman qonşuları ilə daha çox problem yaşayır, amma müsəlman olmayanlar ilə yaxşı münasibətlər qurur. Nəyə görə İrandakı rejim müsəlman qanı töküləndə prinsiplərlə yox maraqları ilə çıxış edir və daxili siyasi proseslərə görə öz xalqını da, Suriyadakı, İraqdakı və digər ölkələrdəki sadə əhalini də bombalarla, snayperlərlə öldürməyi normal sayır.

ARAZ ASLANLI
Bu xəbər oxucular tərəfindən 1487 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed