Şrift:
“Dini radikalizmin mahiyyəti və yaranma səbəbləri” mövzusunda konfrans keçirilib
29.11.2017 [10:58] - İslam dini
Noyabrın 28-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin akt zalında "Dini radikalizmin mahiyyəti və yaranma səbəbləri" mövzusunda konfrans keçirilib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəhbər və məsul şəxsləri, eləcə də metropoliten işçilərinin iştirak etdiyi tədbirdə əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş "Şəhadət" sənədli filmi nümayiş etdirilib.

Filmin nümayişindən sonra çıxış edən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Hidayət Məmmədov filmin maarifləndirmə sahəsindəki önəminə toxunub. O, "Şəhadət" sənədli filminin nümayişinin gənclərin milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi və təbliği baxımından əhəmiyyətli olduğunu bildirib.

Dini radikalizmin mahiyyəti və onunla mübarizə yolları barədə məlumat verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd dini radikalizmlə mübarizə sahəsində maarifləndirmə işlərinin aparılmasından ibarətdir. Avropada islamofobiya hallarının genişləndiyini diqqətə çatdıran DQİDK sədrinin müavini bildirib ki, müsəlman ölkələrində gedən proseslər İslamı gözdən salmaq istəyən qüvvələrin məkrli siyasətinin nəticəsidir. Bütün bunlar isə İslam həmrəyliyini zəruri edən amillərdəndir.

Dünyada qlobal təhlükəsizlik problemlərinin əsasını dini və etnik zəmindəki münaqişələrin təşkil etdiyini vurğulayan Səyavuş Heydərov Azərbaycanda dinlərarası və millətlərarası münaqişələrin baş vermədiyini bildirib. Eyni zamanda, qeyd edib ki, respublikamızda məzhəblər arasında vəhdət və həmrəylik mövcuddur. DQİDK sədrinin müavininin sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ilin respublikamızda "Multikulturalizm İli", 2017-ci ilin isə "İslam Həmrəyliyi İli" elan edilməsi bütün dünyada, eləcə də müsəlman aləmində sülhə və birgəyaşayışa çağırışdır. O, Bakıda keçirilən mədəniyyətlərarası və humanitar forumların əhəmiyyətindən də danışıb, bunu ölkəmizin, xüsusilə dövlətimizin başçısının dinlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfənin təzahürü kimi qiymətləndirib.

Səyavuş Heydərov Dövlət Komitəsinin sifarişi ilə çəkilən "Şəhadət" sənədli filmi haqqında da məlumat verərək bildirib ki, bu film Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunub. Filmdə Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edilir.

Tədbirdə gənclərin radikal dini cərəyanların təsiri altına düşməsindən qorunması və dini radikalizmin fəsadları ilə bağlı da fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 816 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed