Şrift:
Nədir vətən yanğısı?
09.06.2012 [01:17] - DAVAMın yazıları
Mənzərə Sadıqova
filologiya üzrə fəlsəfə doktoru
Milli Məclisin Mətbuat xidmətinin əməkdaşı


Parlamentdə “Qayıdış və yenidən məskunlaşma” mövzusunda dinləmələr keçirilirdi. Tədbirdə deputatlarla yanaşı qaçqın və məcburi köçkün uşaqlar da iştirak edirdilər. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Qayıdış və yenidən məskunlaşma: qərar çıxarmada uşaqların iştirakı” layihəsi çərçivəsində 2011-ci ilin dekabrından etibarən ölkəmizdə yaradılmış 14 məcburi köçkün uşaq komitəsinin təmsilçiləri dinləmələrdə fikirlərini bölüşdülər. Qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini, sevgilərini və sayğılarını bildirdilər. Gec-tez doğma yurda dönəcəklərinə inam ifadə etdilər. O çıxışlardan biri ciyərimi dağladı. “Şuşa” komitəsinin sədri Ülkər Tağızadə dedi ki, quş quşluğuyla nə qədər uzaq məsafələr qət etsə də, yenə adicə quru otlardan qurduğu yuvasına qayıdır, orda təsəlli və rahatlıq tapır. Biz öz vətənimizə qayıtmaq istəyirik!

Doğma yurd istəyini bütün problemlərin həllindən üstün tutan məktəbli qızımız – Şuşa rayon 1 nömrəli orta məktəbin VIII sinif şagirdi, 15 yaşlı Ülkər həyəcanlı və qəhərli səsilə bəyan etdi ki, mən öz atamın-anamın yurdunu istəyirəm. Biz qarabağlı uşaqlar istəyirik ki, Üzeyirin, Xan Şuşinskinin, Natəvanın yurdunda təhsil alaq!

Adını eşidib üzünü görmədiyi Şuşadan uzaqlarda dünyaya göz açmış yeniyetməmizin yurda dönmək qətiyyəti duyğulandırdı. Vətənpərvərliyi, vətən yanğısı ürəyimə od saldı, içimi yandırdı. 1988-ci ildən bəri ayrı düşdüyüm doğma İrəvanım, qədim oğuz yurdu – İrəvan xanlığı durdu gözümün qabağında. Sanki məndən –“Nə vaxt qayıdacaqsınız?” - deyə soruşurdu. Xatirələrin yağışı gözlərimdən axıb-axıb, qələmimə süzüldü.

Nədir Vətən yanğısı? – Bir ovuc qormu? Doşuluşdan düşdüyün tormu? Ocaqda közmü? Ürəkdə qalmış sözmü? Cismini bürüyən atəşmi? Ruhunu göynədən itkimi? Ciyərini dağlayan odmu? Qığılcımdan tutuşan alovmu? Göylərə bülənd olan yanğınmı? Ürəyini gizildədən dərdmi? Vücudunu saran ağrımı? Bəlkə, talelərə düşən ildırımdır Vətən yanğısı? Ellikcə başımıza döyəcləyən dağ şəlaləsinə çevrilib. ...Doğmasının itkisi insanı yandırır, amma bilənlər bilir, Vətən yanğısının müqabilində o hiss... müqayisəyə gəlməz. Başına gəlməyən bilməz. Bilməyənlər çox olsun!

Saatın əqrəbləri irəlilədikcə şiddəti artan həsrətdir Vətən yanğısı. Səni öldürən xatirəsindən məst olduğun səadətdir. Çünki hər zərrənə hopmuş eşqdir Vətən! Tayını tapmadığın gözəllər gözəlidir. Unuda bilmədiyin sevgindir. İlk sevgi pıçıltılarını ellərə yayan küləkdir. Tarixin sənə əmanət etdiyi keçmişin və gələcəyindir. Babalarının at oynatdığı döyüş meydanındır, hünər salnaməndir. Tarix yazacağın məkandır Vətən.

Beynindən qidalanan duyğudur Vətən yanğısı. Gen yaddaşındır. Zaman adlı sudan nə qədər səpsən də, söndürəmmədiyin oddur-alovdur. Ayaq izlərinin ucundan tutub balıqçı toru kimi yığa-yığa getsən də, yetişəmmədiyin yoldur-yarğandır. Dünyaya atdığın addımların o yoldan yan keçməsi yandırır səni.

Udduğun havadır, içdiyin sudur Vətən. Əsrarəngiz gözəlliklər diyarı, füsunkar şəhərdir-kənddir... Otunda-çiçəyində gözün qalan gülüstandır. Dağlarına-bağlarına, meşəsinə-çeşməsinə bənd olduğun yurd-yuvadır. Daşına, qayasına vurulduğun təbiətdir. Ayaqlarını əzmiş çınqıldır-kəsəkdir. Üstündəki addım izlərinin səni gözlədiyi torpaqdır Vətən. Nemətlərini təmənnasız ərməğan edib də, səndən vəfasızlıq görən varlıqdır. Gözündə ilişib qalmış rəngdir. Qulaqlarından getməyən səsdir.

Dünyayla ilk təmasındır Vətən. Ulularının baş qoyduğu əlçatmaz məkandır. Ana laylasıdır. Ata öyüdüdür. Top-top, gizlənpaç, qaçdı-tutdu oynadığın məhəllə uşaqlarının şən çığırtısı, haray-həşiridir. Mənəviyyat xəzinəsidir. Hər səhər İrəvan məscidlərindən ucalan azan səsidir. Dərsə gecikən uşaqların yürüşü, tələsdirən anaların həyəcanıdır. Qonum-qonşun, qohum-əqrəbandır. Həyatın rəngi, duyğuların çələngidir Vətən. Ataların qüruru, vüqarıdır. Anaların güvənci, dayağıdır. Elin-günün hamılıqla qəbul və riayət etdiyi adət-ənənədir. Geyim mədəniyyəti, zövq dünyasıdır. Ağzının dadı, süfrənin ləzzəti, mətbəx mədəniyyətindir.

Vətən mükəmməldir, müqəddəsdir. Ağrısını yaşadıqca can atdığın hissdir Vətən yanğısı!.. Yaşamağa, qovuşmağa tələsdirən həvəsdir...
Bu xəbər oxucular tərəfindən 2018 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed