Şrift:
Gürcüstanda Azərbaycan türklərinin siyahıya alınma problemi...
11.06.2012 [11:15] - Borçalı
500 mindən çox soydaşımızın yaşadığı Gürcüstanda ölkənin Milli Statistika Komitəsi əhalinin yenidən siyahıya alınmasına hazırlaşır. Qeyd edək ki, Gürcüstanda sonuncu dəfə 2002-ci ildə aparılan siyahıya alınmanın nəticələri Azərbaycanda birmənalı qarşılanmamışdı. O zaman Gürcüstanın rəsmi orqanı bu ölkədə yaşayan azərbaycanlıların sayını reallıqdan az göstərmişdi.

Hazırda Gürcüstanda ölkə əhalisinin siyahıya alınması prosesinə başlamaq texniki səbəblərdən gecikir. Lakin bunun ilin sonu və ya gələn ilə mümkün olacağı güman edilir.
Sonuncu siyahıya alınmada yol verilən qüsurların qarşısını almaq üçün bu dəfə Azərbaycan tərəfdən hansı tədbirlər görülə bilər?

Məsələ burasındadır ki, Gürcüstanda yaşayan azərbaycanlıların əksəriyyəti işləmək üçün ya Rusiyaya, ya da Azərbaycana gəlir, yəni daimi pasport qeydiyyatında olduqları yerdə tapılmırlar.

Gürsüstan parlamentinin deputatı Azər Süleymanov açıqlamasında bildirib ki, siyahıya alınma ilə Qeyri-Hökümət Təşkilatları məşğul olur və bununla bağlı hələ bir şikayət gəlməyib. “Olarsa da biz gözümüz-başımızla bu şikayətlərə baxmalıyıq. Hələ proses davam edir”.

Gürcüstanda əhalinin siyahıya alınması ilə bağlı texniki məsələlərin bu ayın sonunda bitəcəyini deyən deputat qeyd edib ki, yalnız ondan sonra bu barədə nəsə demək olar. Azər Süleymanov 2002-ci ildə aparılan siyahıya alınmanın nəticələrinin Azərbaycanda real qarşılanmaması ilə bağlı söhbətləri müxalifət qəzetlərinin yaza biləcəyini qeyd edib.

“Olmayan insanlar necə göstərilə bilər ki, onlar var? Burada yaşayan insanların hamısı siyahıda var. Ola bilər ki, seçki vaxtı məntəqələrdə adı çıxmamışdı, yəni məntəqələr qarşıq düşmüşdü. Amma Gürcüstan əhalisini, seçkilərini gizlədən və ya əlavə adamlar artırası deyil. Qanunla bu birbaşa cinayət işidir. Düzdür, Gürcüstanda qeydiyyatda olub başqa yerlərə işləmək dalınca gedənlər var, nə evləri bilinir, nə harada yaşadıqları, havada qalıblar. Amma vətəndaşlarımız 20 il də harasa getsələr, Gürcüstan onların vətənidir, istər azərbaycanlı, istər gürcü, istər başqa millət olsun. Geri gəldikdən sonra onlar tam olaraq Gürcüstan vətəndaşıdır, seçkilərdə iştirak edə və ya seçilə bilərlər, heç bir problem yoxdur” deyə Azər Süleymanov vurğulayıb.

Aytən ƏLİYEVA
Bu xəbər oxucular tərəfindən 1669 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed