Şrift:
Mübariz ruh
20.06.2012 [16:14] - DAVAMın yazıları
Sultan Laçın

DÖVLƏT BÜTÜN MÜBARİZLƏRİ SƏFƏRBƏR EDİB MÜBARİZ XALQ FORMALAŞDIRMALIDIR...

HƏYATIMIZIN HƏR BİR SAHƏSİNDƏ İXLASLI VƏ HAQLI MÜBARİZ OLMALIYIQ...


Seyid Mübariz İbrahimovun şəhid olmasından iki il ötdü. Bu müsəlman-türk oğlu ən azı iki minillik keçmişimizdən gələn inşəallah, iki min il də bundan sonra yaşayacaq bir qəhrəmanlıq, mübarizlik ruhunu bu günkü və gələcək nəsillərə ötürənlərdən oldu. Allah cəmi şəhidlərimiz kimi seyid Mübarizə də rəhmət etsin!..

Ötən əsrin 60-cı illərində dünya şöhrətli alim Xudu Məmmədovla birgə gizli Milli Azadlıq Qərargahına (MAQ) rəhbərlik etmiş Oqtay Eldəgəz 90-cı illərin ortaları və sonunda biz gənclər Azərbaycanın durumuna baxıb ümidsizliyə qapılanda deyərdi və yazardı ki, Azərbaycan türklərinin nüvəsində gizli neytron və protonlar mövcuddur, günlərin birində onlar hərəkətə gəlib bu xalqa qurtuluş yolunu göstərəcək... Mübariz İbrahimov məhz xalqın ruhunu oyadan bu neytronlardan biri oldu... Allah sənə də rəhmət eləsin, Oqtay əfəndi!..

Peyğəmbərimizin(s.) nəslinin davamçılarından olan Seyid Mübariz zalimdən və zülmdən qurtulmağın yolunu bizlərə bir daha göstərdi. Bu yolu bizə Məhəmməd əleyhissəlam da, həzrət Əli(s.) də, imam Hüseyn (s.) də göstərmişdi...

İndi biz, bu fani dünyada qalan Azərbaycan sakinləri bundan sonra doğru yol tutmaq üçün iki məsələni aydınlaşdırmalıyıq; birincisi, Mübarizi təkbaşına düşmən üzərinə gedib həlak olmağa hansı amillər vadar etdi, ikincisi, Mübarizin özünü şəhid etməsindən hansı nəticələri çıxarmalıyıq...

Mübarizi 1988-ci ildən bəri Azərbaycan uğrunda həlak olmuş on minlərlə digər şəhiddən fərqləndirən nədir?.. Əvvəla, o, 1994-cü ildən bu günədək sürən “atəşkəs” dövrünün şəhididir... İkincisi, o, “atəşkəs” dövrünün ilk kamikadzesidir(ola bilsin, səhv edirəm), yəni bilərəkdən şüurlu şəkildə özünü yüzlərlə düşmən əsgəri arasına atıb canını fəda edən bir qəhrəmandır...Nədən ki, bu müsəlman, türk oğlu səngərdə dayandığı yerdə, snayper gülləsindən şəhid olmadı, o, özünü sözün əsl mənasında şəhid etdi!.. Üçüncüsü, seyid Mübarizi bu formada şəhid olmağa vadar edən əsas amil məhz qondarma “atəşkəs” rejimi oldu... Bu şəhidliyin əsas hərəkətverici qüvvəsinin Allah, Vətən, millət, ümmət sevgisi olduğu şəksizdir... Ancaq bu qəhrəmanlıqda bir “atəşkəs” bezginliyinin də təsiri hiss olunur... Yəni, illərlə doğma torpaqların kafir tapdağı altında qalmasını səngərdə seyr etməkdən, ATƏT-in həmsədrlərindən, həmməruzəçilərindən, monitorinqlərindən, eləcə də öz hakimiyyətimizin “lazım gəlsə...” vədlərindən bezmiş bir türk əsgərinin, bir müsəlman mücahidinin səbrinin daşması bu nəticəni verməli idi... Həm də burada yalnız ermənilərə qarşı deyil, bütövlükdə şərə qarşı, dünyanın müxtəlif yerlərində müsəlmanlara qan udduranlara və öz içimizdə düşmən dəyirmanına su tökən, sadə vətəndaşlara olmazın zülmlər edən bürokrat, rüşvətxor, korrupsionerlər zümrəsinə qarşı nifrətin də payı böyükdür... Bir müsəlman oğlu, bir Azərbaycan sakini kimi seyid Mübariz də məmləkətdəki məmur zülmünü yaşamamış, dərk etməmiş deyildi... Bir sözlə, düşünürəm ki, Mübariz son məktubundakı “şəhid olana qədər bu şərəfsizlərin üzərinə gedəcəm” ifadəsində təkcə erməniləri nəzərdə tutmayıb...

Mübarizin qəhrəmanlığına zərrə qədər kölgə salmaq istəmirəm... Amma bir şeydən bütün xalq narahat olmalıdır... Mübariz kimi oğullar o qədər də çox deyil, belələri bu ümmətin, bu millətin soyudur, genefondudur... Onları tək-tək bezdirib, qızışdırıb beş-on dığanın güdazına verib, sonra da cuşa gəlib onların igidliyindən danışmaqla torpaqlarımızı kafir tapdağından azad edə bilməyəcəyik... 1988-ci ildən bəri neçə-neçə oğul-qızımız özünü şəhid etdi. Fəqət onların bir qismi daxili xəyanətlərin qurbanı oldu, səngərlərdə düşmənə qan uddurmuş neçə-neçə oğlumuz qardaş gülləsindən şəhid oldu, neçələri tamamilə haqsız yerə illərlə zindanlarda çürüdü... “Atəşkəs” dövründə səngərdə duran minlərlə oğlumuz təsadüfi minanın və ya snayper gülləsinin qurbanı oldu... Ancaq dəyərli həmkarım Eltən Qədimbəylinin təbirincə desək, bu neçə ildə müharibə başlasa idi, həmin oğulların hamısını səfərbər edib düşmən üzərinə atılsaydıq, onlar nələr edərdi... Təsəvvür edin ki, Mübariz əsl müharibədə silahdaşları ilə birgə komandir əmri ilə planlı şəkildə bir yox, onlarla belə qəhrəmanlıqlar göstərib yüzlərlə düşmən əsgərini məhv edər, neçə yüksəkliyin, kəndin, bəlkə də Şuşanın alınmasında iştirak edərdi... Bir sözlə, düşmənin üzərinə hamımız bütün gücümüzlə getməliyik. Yəni dövlət bütün mübarizləri birləşdirərək mübariz xalq formalaşdırmalıdır... Xalqın mübariz olması üçün isə mütləq ona mübariz ruh lazımdır...

Seyid Mübarizin şəhidliyi bizə həm də onu təlqin edir ki, bu dünya həyatının bütün sahələrində mübariz olmalıyıq. Orta məktəbdə təhsil alanda da, ali məktəbə imtahan verəndə də, tələbə ikən semestrdə rüşvətxor müəllimlə qarşılaşanda da, ali məktəbi bitirib işə girəndə də, əkin-biçində də, becərdiyin məhsulu bazara çıxarıb satanda da, harda, necə olur-olsun halallıqla ailənə çörəkpulu qazananda da... İşdə müdiriyyət haqqımızı tapdayanda da, polis bizi haqsız yerə tutanda da, məmur evimizi məhkəməsiz-filansız başımıza uçuranda da, hər hansı bir sənəd düzəldərkən vəzifə sahibi rüşvət tələb edəndə də və s. və i.a. mübariz olmalıyıq... Həm də haqlı mübariz olmalıyıq, ixlaslı mübariz olmalıyıq... Yəni get mağaza yar, polis də səni tutmaq istəyəndə vur öldür, bu, mübarizlik deyil... Və ya icra başçısından, yaxud müdiriyyətdən tam haqsız bir şikayət yaz, yaxud korrupsiyaya qarşı mübarizə adı altında bir təmiz məmuru şərləyib tutdur – bu, mübarizə deyil, riyakarlıq, alçaqlıqdır... Əslində mübarizədə ixlaslı, yəni səmimi olmalı, hər bir addımımızı yalnız Allahın razılığı üçün atmalıyıq... Öz səadətimizi başqalarının bədbəxtliyi üzərində qurmamalıyıq... Gəlin hər birimiz özümüzdən soraq: biz əsl mübarizikmi? Yox, nə yazıqlar ki, çoxumuz zülmə qarşı susqunuq... Azərbaycanda Mübariz adlı adam çoxdu, amma hamı mübariz deyil... Gəlin etiraf edək, çoxumuz nəinki rüşvətxor bir vəzifəliyə, bir-birimizə, adi həkimə, müəllimə, sürücüyə və s. haqqı deməkdən çəkinirik... Daldada zülmdən danışırıq, amma işə, mübarizəyə gələndə bir bəhanə ilə aradan çıxırıq... Odur ki, illərdir ki, həm xarici, həm daxili zülm altında inləyirik...

Həzrət Əli əleyhissəlam çeşidli bəhanələrlə Müaviyənin qoşunu ilə müharibəyə getməkdən boyun qaçıran İraq camaatına xitab edərək buyurdu:”Üzünüz qara olsun! Həmişə düşmən hücumu qarşısında aciz olduğunuz üçün qəmli və kədərli olasınız! Düşmən sizə hücum edir, siz isə susursunuz, sizinlə müharibə edir, siz isə ayağa qalxmırsınız. Onlar Allaha qarşı bu qədər günah edirlər, siz isə bu günahlara razısınız”...

Şəhidlərin ağası İmam Hüseynin(ə.s.) bu kəlamı məhz bizim günümüzə aiddir:”Zalımların istilasının səbəbi sizin ölümdən qorxmağınız və bu dünyanın müvəqqəti yaşayışı ilə ünsiyyətdə olmağınızdır”...

Nə qədər ki seyid Mübarizlərdən ibrət alıb mübariz ruhla yaşamırıq bədənlərimiz zalimlərin önündə əyiləcək və inləyəcək...

Yaradan bizləri hidayət etsin!
Bu xəbər oxucular tərəfindən 1548 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed