Şrift:
Yaponiya Liberal Demokratik Partiyasından olan deputatların 76 faizindən çoxu Şinzo Abeni dəstəkləyir
30.07.2018 [10:04] - Xəbərlər, Siyasət
Yaponiyanın hakim Liberal Demokratik Partiyasından (LDP) olan deputatların 76,5 faizi sentyabrda keçiriləcək partiya sədri seçkilərində Baş nazir Şinzo Abenin namizədliyini dəstəkləyir.

Bu barədə Kyodo agentliyinin bazar günü dərc etdiyi sorğunun nəticələrində deyilir.

Yaponiya parlamentinin hər iki palatasında təmsil olunan partiyanın 405 deputatından 310-u Ş.Abeni yenidən LDP-nin sədri seçmək arzusunda olduğunu bildirib. Bu, həmin posta iddialı digər namizədlər üçün heç bir ümid yeri qoymur.

Müqayisə üçün deyək ki, seçkilərə qatılmaq niyyətini açıqlamış sabiq müdafiə naziri Şiqeru İşibanın namizədliyini yalnız 24 deputat dəstəkləyib. Hazırda administrativ işlər və kommunikasiya naziri olan Seyko Nodanı isə cəmi 2 deputatın səsini qazanıb.

Ş.Abe LDP-nin sədri seçilərsə, o, 2021-ci ilədək hökumətə başçılıq etmək imkanı qazanacaq. Beləliklə, Ş.Abe 2019-ci ilin noyabrında üçüncü dəfə Baş nazir seçilərək hökumətə 2886 gün rəhbərlik etmiş Taro Katsuranın rekordunu təzələmiş olacaq.

Xatırladaq ki, Ş.Abenin ilk Baş nazirlik dövrü 2006-cı il sentyabrın 26-dan 2007-ci il sentyabrın 26-dək davam edib. İkinci dəfə o, 2012-ci ildə LDP-nin ümumi seçkilərdə qətiyyətli qələbəsindən sonra hökumətə rəhbərlik etməyə başlayıb. Onun tərəfdarları dəfələrlə çıxış edərək, Baş nazirə iqtisadi islahatların davam etdirilməsi və 2020-ci il Tokio Olimpiadasının təşkili üçün əlavə vaxt verilməsini tələb ediblər.

Növbəti seçkilərin sentyabrın 20-də keçiriləcəyi gözlənilir.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 354 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed