Şrift:
Baş ağrısı-səbəbləri və müalicəsi…
09.07.2012 [14:10] - Sağlıq
Azər SALEHLİ,

Azərbaycan Tibbb Universitetinin tələbəsi


Başağrısı dedikdə, adi şikayət başa düşülür. Bu cür şikayətə görə çox nadir hallarda həkimə müraciət olunur. Lakin başağrısından əziyyət çəkən başqa bir qrup insan da var ki, onlarda bu tutmaşəkilli xarakter daşıyır və tez-tez baş verən bu qeyri-adi dözülməz ağrının qarşısında dayanmaq qeyri-mümkün olur. Miqreni olanlara bu hal çox tanışdır. Planetimizin sakinlərinin 85%-də heç olmasa 1 dəfə də olsun miqren tutması baş verib. Miqrenin qurbanı olanlar əsasən 18-33 yaş arasında olanlardır. Miqren tutmaları adətən intensiv pulsasiya edən (nəbz vurmaya bənzər) ağrı şəklində olur və başın bir yarısında lokalizasiya edir. Tutmalar adətən ürəkbulanma ilə müşayiət olunur. Bu zaman parlaq işıq və gur səs ağrını daha da gücləndirir. Miqrenin tutmalarını provokasiya edən amillərə aiddir: televizorun gur işığı, spirtli içkilər, gecə az yatmaq və ya çox yatmaq və s. Tutma səngiyən kimi yuxuculluq və əzginlik yaranır.

Miqrenin yaranmasında böyük rolu irsiyyət oynayır. Bu liderlik analardadır. Analarda olan miqren tutmaları 72% hallarda övladlarına keçir. Miqren tutması 3 fazadan ibarətdir:

Birinci faza. Əhval-ruhiyyə dəyişir, depressiya, həyəcan və yuxuculluq yaranır. Bundan sonra isə əsl “cəhənnəm” başlayır – bu zaman belə bir hiss yaranır: sanki insanın başı bu saat ağrıdan çatlayacaq. Tutma günün istənilən vaxtı başlaya bilər. Lakin daha ağır tutmalar gecələr, xüsusilə də ay bədrlənəndə (tam olanda) baş verir. Ağrılar əsasən alın-gicgah nahiyəsində lokalizasiya edir. Tutma adətən 2-5 saat çəkir. Hətta bəzi insanlarda yoğunlaşmış və dəri səthindən aydınca sezilən gicgah arteriyası görünür. Gözün konyuktiva qişasında qızarma baş verir.

İkinci faza. Bu faza 8-20 saat arası davam edir. Bu periodda tədricən ağrı azalır, yuxuya meyillik yaranır, insan özünü çox əzgin hiss edir. Bundan sonra isə üçüncü faza başlayır.

Miqren tutmasını törədən (“provakasiya edən”) 2-ci dərəcəli səbəblər:

parlaq işıq və ya güclü səs, kəskin iylər;

havanın kəskin şəkildə dəyişilməsi, maqnit fırtınası;

qadınlarda hormonal dəyişikliklər (aybaşı, hamiləlik, menopauza);

yuxunun kifayət qədər olmaması;

güclü fiziki və əqli gərginliklər;

uzun müddət nəqliyyatda hərəkət etmək, təyyarə ilə uçuş;

aclıq;

Hələ qədimdən bir çox psixiatr, nevropatoloq və terapevt bir sualın cavabını axtarmağa çalışıblar – miqren tutmaları insanın psixoemosional sahəsi ilə nə dərəcədə əlaqədardır və miqren doğrudanmı dahilərin xəstəliyidir? Təbii ki, bu sualların cavablarına bir çox məqalələr və monoqrafiyalar həsr edilib. Ümumiyyətlə, miqren tutmalarına həkimlər, yazıçılar arasında daha çox rast gəlinir. Bunlardan əlavə bir çox dahi şəxsiyyətləri misal göstərə bilərik ki, onlar da miqren tutmalarından əziyyət çəkiblər: Yuli Sezar, Edqar Po, Gi de Mopassan, Vaqner, Şopen, Çaykovski, Darvin, Freyd və s. Təbii ki, bu sıranı daha da artırmaq olar.

Həkimlər bildirir ki, bu zaman başı isti saxlamaq lazımdır. Çünki isti ağrını bir qədər yüngülləşdirir. Bəzən başın isti su ilə yuyulması da ağrını azaldır. Təbii ki, bunlar daha köhnə müalicə metodlarıdır. Orta əsrlərdə isə miqrenin müalicəsində tiryəkin cövhərindən istifadə edilirdi.

Miqrenin müasir müalicə metodikası 2 istiqamətdə aparılır: başağrı tutmalarını azaltmaq və profilaktik terapiya aparmaq. Bunlar özündə medikamentoz müalicəni, iynə terapiyasını (akupunktura-iynəbatırma), masaj və s. birləşdirir. Medikamentoz müalicə zamanı analgetiklərə xüsusi yer verilir. Onu da qeyd edək ki, uzun müddət analgetiklərin qəbulu əks effekt verərək daimi başağrılarına səbəb ola bilər. Profilaktik müalicədə isə əsas yer pəhrizə verilir.

Miqren tutmalarından əziyyət çəkənlər nələri rasionlarından çıxarmalıdır: tərkibində tiramin olan ərzaqları - şokolad, kakao, sitruslar, paxlalılar (lobya, soya), pomidor, kərəviz, pendir, xardal, ketçup, mayonez, donuz əti, hisə verilmiş məmulatlar, sosislər, ispanaq, yaşıl soğan, kərəviz, ananas, avokado, fındıq, sirkə, turşuya və duza doyulmuş məhsullar və s.

Miqren zamanı faydalı olan qidalar: qara qarağat, ağbaş kələm, yaşıl çay, yaşıl alma, banan. Yayda və payızın əvvəllərində aclıqla müalicə tətbiq etmək də effektlidir.

Miqren tutmalarından əziyyət çəkənlərə kiçik məsləhətlər

Həyat tərzini dəyişmək, fiziki aktivliyi artırmaq (həftədə 4 dəfə 45 dəqiqəlik gəzinti), havası təmiz, yolu düz olan yerlərdə gəzişmək, fiziki və zehni yorğunluqdan qaçmaq, yuxu rejimini normallaşdırmaq, gecə vaxtında yatmaq, stressor situasiyalardan qaçmaq, parlaq işıqla, işıq mənbələri ilə kontakt müddətini azaltmaq, səs-küylü yerlərdən uzaq durmaq, kəskin qoxulu ətirlərdən istifadə etməmək,pəhrizə riayət etmək, tünd qara çaydan və kofedən istifadəni maksimum məhdudlaşdırmaq, qida qəbulları arasında kəskin böyük vaxtlar qoymamaq, maqneziuma olan gündəlik tələbatı ödəmək, bBağırsağın fəaliyyətini nəzarətdə saxlamaq, alkoqol qəbulunu məhdudlaşdırmaq, siqaretdən imtina etmək, hormonal kontraseptivlərdən mümkün qədər istifadə etməmək və s…

Müalicəsi

Gün ərzində bir neçə dəfə dəymiş zoğal meyvəsinin dəmləməsindən çay əvəzinə istifadə edilir.

Gicgahlara və qulaq nahiyələrinə turş kələm qoyularaq başı dəsmalla bağlayırlar.

Miqren tutmaları zamanı ağrılı nahiyələrə təzə dərilmiş yasəmən yarpaqları qoyulur.

Sistemli şəkildə tutan başağrıları zamanı 1/4 stəkan təzə kartof şirəsi gündə 2 dəfə daxilə qəbul edilir.

Mütəmadi olaraq tünd yaşıl çay qəbul etdikdə miqren tutmalarında səngimə müşahidə edilir.

Gündə 3-4 dəfə 1/4 stəkan qara qarağat şirəsi içmək hətta güclü başağrılarını da azaldır.

Amma bir şeyi də unutmaq olmaz ki, xalq təbabəti üsulları heç zaman klassik təbabəti əvəz edə bilməz!
Bu xəbər oxucular tərəfindən 1972 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed