Şrift:
Qurban bayramı ilə əlaqədar satış yarmarkalarına 35 minə yaxın heyvan çıxarılacaq
21.08.2018 [09:29] - Gündəm, İslam dini
Qurban bayramı ilə əlaqədar avqustun 21-dən 23-dək Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə paytaxtda və bölgələrdə keçiriləcək iribuynuzlu və xırdabuynuzlu heyvanların satış yarmarkasına 35 minə yaxın heyvan çıxarılması nəzərdə tutulub. Həmçinin bazarda bolluq yaratmaq, qiymətləri sabitləşdirmək üçün qonşu ölkələrdən, əsasən də Gürcüstandan 20 min baş heyvan gətirilib.

Bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov deyib.

Yarmarkaların Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi məntəqələrdə təşkil olunacağını deyən V.Hüseynov bildirib ki, Bakıda 32 yerdə, həmçinin Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay və İsmayıllıda satış yarmarkaları açılacaq.

“Bundan başqa nazirlik bölgələrdə çalışan fermerlərə də müraciət edib. Onlar yarmarkalara, ümumilikdə, 13 min baş heyvan çıxaracaqlar”, - deyən V.Hüseynov diqqətə çatdırıb ki, fermerlər də heyvanları satış yarmarkalarına gətirib sata bilərlər. Nazirlik bunu dəstəkləyir.

Yarmarkalara nazirliyin tabeliyindəki təsərrüfatlardan isə təxminən 1000-1500 baş iri və xırdabuynuzlu heyvan çıxarılacaq.

“Tövsiyə edirik ki, fermerlər damazlıq keyfiyyəti olan yerli və xaricdən gətirilmiş cins heyvanları qurbanlıq heyvan kimi bazara çıxarmasınlar”, – deyə Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini bildirib.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi ət kəsimi və heyvan satışı məntəqələrində profilaktik məqsədlə dezinfeksiya işlərinə başlayıb.
Bu xəbər oxucular tərəfindən 302 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed