Şrift:
Şanlı tariximiz, məzlumluqdan müzəffərliyə yönələn keçid yolumuz
18.09.2018 [10:35] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Millət vəkilləri 15 sentyabr tarixinin yaşadılmasını və bu gün münasibətilə Bakıda təşkil olunan hərbi paradı yüksək qiymətləndiriblər

1918-ci il sentyabrın 15-də Bakı şəhərinin Qafqaz İslam Ordusunun köməyi ilə erməni-bolşevik quldur dəstələrinin əsarətindən azad olunması Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bakının azad olunması həm də Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Bu əlamətdar tarixi hadisə münasibətilə sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında parad keçirilib. Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da iştirak edib. Paraddan öncə çıxış edən dövlət başçıları ölkələrimiz arasında münasibətlərin bu günü və gələcəyi, dostluq və qardaşlıq əlaqələri barədə fikirlər səsləndiriblər. Dövlət başçılarının çıxışlarından sonra Bakı Qarnizonunun şəxsi heyətinin, hərbi texnikasının, silah sistemlərinin təntənəli keçidi olub. Paradda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Osmanlı Türkiyəsi və Azərbaycanın milli hərbi qüvvələri əsasında təşkil edilmiş Qafqaz İslam Ordusunun süvari və piyadalarının qiyafəsində, hər iki ölkənin dövlət bayraqları altında keçid ediblər. Qardaşlığın, sədaqətin rəmzinə çevrilən bu zəfər bayramı "Bir millət, iki dövlət” kəlamının fəlsəfəsini yetərincə əks etdirib. Hərbi parad Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının sarsılmaz və əbədi olduğunu göstərib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev tarixi günün dövlət səviyyəsində qeyd olunmasını, hərbi parad keçirilməsini əhəmiyyətli hadisə kimi xarakterizə edib. Millət vəkili bizimlə söhbətində vurğulayıb ki, sözügedən tədbir sadəcə 100 il əvvəl baş vermiş olayın xatırlanması deyil, eyni zamanda Türkiyə-Azərbaycan münasibətlərinin müasir vəziyyətinin təzahürüdür: "Möhtəşəm paradın keçirilməsi ilə ölkələrimiz arasındakı münasibətlərin səviyyəsi bütün dünyaya göstərildi. Türkiyə-Azərbaycan toplumuna da bu mənada həqiqətlər, reallıqlar aşılandı. Xüsusilə düşmənlərimizə ciddi mesajlar verildi. Həm Prezident İlham Əliyev, həm də dövlət başçısı Rəcəb Tayyib Ərdoğan öz çıxışlarında bununla bağlı aydın fikirlər ifadə etdilər. Azərbaycan və Türkiyə hər zaman dar gündə də, yaxşı gündə də bir-birinin yanındadırlar. Gələcəkdə də bu, belə olacaq. Bizim taleyimiz eynidir. İşğalçı Ermənistan Azərbaycanın 20 faiz ərazisini zəbt edib. İşğalçı dövlətin gerbində hazırda Türkiyə ərazisi olan torpaqlar da Ermənistan ərazisi kimi göstərilir. Ermənilər Türkiyəyə qarşı əsassız ərazi iddiaları ilə çıxış edirlər. Belə bir şəraitdə gücümüzü birləşdirməliyik. Xarici siyasətdə, hərbi müstəvidəki münasibətlərdə bütün məsələlər koordinasiyalı şəkildə həllini tapmalıdır. Prezidentlərin hərbi paradda çıxışı zamanı söylədiyi fikirlər onu deməyə əsas verir ki, bundan sonra da münasibətlər məhz bu şəkildə davam etdiriləcək, inkişaf etdiriləcəkdir. Hərbi paradın keçirilməsi cəmiyyətlərimizin, ordumuzun özünə güvənini də artırıb. İşğalçı Ermənistan da gördü ki, Azərbaycan tək deyil, Türkiyə kimi güclü bir dövlət hər zaman bizim yanımızdadır. Bundan başqa, Azərbaycan-Türkiyə münasibətlərinin heç zaman sarsılmayacağı beynəlxalq aləmə nümayiş olunub. Bütün bu parametrlər üzrə tarixi hadisənin 100 illiyinin dövlət səviyyəsində qeyd olunmasını, hərbi paradın keçirilməsini çox uğurlu addım sayıram Bu, eyni zamanda bir məşq idi. İnanıram ki, Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsində bu amil mühüm rol oynayacaq”.

Rufik İSMAYILOV
Bu xəbər oxucular tərəfindən 659 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed