Şrift:
Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində Bakı şəhər zona toplantısı keçirilib
30.10.2018 [10:47] - Gənclik
Oktyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində “Müstəqilliyin varisləri – Azərbaycanın gələcəyi” mövzusunda Bakı şəhər zona toplantısı keçirilib.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rektorları, qeyri-hökumət və tələbə gənclər təşkilatlarının nümayəndələri, Bakı şəhərinin rayon gənclər və idman idarələrinin əməkdaşları, idmançılar və başqaları iştirak ediblər.

Açılış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev, mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Təhsil Nazirliyinin məsul əməkdaşı Rəşad Tağıyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul işçisi Rəna Abdullayeva çıxış edərək əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən, bu istiqamətdə qazanılan uğurlardan danışıblar. Qeyd edilib ki, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan yüksək diqqət və qayğının nəticəsidir. Bir sözlə, bu gün Azərbaycanda gənclərə bütün şərait yaradılıb. Onların qarşılarında artıq yeni hədəflər var. Azərbaycan gəncləri ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil edirlər.

Vurğulanıb ki, ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Gənclər Forumu ötən illər ərzində böyük təcrübə toplayıb, ildən-ilə daha da təkmilləşərək bütün gəncləri əhatə etməyə nail olub.

Çıxışlardan sonra toplantı iştirakçılarının sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Toplantıda Bakı şəhərinin inzibati rayonları üzrə VIII Respublika Forumuna 411 nümayəndə seçilib.

Xatırladaq ki, Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürülüb.
Bu xəbər oxucular tərəfindən 840 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed