Şrift:
Şahrudi əksəriyyəti uşaq olmaqla 2000-dən çox insanın ölümünə hökm verib
28.12.2018 [14:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Dünən (25 dekabr-red) İranın Ali Məsləhət Şurasının rəhbəri Mahmud Haşimi Şahrudinin ölümü barədə xəbər rəsmi olaraq təsdiqlənib.

1948-ci ildə İraqın Nəcəf şəhərində doğulan və islam inqilabının qələbə çalmasından sonra İrana sığınan axund Şahrudi 2017-ci ildə ölkənin dini liderin Əli Xamneyi tərəfindən Ali Məsləhət Şurasının rəhbəri təyin edilmişdi. O, bundan əvvəl 1999- 2009-cu illər ərzində 10 il ərzində ölkənin Məhkəmə Sisteminin rəhbəri vəzifəsini tutmuşdu. Şahrudi bu vəzifədə çalışarkən əksəriyyəti uşaq olmaqla bir çox insanın edam edilərək, qətlə yetirilməsində xüsusi rol oynayıb.

Bundan başqa Şahrudi özünün fiqh (islam hüququ-red) ilə bağlı yazdığı “cəza fiqhinin vacibatları” adlı kitabında cinayət törətmiş şəxslərin amansızcasına cəzalandırılmasını və edam edilməsini dəstəkləyən fikirləri ilə də məşhurdur. Hətta onu bu fikirlərinə görə bəşəriyyətə qarşı cinayətlər törətmiş şəxs kimi qəbul edirlər. O, yuxarıda qeyd edilən kitabının 336-cı səhifəsində yazır: “Hədd və təzir cəzaları verilən cəzanın öz təbii ağrı nisbətində olmasını nəzərdə tutur və bu cəza hüququnun prinsiplərindən biridir. Buna görə də məhkumun cəza tətbiq edilən zaman vurulan şallağı və ya kəsilən bədən üzvünün verdiyi ağrını hiss etməməsi üçün keyləşdirici tədbirlərin görülməsi caiz (icazə verilən- red) deyil.”

Şahrudi sözügedən kitabın 337-ci səhifəsində isə yazır: “Ağır cinayətlərlə bağlı ayə cinayətkara şiddətli cəza verilməsinə dəlalət edir. Bu ayədə öldürmək, çarmıxa çəkmək və əl-ayağın kəsilməsi kimi cəzanın şiddətli olmasına dəlalət edən cəzalar açıq-aydın vurğulanmışdır. Bu ayə cəzanı şiddətli etməyin vacib olduğuna dəlalət edilir.”

Şahrudi bu cür fikirləri yalnız kitablarında səsləndirməklə kifayətlənməmiş, onları İran Məhkəmə Sisteminin rəhbəri olduğu 10 il müddətində icra etmişdir. O, bu müddət ərzində 2000-dən çox insanın edamına imza etdığına görə hüquq müdafiəçiləri tərəfindən İranın ən qaranlıq karyerası olan rəsmilərindən biri kimi qəbul edilir.

İran insan haqları təşkilatının sədri Məhəmməd Əmiri Müqəddəmin sözlərinə görə, ali dini liderdən sonra ölkədə 2-ci ən böyük vəzifənin 10 il müddətində rəhbəri olan Şahrudi, öz anti-bəşər addımları ilə yadda qalıb. Onun rəhbərliyi dövründə ən azı 7 daş-qalaq etməklə öldürmə, çoxlu sayda məhkəməsiz mühakimə edilərək, öldürmə və 2000-dən çox edam aktı həyata keçirilib. Bu illər ərzində 1000-dən çox siyasi fəal da qanunsuz olaraq həbs edildikdən sonra Şahrudinin çıxardığı hökmlər əsasında edam edilib.

Haşimi Şahrudinin İran Məhkəmə Sisteminin başçısı olduğu dövrlər edamlardan başqa, həm də digər qanunsuz əməllərin baş verməsi ilə yadda qalıb. Bu 10 il ərzində qanunsuz həbslər, müxaliflər və tənqidçilərə işgəncə verilməsi, mətbuat və jurnalistlərə qarşı təzyiqlər və zorakılıqlar, eləcə də 18 yaşdan kiçik olan bir çox uşaqların edam edilməsi hallarının bol olduğu dövrdür.

Haşimi Şahrudinin bu cinayət əməllərinə hər zaman beynəlxalq ictimaiyyət də reaksiya verib. 2017-ci ildə Şahrudinin səhhətində yaranan problemlərlə bağlı Almaniyaya getməli olmuşdu. Lakin Şahrudini Məhkəmə Sisteminin rəhbəri olduğu dövrdə törətdiyi qanlı cinayətlərə görə “bəşəriyyətə qarşı cinayət törətmiş şəxs” adlandıran almaniyalı siyasətçi Volker Bek ondan məhkəməyə şikayət etmişdi. Bek bildirirdi ki, Şahrudinin Almaniyada diplomatik toxunulmazlığı yoxdur və o, əksəriyyəti uşaq olmaqla edam hökmü verdiyi 2000-dən çox insana görə məsuliyyətə cəlb olunmalıdır.
Bu xəbər oxucular tərəfindən 297 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed