Şrift:
Abid Şərifovun “23 illik vəzifə” haqda dediklərinə reaksiyalar
09.01.2019 [10:11] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Abid müəllimin işlərində xüsusi fərqləndiriləcək bir şey görməmişəm”

Baş nazirin sabiq müavini Abid Şərifovun 79 yaşının tamam olması münasibətilə verdiyi müsahibə ciddi müzakirələrə səbəb olub. Sitat: “Hansı hökumətdə, hansı dövlətdə 23 il eyni vəzifəni icra etmək olar?! Hansı tarixdə bunu oxumusuz?! 79 yaşımda təqaüdə çıxmışam. 23 il sizə kiçik görünməsin”.

Bu fikirlər ilk baxışdan bir müxalifət liderinin, yaxud müxalifətçinin dediklərinə bənzəyir. Belə ki, müxalifət düşərgəsi hakimiyyəti ən çox iri ranqlı məmurları vəzifələrdə uzun illərdir təmsil olunmaqda, kadr dəyişiklikləri etməməkdə suçlayır.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev “Yeni Müsavat”a açıqlamasında rəhmətə gedənin, həbsxanada olanın və işdən çıxarılanın haqqında heç zaman danışmadığını bildirdi: “İnsanların uzun müddət vəzifədə təmsil olunmaları daha çox keyfiyyətlə bağlıdır. Daha çox vəzifədə çalışanın hansı işləri gördüyü önə çəkilir. İstənilən dövlət postuna seçkili sistemin tərəfdarıyam. Müxtəlif hakimiyyətlər dönəmində yaxşı icraçılar iş başında ola bilərlər. Açığı, Abid müəllimin işlərində xüsusi fərqləndiriləcək bir şey görməmişəm. Onun işdə qalmasına səbəb kimi xüsusi əhəmiyyətli, xüsusi keyfiyyətli nələrinsə olduğunu da düşünmürəm. Hesab edirəm ki, istənilən vəzifədə olmaq daha çox keçirilən rəy sorğularında, işin keyfiyyətində özünü göstərməlidir. Özünün işini qiymətləndirmək bir az qeyri-təvazökar məsələdir”.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə bunları dedi: “Məsələ onda deyil ki, kim neçə il hansı vəzifədə təmsil olunub. Mahiyyət ondan ibarətdir ki, vəzifədə olduğun müddətdə sən o vəzifəni necə icra etmisən. Yaxşı olardı ki, Abid müəllim deyərdi ki, 23 ildə nələr edib. Ondan danışsa daha yaxşı olardı”.

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev məsələyə tamam başqa bir prizmadan yanaşır: “Abid Şərifov məmur elitasının bu günə qədər gəlib-gedən ən maraqlı, özünəməxsus, hətta bəzən açıqlamaları ilə bəlli məqamlarda olay yaradan tipajlarından biri olub. Onu heç vaxt yaxından tanımamışam, heç həyatımda bir dəfə üzbəüz də gəlməmişəm. Odur ki, bu səbəbdən xarakterini təftiş etməyəcəm. Sadəcə, eşitdiyim qədəri ilə işini bilən adamdır, çalışdığı dövrlərdə də verilən tapşırıqları lazımi formada icra etməyi bacarıb, etimadı doğruldub. İndi keçək 23 il məsələsinə... Çünki müxalif media, sosial şəbəkələr ən çox bu fikrin üzərində dayandı, onu qabartdı və verilən manşetlər də məlum başlıqla tirajlandı. Müəllimin söylədiyi fikirdə kontekst nə idi, məğz nə idi bilmirəm, amma müzakirə olunan mövzu barədə sırf öz fikrimi deyim: dövlət naminə lazım gəlsə, 23 il də çalışmaq olar, 53 il də. Bu nisbi məsələdir. Və baxmayaraq ki, mən özüm hələ 40-ı haqlamamış siyasətçiyəm, daha fərqli fikri müdafiə etməliyəm, amma yenə də düşüncəm odur ki, yaşlı insanların potensialından, onların administrativ, idarəçilik təcrübəsindən maksimum istifadə etmək lazımdır. Məgər gənclər həmişə sırf gəncdirlər, enerjilidirlər deyə özünü, göstərilən etimadı doğruldurlar? Deməzdim. 23 il qalınmayası tək yer varsa, o da müxalifətçilikdir. Bax bu artıq nisbi məsələ deyil. Çünki maksimum 10 il ərzində müxalif ideyalar məlum kəsimi iqtidara daşımırsa, həmin ideyalardan vaz keçmək, ətrafdakı insanları bədbəxt etməmək lazımdır. İdarəçiliyin, vəzifənin isə siyasətdən kifayət qədər ciddi komponent fərqləri var. Baxıram, Abid Şərifovun müsahibəsi ilə bağlı 25 ildir bir işə yaramayan, uğur qazanmayan hansısa müxalif siyasətçi lağlağı edir. Oysa, onlar gedib öz dərdlərini çəksinlər. Əsl qınanası adamlar onların özləridir.

Üstəlik, mən bildiyim və eşitdiyim qədər kifayət qədər sayda məmur var ki, zamanında, müxtəlif dövrlərdə vəzifələrindən azad olunmaq istəyini ölkə rəhbərliyinə çatdırıblar. Amma onlara tövsiyə olunub ki, bir qədər də çalışıb dövlətə, yürüdülən siyasi xəttə öz töhfələrini versinlər. Yəni bəzən burada məmurun öz istəyi əsas komponent kimi deyil, həmin komponentlərdən biri kimi səciyyələnməlidir. Ən nəhayət: Abid Şərifov 79 yaşını haqlamış adamdır. Müsahibəni də tam başqa məqsədlə, təyinatla, ad günü münasibətilə verib. Lap tutaq dediyi hansısa ehtiyatsız söz var.

Olsun da. Yaxşi olar, dəyərli jurnalistlər həm də paralel xətdə o səmtə köklənsinlər ki, adam vəzifədən çıxarkən cənab prezidentə öz minnətdarlığını bildirib, bundan sonra istirahət etmək, nəvələri, balaları, əzizləri ilə zaman keçirməyə daha çox imkan qazanacağı üçün sevincini dilə gətirib. Yəni dediyim odur ki, Abid müəllim artıq eks məmurdur. Keçmişdə nə olub-olub. Necə işləyib, necə işləməyib - bu artıq müzakirə predmeti deyil. Hazırda əsl müzakirə olunası məsələ bütün həyatı, işi və keçmişi bərbad olan Cahangir Hacıyev və onun kimilərdir. Ehtiyatsız formada hansısa fikri söyləyənlər deyil, şüurlu formada dövlətə və dövlətçiliyə zərbə vuranlar hədəf və qınaq obyekti olmalıdır. Abid müəllimi isə rahat buraxmaq lazımdır ki, bundan sonrakı həyatını ailəsi ilə bərabər, üstəlik üzərində iş gərginliyi, media gərginliyi olmadan keçirsin”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 648 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed