Şrift:
QDİƏT Parlament Məclisinin 53-cü Baş Assambleyası Bakıda keçiriləcək
10.01.2019 [10:32] - Xəbərlər, İqtisadiyyat
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyası bu il Bakıda keçiriləcək.

Sessiyanın gündəliyinə qurumun iqtisadiyyat, ticarət, texnologiya və ekologiya, mədəniyyət, təhsil və sosial, eləcə də hüquqi və siyasi məsələlər komitələrinin toplantılarında müzakirə ediləcək mövzular daxildir. Əsas müzakirə mövzusunu isə Azərbaycan tərəfi təklif edəcək. Toplantıda üzv ölkələrin nümayəndə heyətləri ilə yanaşı, çoxsaylı beynəlxalq qurumların təmsilçilərinin, ayrı-ayrı dövlətlərin parlamentlərinin müşahidəçi qruplarının iştirakı gözlənilir.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyevin sözlərinə görə, bu gün Azərbaycanın digər beynəlxalq qurumlarda olduğu kimi, adıçəkilən təşkilatda da rolu yüksəkdir. Bunu ölkəmizin ev sahibliyi ilə keçirilən toplantılarda çoxsaylı nümayəndə heyətlərinin iştirakı da təsdiqləyir. Digər tərəfdən Azərbaycanın uğurla reallaşdırdığı və dünya ticarətini canlandıran iri neft-qaz, nəqliyyat layihələri iqtisadi inkişafla yanaşı, regionda sülhə, təhlükəsizliyə xidmət edir. Bu da ölkəmizin həm regionda, həm də dövlətlərin siyasi, iqtisadi əməkdaşlıq platformasına çevrilən təşkilatlardakı nüfuzunu artırır. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası iqtisadi təşkilat olmasına baxmayaraq, burada siyasi məsələlər də hər zaman aktualdır. Azərbaycan nümayəndə heyəti isə bütün toplantılarda torpaqlarımızın suverenliyinin və ərazi bütövlüyünün bərpası, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini qaldırır. Elə Parlament Məclisinin Baş Assambleyasının son sessiyalarından birində ilk dəfə qəbul olunan bəyannamədə də quruma üzv ölkələrin ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının tanınmasına dair bənd öz əksini tapıb.
Bu xəbər oxucular tərəfindən 474 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed