Şrift:
Polşadan İrana sərt cavab: “Polşanın istənilən konfransı keçirməyə haqqı var”
14.01.2019 [10:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Polşa Xarici İşlər Nazirliyi yanvarın 13-də bəyanat yayaraq, bu ölkənin Tehrandakı səfirliyinin məsul şəxsinin İran Xarici İşlər Nazirliyinə çağırılmasına sərt reaksiya verib.

Rəsmi Varşavanın məsələyə münasibət bildirməsi, İranın Polşaya etiraz notası verməsindən bir neçə saat sonraya təsadüf edib.

Bəyanatda polşalı diplomatın İran Xarici İşlər Nazirliyinə çağırılması sərt tənqid edilərək bildirilir ki, Polşanın istənilən beynəlxalq konfransı keçirməyə haqqı var: “Dünya birliyinin müxtəlif beynəlxalq və regional məsələləri müzakirə etmək üçün konfrans keçirməyə haqqı olduğu kimi, Polşanın da Orta Şərq regionunda sülh və sabitliyə rəvac verilməsi məqsədilə konfrans keçirməyə və ya ona ev sahibliyi etməyə tam haqqı var”.

Xatırladaq ki, yanvarın 13-də Polşanın Tehrandakı səfirliyinin məsul şəxsi, İran Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası verilib. Buna səbəb, fevral ayında Varşavada İranla bağlı beynəlxalq konfransın keçirilməsi və Amerikanın bu konfransa başçılıq etməsi olub.

Orta Şərq ölkələrində səfərdə olan ABŞ dövlət katibi Mayk Pompeo yanvarın 11-də “Fox News” agentliyinə açıqlamasında Tramp hökumətinin İran mövzusu ilə bağlı beynəlxalq konfrans keçirməyə hazırlaşmasından danışıb.

Pompeo bildirib ki, Amerikanın başçılığı ilə keçiriləcək konfransda əsasən İranın regionda yürütdüyü dağıdıcı siyasətinə və Orta Şərqdə sabitliyik və təhlükəsizlik məsələləri müzakirə ediləcək: “Amerika gələn ay İran mövzusu ilə bağlı Polşada beynəlxalq konfrans keçirəcək. Bu konfransda ölkələr bir araya gələrək, Orta Şərqdə sülh, sabitlik, azadlıq və təhlükəsizlik məsələlərini, eləcə də İranın regionda yürütdüyü siyasətini müzakirə edəcəklər. Biz, əmin olmaq istəyirik ki, İran bir daha bölgənin sabitliyini pozan qüvvə olmayacaq. Beynəlxalq konfrans, 13-14 fevralda (24-25 bəhmən) Polşada keçiriləcək və ona Asiya, Afrika, Avropa və Orta Şərqdən bir sıra ölkə başçıları qatılacaq”.
Bu xəbər oxucular tərəfindən 495 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed