Şrift:
Zod qızıl mədənində azərbaycanlı qadınlar qul kimi işlədilir
16.01.2019 [10:16] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Son günlər anti-Azərbaycan şəbəkəsinin süni şəkildə gündəmə gətirməyə çalışdığı bloqqer Mehman Hüseynov məsələsi ilə bağlı bir sıra beynəlxalq təşkilatlar və dövlətlər diplomatik etik çərçivəni aşdı. Belə ki, Fransa hökuməti bloqqerlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edib. Fransanın bu addımı diplomatik etik normaları pozmaqla yanaşı, həm də təəccüb doğurur. Çünki bütün dünyaya bəllidir ki, hazırda Fransada əhali sosial ədalətsizliyə etiraz əlaməti olaraq "sarı jiletlilər” adlı nümayişlər keçirir.
Elə Azərbaycanın xarici siyasət idarəsi də Fransanın ünvanladığı müraciətə cavabda bu məsələni vurğulayıb. XİN-in açıqladığı bəyanatda bildirilir ki, rəsmi Paris Mehman Hüseynov məsələsinə münasibət bildirməkdənsə, Fransada nümayişçilərə qarşı zorakılığı dəyərləndirsin: "Fransa tərəfinin hazırda ölkəni "sarı jiletlilər” aksiyası bürüdüyü bir vaxtda Mehman Hüseynov məsələsinə münasibət bildirməsi gülməlidir”.

Həqiqətən də öz ölkəsinin problemlərini həll edə bilməyən rəsmi Paris, hansı səbəbdən Azərbaycanın daxili işinə qarışır?

Mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirdi ki, istər Fransa hökuməti, istərsə də beynəlxalq təşkilatlar ölkəmizə müraciət göndərəndə, bir məsələni unudurlar ki, Azərbaycanın 1 milyondan çox məcburi köçkününün hüquqları pozulub: "Eləcə də bu insanlar öz yurd-yuvalarından didərgin düşməklə bərabər, həm də əmlak hüquqları pozulub, mənəvi cəhətdən zərbə alıblar. Amma bu insanların hüquqlarına baxılmır. İkinci bir tərəfdən, iki yüz mindən çox adam Qərbi Azərbaycandan, indiki Ermənistandan qovulub, lakin onların da heç bir hüququna diqqət ayrılmır. Eyni zamanda Kəlbəcərdən girov götürülmüş yüzlərlə azərbaycanlı və xüsusilə qadınlar Zod qızıl mədənində qul kimi işlədilir. Bu faktı Avronest Parlament Assambleyasının Belçikada, Fransada, İspaniyada və hətta Ermənistanın özündə keçirilən iclaslarında diqqətə çatdırmışam. Bununla bağlı fotoşəkillər və ciddi məlumatlar var. Bu insanların hüquqları niyə müdafiə olunmur? Ona görə də bu məsələlər bəhanədir və istər Mehman Hüseynov, istərsə də digər məsələlərdən Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Yəni, qərb ölkələrinin özündə hansısa bir problem oldu-olmadı, bir tərəfə qoyaq. Onların yanaşması sadəcə olaraq, daxildə olan bəzi qüvvələrlə - hansı ki, onlar qrant alveri edirlər - xaricdə oturub Azərbaycana təzyiq etmək istəyən dövlətlərin iş birliyidir. Fransa özü bütün qaydaları pozub. Bu yaxınlarda Fransanın bir şəhəri Azərbaycanın işğal altında olan Şuşa şəhəri ilə "qardaşlaşmış şəhər” olaraq sənəd imzalayıb. Bilirlər ki, Şuşa işğalçı Ermənistanın nəzarəti altındadır. Özü də Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Ona görə də belə addımları görəndə qətiyyən təəccüblənmirəm. Fransa daxilində hansı hüquq pozuntularının olduğunu, nümayişçilərə necə təzyiq göstərildiyini, insan haqlarının necə pozulduğunu da vurğulamaq lazımdır. Təbii ki, onların məqsədi Azərbaycanı zəiflətməkdir, ölkə daxilində istənilən bir məsələdən yapışıb təzyiqləri artırmaqdır və bununla yanaşı, müəyyən məsələləri dövlətimizə diktə etməyə çalışmaqdır”.
F.Quliyev bildirdi ki, erməni diasporunun bu məsələdə rolu istisna olunmur: "Amma məsələ ondadır ki, bu dövlətin mahiyyəti budur. Fransa Ermənistanı özünün kiçik bacısı adlandırır və birmənalı şəkildə Makron tərəfindən elan olunub ki, Ermənistanın mövqelərini müdafiə edəcəklər. İşğalçı dövlətin mövqelərini müdafiə eləmək nə qədər doğrudur? Amma Suriyadan geri çəkilməklə bağlı bildirirlər ki, burada ədalət bərpa olunmayanadək oradan çıxmayacağıq. Necə olur ki, oradan ədalət bərpa olunmayanadək çıxmırsan, amma Ermənistan Azərbaycanın torpaqlarını işğal etdiyi halda, ona sanksiya tətbiq etmirsən? Ona görə də indiki yaranmış durum təkcə erməni diasporunun işi deyil, bu həm də Fransa dövlətinin mahiyyətidir”.

BƏXTİYAR
Bu xəbər oxucular tərəfindən 1164 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed