Şrift:
ABŞ-da köləliyi tarixə gömən Martin Lüter Kinq - QARADƏRİLİLƏRİN QARANLIQ TALEYİNƏ DOĞAN GÜNƏŞ
17.01.2019 [11:47] - Xəbərlər, DAVAMın yazıları
90 il əvvəl – 15 yanvar 1929-cu ildə ABŞ-da qaradərililərin haqları uğrunda mübarizə aparan Martin Lüter Kinq dünyaya gəlib. Onun parlaq fikirləri, 1963-cü ildəki “Mənim arzum var” çıxışı o vaxt milyonlarla insanı ayrıseçkilik yaradan mövcud qanunları dəyişməyə ruhlandırmışdı.

“…Hər kəsə bəlli etməliyik ki, bütün insanlar bərabərdir. Arzu edirəm ki, mənim dörd övladım bir gün elə bir ölkədə yaşasın ki, orda onlar dərisinin rənginə görə deyil, insani xüsusiyyətlərinə görə mühakimə olunsunlar! Arzum budur ki, irqçiliyin dəhşətli dərəcədə yayıldığı Alabama ştatında bir gün ağdərili və qaradərili oğlan və qızlar əl-ələ verərək bacı-qardaş kimi gəzsinlər! Arzu edirəm ki, bir gün dərələr böyüsün, dağ və təpələr ensin, kələ-kötür yerlər hamarlansın, əyri-üyrü yollar düzəldilsin, Tanrı gözəlliyi zühur etsin və hər kəs buna şahid olsun! Biz buna ümid edirik və mən elə bu inamla Cənuba dönürəm. Bu inam bizi birgə çalışmağa, birgə ibadət eləməyə, birgə mübarizə aparmağa, məhbəsə birgə düşməyə, bir gün azad olacağımızı bilərək azadlıq üçün birgə çarpışmağımıza kömək edəcək…”, – deyə Martin Lüter Kinq demişdi.

Onun bu çıxışı ABŞ Natiqlik Sənəti Birliyi tərəfindən 20-ci əsrin ən yaxşı çıxışı seçilmidi…

Amerika qitəsinin ağdərili müstəmləkəçiləri hindi əhalini öz iradələri xaricində işlədə bilmədikləri üçün 17 əsrin əvvəllərində Afrikadan qaradərililəri gətirməyə başladılar.

Əvvəllər qaradərililər öz iradələri ilə çalışan muzdlu işçilər hesab olunurdular. Lakin çox keçmədən işəgötürənlər gördülər ki, insanlara əməklərinin müqabilində ödəniş etməmək daha yaxşı, köləliyi qanuniləşdirmək daha sərfəlidir.

1641-ci ildə Massaçusetsdə qaradərililərin xidmət müddətini ömürlük etdilər. 1661-ci ildən Virciniyada ananın köləliyi övladınlarına miras qalmağa başladı. 1963-cü ildə Merilənddə, 1665-ci ildə Nyu-Yorkda, 1682-ci ildə Cənubi Karolinada, 1715-ci ildə isə Şimali Karolinada köləlik haqda qanun qəbul olundu. Sonra digər bölgələrdə də analoji qanunlar ortaya çıxmağa başladı və qaradərililər tamamən köləyə çevrildilər.

Onlara daha çox cənub ştatlarda rast gəlmək olardı. Orada qaradərili kölələri pambıq plantasiyalarında işlədirdilər. ABŞ-dakı vətəndaş müharibəsinin (1861−1865) əvvəllərində kölələyin saxlanıldığı ştatların 12 milyonluq əhalisinin üçdə biri kölələr idi.

ABŞ-da köləliyi tarixə gömən Martin Lüter Kinq - QARADƏRİLİLƏRİN QARANLIQ TALEYİNƏ DOĞAN GÜNƏŞ

Kinqin bərabər hüquqlar uğrunda mübarizəsi 1963-cü ilin avqust ayında ölkə miqyasında hərəkata çevrildi. Həmin vaxt Vaşinqtonda keçirilən mitinqə 250 min insan qatılmışdı.

Kinqin başçılıq etdiyi mitinqin məqsədi qanunvericilərə irqi ayrıseçkiliyə son qoyacaq vətəndaş hüquqlarına dair qanun layihəsini qəbul etdirmək üçün təzyiq göstərmək idi.

1955-ci ildə qaradərili məktəbli qız Klodett Kolvin Montoqomeridə avtobusda öz yerini ağ amerikalıya verməkdən imtina etmişdi. Yazılı qaydalara görə, qız 1890-cı ildən 1964-dək cənub ştatlarında işlək olan Cim Krou qanunlarını pozmuşdu.

Həmin qanunlar ictimai nəqliyyatda, restoranlarda, mehmanxanalarda, mağazalarda, hətta tualetlərdə irqi ayrıseçkilik nəzərdə tutulurdu. Məhkəmə zalında belə, ağlar və qaradərililər “İncil”in ayrı-ayrı nümunələrinə and içirdilər.

Bundan başqa, qaradərililər savadları və maddi durumları ilə bağlı xüsusi imtahan verməli idilər. Bunun nəticəsi olaraq isə onların böyük bir qismi səsvermə hüququndan məhrum edilirdi.

Ağlar və qaradərililər üçün ayrı zalların olmasına qarşı Martin Lüter də mübarizə aparmışdı. Mübarizə mexanizmləri kimi də o, hind xalqının atası Mahatma Qandinin dinc müqavimət taktikasını əsas götürürdü. Bu mübarizə metodu ağların bir çoxunun rəğbətini qazanmışdı.

ABŞ-da köləliyi tarixə gömən Martin Lüter Kinq - QARADƏRİLİLƏRİN QARANLIQ TALEYİNƏ DOĞAN GÜNƏŞ

1964-cü ildə ayrıseçkilik yaradan bütün qanunlar ləğv olundu. Elə həmin il Martin Lüter Kinq Nobel mükafatına layiq görüldü. Prezident Lindon Conson Vətəndaş Hüquqları Aktına, sonrakı il isə Səsvermə Hüquqları Aktına imza atdı. Bu sənədlər ictimai yerlərdə irqi ayrı-seçkiliyi qadağan etdi və qaradərililərin səsvermə hüququndan məhrum edilməsi təcrübəsinə son qoydu.

1865-ci ildə ABŞ Konstitusiyasına 13-cü düzəliş qəbul olundu. Bu düzəliş köləliyi tamamən qadağan edirdi.

Kinqin mübarizəsi heç də asan olmamışdı. Dəfələrlə həbs olunmuşdu. Hökumət Kinqin telefon danışıqlarını dinləyirdi, Federal Təhqiqatlar Bürosu isə onun Cənub Xristian Liderliyi Konfransını kommunist ideyalarının və sovet casuslarının qalası hesab edirdi.

1968-ci ildə Martin Lüter Kinq qətlə yetirildi. Ağ residivist Ceyms Erl Rey qətli törətdiyini etiraf etsə də, bugünədək çoxları Martin Lüterin öldürülməsini qaradərililərə vətəndaş hüquqlarının verilməsini yolverilməz sayan nəhəng güclərin sövdələşməsinin nəticəsi kimi qəbul edir.

Birləşmiş Ştatlarda müxtəlif irqlərin təmsilçilərin qarşı ayrıseçkiliyin dərin kökləri var. Bu, bir çox hallarda ölkənin ağdərili sakinlərinin keçmişdəki dünyagörüşü ilə bağlıdır. Yeni qitəyə hakim olan avropalı müstəmləkəçilərin əksəriyyəti qatı dindar (xristian) idi. Onlar üçün nə yəhudi vardı, nə skif, nə azad, nə kölə. Lakin Məsih hər şeydə və hər yerdə idi…

Ağ amerikalılar isə deyirdilər ki, Afrikanın qaradərili sakinlərini qul kimi işlətməyi Allah özü buyurub. Qaradərili amerikalıları hətta prezident Avraam Linkoln da ağlarla bir tutmurdu. Halbuki Konstitusiyaya köləliyin ləğvi haqda edilən 13-cü düzəlişin müəllifi o idi.

İndi Linkoln irqi ayrıseçkiliyə qarşı mübarizə aparmış biri kimi tanınır. Amma özü kölə əməyinə daha çox iqtisadi faktorlara görə qarşı çıxmışdı. Sənayesi inkişaf etmiş şimal ştatları cənubdakı plantasiyalarda işləyən kölələrə yox, ixtisaslaşmış, təcrübəli işçilərə ehtiyac duyurdu.

Linkoln hesab edirdi ki, ağlarla qaradərililərin bərabərliyi Birləşmiş Ştatlarda fəlakətə gətirib çıxara bilər. Köləliyin ləğvindən üç il əvvəl – 1862-ci ildə Linkoln jurnalist Xoras Qrilə məktub yazaraq təklif etmişdi ki, qaradərililəri geriyə – Afrikaya göndərmək lazımdır.

«Mən zəncinin sosial və siyasi həyatımıza bizə bərabər biri kimi inteqrasiyasından böyük fəlakət təsəvvür edə bilmirəm… İyirmi il ərzində biz zənciləri dinc şəkildə köçürə bilərik. Orada onlar tamamən insan ola bilərlər. Bu, burada bu heç vaxt mümkün olmayacaq… Mən zəncilərə səsvermə hüququnun və məhkəmədə jüri üzvü olmaq hüququnun verilməsinin, hökumətdə təmsil olunmalarının, ağlarla nikah bağlamalarının heç vaxt tərəfdarı olmamışam”, – deyə Linkoln məktubda yazırdı.

ABŞ-da köləliyi tarixə gömən Martin Lüter Kinq - QARADƏRİLİLƏRİN QARANLIQ TALEYİNƏ DOĞAN GÜNƏŞ

Qaradərililər azadlıq əldə etsə də, ağlarla bərabər hüquqlara sahib deyildilər. Amerikalıların əksəriyyəti onları “ikinci sort” adam hesab edirdi.

Çoxları düşünürdü ki, qaradərililər təhlülkəli xəstəliklərin daşıyıcılarıdılar. Ona görə də ağlar onlarla eyni tualetə getmir, eyni zalda və kafedə oturmurdular. Heç bir sübutu olmayan bu qorxular Cim Krounun qanunlarında yerini almışdı. Ona görə də zəncilərin linç edilməsi və Ku-kluks-klan (Quldarlığın ləğvindən sonra cənub ştatların plantasiya sahibləri tərəfindən zəncilərin vətəndaşlıq hüququ uğrunda mübarizələrinə qarşı ABŞ-da yaradılmış irqçi təşkilat) kimi təşkilatların fəallığı təsadüf deyildi.

Martin Lüterin ölümündən sonra afroamerikalılar bütün vətəndaşlıq haqlarına sahib oldular. Həmçinin işə və təhsil müəssisələrinə qəbul zamanı xüsusi kvota əldə etdilər. Afroamerikalılar hazırda ABŞ əhalisinin ən azı 15 faizini təşkil edirlər.

Bu gün ABŞ qanunvericiliyində ölkə sakinlərini rənginə görə ayıran normalar artıq yoxdur. Martin Lüter isə Amerikanın milli qəhrəmanı hesab olunur və Birləşmiş Ştatlarda vətəndaş hüquqları uğrunda mübarizənin rəmzinə çevrilib. 2008-ci ildə isə Barak Obamanın seçkilərdə qələbə qazanması ilə ABŞ tarixində ilk dəfə olaraq qaradərili şəxs prezident postunu tutdu…

Enter.News
Bu xəbər oxucular tərəfindən 187 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed