Şrift:
Astaranın Ərçivan qəsəbəsindəki məscidin yaşı 500 ildən çoxdur
18.01.2019 [09:59] - Gündəm, İslam dini
Azərbaycanın ən qədim məscidlərindən biri Astara rayonunun Ərçivan qəsəbəsində yerləşir.

Məhəmməd Hənəfiyyə məscidi kimi tanınan bu tarixi abidənin yaşı 500 ildən çoxdur.

Kənd sakinlərinin sözlərinə görə, məscid 1499-cu ildə Şah İsmayıl Xətainin babası Şeyx Cüneyd tərəfindən inşa olunub. Sonralar dağıntılara məruz qalmış bu tarixi abidənin özülü üzərində yeni məscid tikilib. Məscidin tikintisində diqqəti cəlb edən amillərdən biri də odur ki, bu ibadətgahın özülü qibləyə deyil, əks istiqamətdə qazılıb.

Məhəmməd Hənəfiyyə məscidi qırmızı kərpicdən tikilib, tavanı isə taxtadandır. Məscid kişilərin və qadınların ayrıca ibadət etməsi məqsədilə iki hissədən ibarətdir. Binanın dam hissəsində azan vermək üçün 7 pilləli ağac materialından, hündürlüyü 3 metr olan minarə tikilib. Əvvəllər məscid iki mərtəbədən ibarət olub.

Tarixi məlumatlara görə, Şah İsmayıl Xətai bu məsciddə namaz qılıb. Səfəvilər dövlətinin gələcək banisi, balaca İsmayıl Ağqoyunlu Rüstəm padşahın təqiblərindən qorunmaq üçün 6 il Lahicanda yaşayıb, 1499-cu ilin avqustunda isə tərəfdarlarının müşayiətilə Astara rayonunun Ərçivan kəndinə gələrək, 1499-1500-cü ilin qışını burada keçirib.

Hazırda Məhəmməd Hənəfiyyə məscidi XIX əsr memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb və qorunur.
Bu xəbər oxucular tərəfindən 41 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed