Şrift:
"Məqsəd Azərbaycanla Avropa qurumları arasında münasibətləri zəiflətməkdir" MÖVQE-ÖZƏL
19.01.2019 [12:48] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Azərbaycan hər zaman beynəlxalq təşkilatlar, Qərb dövlətləri və təsisatlarla uğurlu əməkdaşlıq edir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında da bildirdi ki, ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlıq əsasında növbəti saziş hazırlanır. Amma məsələ ondadır ki, bu təsisatlarda Azərbaycanın əleyihə olan, erməni lobbisi tərəfindən həvəsləndirilən bir çoxları Azərbaycan-Aİ arasında münasibətlərin inkişafını istəmir, əksinə daha da pisləşməsinə dair müxtəlif addımlar atırlar”. Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Fərəc Quliyev Avropa Parlamenti tərəfindən “Mehman Hüseynovla bağlı təcili qətnamə”nin qəbuluna münasibət bildirərkən deyib.

O bildirib ki, istər Avropa təsisatları, istərsə də Qərb dövlətlərinin bir insan haqqı ilə bağlı bu qədər danışmasının arxasında başqa məqamlar dayanır: “Mən dəfələrlə Avronest çərçivəsində İspaniya, Belçika, Fransada hətta Ermənistanın özündə məsələ qaldıraraq bildirmişəm ki, Kəlbəcərdən girov götürülən qadınlar qızıl mədənlərində qul kimi işlədirlər. heç bu haqda bir kəlmə belə danışılmadı, nə də əməli şəkildə ortaya gətirilmədi. 1 milyondan çox qaçqın və məcburi köçkünlərin hüquqları pozularaq evlərindən didərgin düşüb, əmlakı talan edilib. Qərbi Azərbaycandan 200 mindən çox insan qovulub. Dəfələrlə bu məsələləri qaldırsaq da, bir dəfə də olsun buna münasibət bildirilməyib. Bütün bunlar göstərir ki, Azərbaycana düşmən mövqe tutan ölkələrin, onların məmurlarının, Ermənistanın konyak diplomatiyasının, lobbisinin təsiri altında olan bir qrup şəxsin oyunudur və məqsəd Azərbaycanla Avropa qurumları arasında münasibətləri zəiflətməkdir ”.

Anti-Azərbaycan qətnaməsinin əsassız, heç bir insan hüququna aid olmayan, siyasi təzyiqlərlə hesablanan davranış olduğunu dilə gətirən F.Quliyev söyləyib ki, Azərbaycanın öz inkişaf yolu, bütün məsələlərə o cümlədən demokratik inkişafa öz baxışı var və ölkəyə kənardan zorla hər hansı şərtin qəbul etdirilməsi mümkün deyil.

Müəllif: Nailə Məhərrəmova
Bu xəbər oxucular tərəfindən 491 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed