Şrift:
“Üçüncü günün adamı” filmi Bolqarıstanda nümayiş etdirilib
23.01.2019 [11:14] - Gündəm, Mədəniyyət
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının “Üçüncü günün adamı” bədii filmi Bolqarıstanda keçirilən 11-ci Sofiya MENAR Film Festivalı çərçivəsində nümayiş etdirilib. Filmin təqdimatı Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə Sofiyanın “Kino Evində” keçirilmiş Azərbaycan kino gecəsində baş tutub.

Gecəni açan MENAR Film Festivalının təşkilatçıları Zdravko Grigorov və Angel Hadjiyski filmin nümayiş olunacağı vaxtlar barədə məlumat verib.

Sonra çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova ötən il Azərbaycan kinosunun 120 illik yubileyinin qeyd olunduğunu qonaqların diqqətinə çatdıraraq il ərzində Azərbaycan filmlərinin Bolqarıstanın Sofiya, Burqas, Varna, Plovdiv, Sozopol və Ruyen şəhərlərində nümayiş etdirildiyini bildirib. “Üçüncü günün adamı” filminin ssenarisindən söz açan səfir onun 2014-cü ildə ölkəmizin işğal olunmuş Kəlbəcər rayonunda valideynlərinin qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərovun və Şahbaz Quliyevin taleyini əks etdirdiyini söyləyib. Beynəlxalq ictimaiyyət tərəfindən sərt qınağa baxmayaraq, Dilqəm Əsgərovun və Şahbaz Quliyevin hələ də əsirlikdə olduğu vurğulanıb. Azərbaycanın işğal olunmuş ərazilərində qondarma separatçı rejim tərəfindən onlar üzərində qurulmuş saxta “məhkəmə prosesi” nəticəsində Dilqəm Əsgərovun ömürlük, Şahbaz Quliyevin isə 22 il müddətə azadlıqdan məhrum edildiyini bildirən səfir “Üçüncü günün adamı” filmində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma evlərindən didərgin salınmış bir milyon azərbaycanlının faciəsindən bəhs olunduğunu diqqətə çatdırıb. O, həmçinin sözügedən filmin 2017-ci ildə Kanadada 41-ci Monreal Dünya Film Festivalı və Misirdə 39-cu Qahirə Beynəlxalq Film Festivalında nümayiş etdirildiyini, 5-ci Antakya Beynəlxalq Film Festivalında isə “Ən yaxşı kişi roluna görə” mükafatına layiq görüldüyünü qeyd edib.

Gecədə Bolqarıstanın dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin səfirliklərinin nümayəndələri, incəsənət xadimləri, iş adamları və kinosevərlər iştirak ediblər.

Qeyd edək ki, “Üçüncü günün adamı” filmi MENAR Festivalı çərçivəsində üç fərqli kinoteatrda nümayiş etdiriləcək.

İqbal Hacıyev
Bu xəbər oxucular tərəfindən 513 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed