Şrift:
Moskvada Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
24.01.2019 [09:13] - Xəbərlər, Siyasət
Moskvada Rusiya və Türkiyə prezidentlərinin görüşü olub.

Görüşün yekunlarına dair keçirilən mətbuat konfransında Prezident Vladimir Putin Türkiyə Prezidenti ilə görüşün səmərəli olduğunu bildirib. Qeyd edib ki, aparılan müzakirələr Rusiya-Türkiyə münasibətlərinin mehriban qonşuluq şəraitində inkişafına kömək edəcək. O, Suriya münaqişəsinin nizama salınmasına dair Rusiya, Türkiyə və İran dövlət başçılarının Sammitinin belə səmərəli görüşlərdən olduğunu vurğulayaraq növbəti Sammitin Rusiyada keçiriləcəyini deyib. Vladimir Putin növbəti görüşün təxmini tarixi ilə bağlı da razılığın əldə edildiyini söyləyib.

Prezident Vladimir Putin energetika sahəsində əlaqələrin inkişafından danışıb. 2018-ci ilin noyabrında “Türk axını” qaz kəmərinin dənizdən keçən hissəsinin tikintisinin başa çatması ilə bağlı mərasimdə Türkiyə Prezidenti ilə birlikdə iştirakını xatırlayan Vladimir Putin bildirib ki, Rusiya bu boru kəmərinin qurudan keçən hissəsinin tikintisinin cari ilin sonunadək başa çatacağına ümid bəsləyir. V.Putin, həmçinin “Akkuyu” atom elektrik stansiyasının birinci blokunun Türkiyə Respubkikasının 100 illik yubileyi münasibətilə 2023-cü ildə istismara veriləcəyini vəd edib.

Rusiya lideri Suriya münaqişəsinin nizama salınması, Suriya ərazisində terror qruplaşmalarının tamamilə məhv edilməsi, İdlibdə sabitliyin bərqərar edilməsi məsələlərinin də danışıqlar mövzusu oladuğunu diqqətə çatdırıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kerç körfəzində baş vermiş faciədə ölənlərin ailələrinə başsağlığı verib, yaralılara şəfa diləyib.

Prezident Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Rusiya ilə bütün sahələrdə əməkdaşlıq əlaqələri inkişaf edir, “Türk axını” və “Akkuyu” layihələrinin reallaşması istiqamətində işlər davam etdirilir. Ötən il 6 milyona yaxın rusiyalı turistin Türkiyəyə səfər etdiyini vurğulayan Prezident bu il turistlərin sayının daha da artacağına ümid bəslədiyini qeyd edib.

Türkiyə Prezidenti Suriyanın terror qruplaşmalardan təmizlənməsinin vacibliyini vurğulayıb. Prezident Rəcəb Tayyip Ərdoğan 4 milyon suriyalı qaçqını qəbul etmiş bir ölkə kimi Türkiyənin bu məsələ ilə bağlı ciddi narahatlığını ifadə edib.



Fəridə Abdullayeva
Bu xəbər oxucular tərəfindən 532 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed