Şrift:
Dünya Azərbaycanın potensial risqlərdən qorunmaq üçün düz yolda olduğunu Davosda bir daha gördü...
24.01.2019 [09:32] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Azərbaycanın kompleks şəkildə apardığı siyasət həmin potensial risqlərdən qorunmaq üçün baza yaradır”

Fərəc Quliyev: “Ölkəmizin yaxın qonşularla “sıfır problem” siyasəti yürütməsi...”

Azərbaycan Prezidenti İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində Azərbaycanın üzləşə biləcəyi potensial risqlər və onlardan qoruna bildiyimizlə bağlı fikirlər də səsləndirib.
O qeyd edib ki, Azərbaycan təcrübəsi, bizim əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir: “Biz o qədər də sabit olmayan bir regionda yaşayırıq. Sərhədlərimizə yaxın zonada gərgin vəziyyət müşahidə olunur. Biz yeni münaqişə mənbələrini, yeni risq mənbələrini görürük. Buna görə də bizim əsas məqsədimiz Azərbaycanı potensial risqlərdən qorumaqdır. Bunun üçün biz daxildə güclü olmalıyıq. Bunun üçün bizim qonşularımızla yaxşı münasibətlərimiz olmalıdır və bizim belə münasibətlərimiz var. Həmçinin, dünyanın aparıcı mərkəzləri ilə də yaxşı münasibətlərimiz olmalıdır”.
Ölkə başçısı qeyd edib ki, beynəlxalq siyasət nöqteyi-nəzərindən əsas məqsədimiz elə bir xarici siyasətdən ibarətdir ki, onun ölkənin daxili vəziyyətinə müsbət təsiri olsun, bütün növ risqləri azaltsın: ”Zənnimcə, biz buna nail olmuşuq, çünki Azərbaycanda insanlar dinc şəraitdə yaşayır və ölkə sabitdir. Biz gələcəkdə nəyin olacağını bilmirik”.
Göründüyü kimi, ölkə başçısı Azərbaycanın bütün növ potensial risqlərdən özünü qorumağa nail olduğunu bildirib. Azərbaycan özünü risqlərdən qorumaq sahəsindəki uğurlu nəticələrə nəyin hesabına nail olub?

Millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkə başçısının müsahibədə toxunduğu məlum məqam çox əsaslandırılmış dəlillərə söykənir: “Həmin müsahibədə biz Prezidentin bir çox prinsipial məsələlərə toxunduğunun şahidi olduq. Sizin qeyd etdiyiniz məqam da olduca önəmlidir. Mən xüsusilə də ölkə başçısının KTMT ilə bağlı verdiyi korrekt bəyanatı da xüsusi qeyd etmək istərdim. Çünki çoxları Azərbaycanın guya həmin təşkilata üzv olacağı ilə bağlı yersiz söhbətlər edirdi. Prezident verdiyi cavabla bu məsələyə birdəfəlik son qoydu və aydın oldu ki, Azərbaycan Ermənistanla bərabər eyni hərbi təşkilata üzv olmayacaq. Azərbaycanın kompleks şəkildə apardığı siyasət həmin potensial risqlərdən qorunmaq üçün baza yaradır. Azərbaycanın qonşularla “sıfır problem” siyasəti yürütməsi, bütün istiqamətləri birləşdirən tranzit ölkə olmaqla yanaşı, həm də karbohidrogen ehtiyatları istehasl edən ölkə olması, Avropanın enerji təhlükəsizliyi məsələsində oynadığı rol ölkəmizin dəyərini daha da artırdı və bizə qonşu ölkələr tərəfindən təhdidi neytrallaşdırmış oldu. Ölkəmiz, eyni zamanda, bütün ölkələrdə iqtisadi maraqlarını da təmin edib. Xarici amillər bu siyasətin nəticəsində yerində oturuşub. Daxili amillər isə bir çox məsələlərlə bağlı düzgün siyasətin yürüdlməsi hesabına neytrallaşdırılıb. Xüsusilə də Dağlıq Qarabağ problemilə bağlı kəskin, sərt mövqenin ortaya qoyulması daxildə hamı tərəfindən dəstəklənir. Prezident bununla bağlı da bildirdi ki, beynəlxalq hüquq bizim tərəfimizdə olsa da, problemin həlli uzadılır. Ölkə başçısı bəyan etdi ki, Azərbaycan ərazi bütövlüyü məsələsində kiməsə güzəştə gedən deyil. Bu da ölkə əhalisinin Prezidentin arxasında olmasını təmin edən məsələlərdən biridir. Son zamanlar aparılan struktur islahatlarında nümayiş olunan qətiyyət, əhalinin istəyinə uyğun olan siyasətin formalaşmasına çalışmaq, qeyri-neft sektorunun inkişafı, məşğulluq məsələsi ilə bağlı atılan addımlar Prezidentin belə bəyanat verməsini bazalaşdırır. Çünki bütün bunlar da daxili risqləri neytrallaşdırmış olur. Bu, əsaslandırılmış bir yanaşmadır, söz olaraq deyilməyib. Təbii ki, bəzi sahələrdə çətinliklərimiz də var. Onların da aradan qaldırılması istiqamətində praqmatik yanaşmalar ortaya qoyulur. Bu baxımdan, ölkə başçısının səsləndirdiyi fikirləri tam əsaslı sayıram”.
Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 583 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed